AZ

“Hökumət qarşısına bununla bağlı məqsəd qoymalıdır” - Natiq Cəfərli

Bir neçə gün öncə Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib ki, Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasını planlaşdırır.  

Qeyd edək ki, sonuncu dəfə hazırlanan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi dövlət proqramı  2019–2023-cü illəri əhatə etmişdi. 

Növbəti 5 ili əhatə edəcək bu proqramın prioritet istiqamət nə olmalıdır? Ümumiyyətlə, bu dövlət proqramının əsas məqsədi, vəzifələri nədir? Bu proqramın qəbulu niyə bir il ləngidi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki,  2020-ci ildən yeni proqramın qəbulu ilə bağlı müzakirələr var idi:

“İşğaldan azad edilən torpaqlarda quruculuq işləri, bunun da ayrıca bir proqram kimi regionların inkişaf proqramına daxil edilməsi və yaxud işğaldan azad edilmiş hər bir rayonla bağlı ayrıca bir proqramın qəbul edilməsi məsələsi gündəmə gəldi deyə, görünür, bu proqramın qəbulu ləngidi. 

Ekspert deyir ki, regionların inkişafı ilə bağlı bu günə qədər qəbul olunmuş proqramlarda ölçülə bilən kriterlərinin əvvəlcədən qoyulmaması doğru deyil:

“Məsələn, bu proqram yerinə yetirildikdən sonra regionların büdcənin formalaşmasında, ixracatda, iş yerlərinin yaradılmasında payı neçə faiz olacaq və s. ilə bağlı meyar qəbul edilməli idi.  Bu kriterlər qoyulmadı, proqram ümumiləşdirilmiş sözlərdən ibarət oldu”. 

Ötən dövr ərzində bu proqram regionların sosial-iqtisadi vəziyyətinə necə təsir etdi, sualına cavab olaraq iqtisadçı bildirib ki,  əsasən infrastruktur layihələri yerinə yetirildi və kifayət qədər irəliləyiş oldu:

“Regionlarda elektrik enerjisi, yollar, qazla təminat kimi məsələlələ bağlır problemlər hələ də qalsa da,  böyük ölçüdə məsələ həll olundu. Amma hələ də regionların son 20 ildə büdcənin formalaşmasında, xarici ticarətdə faiz nisbətində payı artmayıb. Mütləq rəqəmlərdə artım olsa da , faiz nisbətində payı artmayıb.  Bu isə o deməkdir hələ də regionlardan Bakıya, Abşerona köç davam edir. İş yerlərinin yaradılması, regionlarda iqtisadi aktivliyin artırılması ilə bağlı hələ də problemlər mövcuddur”.

Natiq Cəfərli qeyd edib ki,  yeni proqram qəbul ediləcəksə, hökumət qarşısına bununla bağlı ölçülə bilər məqsəd qoymalıdır:

“Bizim isə cəmiyyət olaraq onu rəqəmlərlə ölçə bilmək qabiliyyətimiz olmalıdır. Əgər bu proqram 2025-ci ildə qəbul ediləcəksə, 2030-cu ildə büdcənin formalaşmasında regionların payı, xarici ticarəti, yeni  iş yerlərinin yaradılması ilə bağlı göstəricilər indiki faiz nisbəti ilə açıqlanmalıdır. Ən azından bu 3 kriter olmasa, proqram yenə ümumi sözlərdən ibarət olacaq ki, bu da ciddi bir effekt verməyəcək.  Ona görə də həmin məlumatlar ictimaiyyətə açıq olmalı, kifayət qədər ciddi müzakirə edilməlidir”.

Davud

phrase_var_article.chosen
15
valyuta.az

1phrase_var_article.sources