AZ

MPL-in yarıyol mənzərəsi: Nə "qış çempionu" bəllidir, nə də autsayder

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Misli Premyer Liqasının ilk yarısının başa çatmasına 1 tur qalıb. Əlbəttə, bu dəfə fasilə əvvəlkilərdən daha qısa olacaq. 18-ci turun son oyunu dekabrın 22-də keçiriləcəksə, komadalar yanvarın 17-də yenidən mübarizəyə başlayacaqlar. Turnir cədvəlinə diqqət yetirsək, yetərincə rəqabətli mənzərəyə görərik. Üst pillələrdə qərarlaşan komandalardan heç birinin belə desək, rahat nəfəs almaq imkanı yoxdursa, hansısa aşkar autsayderdən danışmaq da çətin məsələdir. Hələ heç "qış çempionu"nun hansı kollektiv olacağı da bəlli deyil. Bu yazıda həm mövsümün geridə qalan bölümünə nəzər salacaq, həm də 18-ci turun nələri dəyişə biləcəyindən danışacağıq.

Yarı olmamış yarısı gedib

Hər şeydən öncə baş məşqçi dəyişikliklərini vurğulamalıyıq. Artıq 10 çempionat iştirakçısından 5-də, yəni komandaların tən yarısında çalışdırıcı istefası reallaşıb. Roman Qriqorçuk "Neftçi"dən, Adil Şükürov "Kəpəz"dən, Samir Abasov "Sumqayıt"dan, Krunoslav Renduliç "Sabah"dan, Şahin Diniyev isə "Səbail"dən ayrılıb. İndilik yalnız "Səbail"dəki dəyişikliyin xüsusi canlanma ilə müşahidə edilmədiyini söyləmək olar. Diniyevin yerini tutan Cavid Hüseynov "dənizçilər"in baş məşqçi postunda 4-cü matçında ilk xalını qazanıb və bu, MPL-in 17-ci turu çərçivəsində baş tutan görüşə - "Şamaxı" ilə səfər qarşılaşmasına təsadüf edib. Qalan mütəxəssislər xələflərindən daha yaxşı performans sərgiləyiblər. Hətta Qriqorçuku "Neftçi"də əvəzləyən Abasovun yerini tutan Vaqif Cavadov da elita komandasında ilk dəfə əsas söz sahibi funksiyasını yerinə yetirməsinə rəğmən, bacarıqlı çalışdırıcı ola biləcəyini isbatlayıb. "Sabah"ın "sükanı arxası"na keçənə qədər baş məşqçi qismində fəaliyyət göstərməyən Vasili Berezutskinin gələndən bəri yenilgi tanımaması, son turda isə səfərdə lider "Araz-Naxçıvan" üzərində qələbəyə sevinərək (1:0) Naxçıvan komandasını "taxtdan salması" faktdır. 

İki əcnəbi var, ikisi də iddialı

MPL-dəki 10 komandanın 8-də yerli mütəxəssislər işləyir. "Turan Tovuz" və "Sabah" bu baxımdan fərqlənən kollektivlərdir. Gəlmə çalışdırıcıların rəhbərlik etdiyi komandaların hər ikisi iddialıdır. Kurban Berdiyevli Tovuz təmsilçisi 3-cü yerdədirsə, Renduliçin postunu tutan Berezutskinin Masazır komandası ilə Avropa səhnəsinə çıxmaq şansı da yetərincə realdır. Bəli, mayda nəyin necə olacağını dəqiqliklə proqnozlaşdırmaq təhlildən daha çox münəccimlik iddiasına bənzəyər, ancaq mövcud reallıqlar da var.

Hələ "qış çempionu" bilinmir

Lider "Qarabağ" 41 xalla zirvədə qərarlaşıbsa, cari mövsüm adından söz etdirən "Araz-Naxçıvan" 39 xalla 2-ci pillədə mövqe tutub. İlin son turunda məhz bu rəqiblər üz-üzə gələcəklər. Ötən oyunda "Sabah"a uduzan Naxçıvan təmsilçisi qarşıdakı dueldə "köhlən atlar"ı yenməyi bacarsa, "qış çempionu" adını qazanacaq. Mümkün qələbə və ya bərabərlik isə "Qarabağ"ın işinə yarayacaq. Maraqlıdır ki, bu komandalar çempionatın açılış matçında da qarşılaşıblar və həmin görüş Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Yalnız ikisinin mövqeyi dəyişməyəcək

31 xala malik "Turan Tovuz" 3-cü sıradadır və 18-ci turda "Neftçi"ni qəbul edəcək tovuzlular üçün bu görüş tunrir cədvəlində yerdəyişməyə səbəb olmayacaq. Yəni 4-cü yerdəki "Zirə"ni 4 xal qabaqlayan "boz qurdlar"ın artıq qış fasiləsinə 3-cü yerdə yollanacağı dəqiqləşib. Bu başqa məsələ ki, qarşısına avrokuboklara vəsiqə hədəfi qoyulan qərb təmsilçisi üçün "Neftçi" ilə oyun olduqca vacib qarşılaşmadır. Bakılılar üçün də həmçinin... 

Nəticədən asılı olmayaraq, aşağı və ya yuxarı doğru "hərəkət etməyəcək" digər kollektiv isə "Sumqayıt"dır. 19 xala malik "kimyaçılar" "Neftçi" Tovuzda 3 xal qazanaraq xallarının sayını 19-a çatdırsa belə, 7-ci sıraya düşməyəcəklər. Çünki tərəflərin şəxsi oyunlarında "gənclik şəhəri" təmsilçisinin üstünlüyü var. 26 xalla 5-ci yerdə boy göstərən "Sabah"a çatmaq isə riyazi cəhətdən mümkünsüzdür. 

"Zirzəmi" kimə qalacaq?

Autsayderlər zonasına baxsaq, qış fasiləsinə 10-cu - sonuncu pillədə iki komanda gedə bilər. 8-ci sıradakı "Şamaxı" üçün belə bir təhlükə mövcud deyil. "Aslanlar"ın 14 xalı var. Əksinə, "Şamaxı" öz meydanında "Sabah"ı yenə bilsə və 16 xal toplayan "Neftçi" Tovzudan məğlub dönsə, Ayxan Abbasovun rəhbərlik etdiyi bölgə komandası 7-ci sıraya yüksələcək.  Bu yöndə hər şeyə "Səbail" - "Zirə" və "Kəpəz" - "Sumqayıt" görüşlərinin nəticələri aydınlıq gətirəcək. Vəziyyətdən asılı olaraq "zirzəmi"də həm hazırda 9 xalı olan "Səbail"in, həm də 10 xal yığmış "Kəpəz"in qalması mümkündür.

Son söz əvəzi

Bu mövsüm yetərincə maraqlı və rəqabətli alınan MPL-dəki mübarizənin gələn il də eyni şəkildə davam etməsi hamımızın arzusudur. Təbii, hər klub mövcud mücadiləyə öz ambisiyaları prizmasından yanaşır, azarkeşlər dəstəklədikləri komandanın təqibçisindən daha çox aralanmasını istəyirlər ki, bu da başadüşüləndir. Hərçənd neytral futbolsevərlər üçün komandaların səviyyə yaxınlığı olduqca cəlbedici mənzərədir. Razılaşaq ki, bu gün yalnız "Qarabağ" bütün komponentlərdə digərlərindən bir addım öndədir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, hələ "köhlən atlar"ın da fasiləyə zirvədə yollanıb-yollanmayacağı qeyri-müəyyəndir. Deməli, bura qədər hər şey kifayət qədər maraqlı və mövsüm ərəfəsində arzuladığımız kimi alınıb. Ən yaxşısına ümid edək...

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


   


 

phrase_var_article.chosen
15
fanat.az

1phrase_var_article.sources