AZ

Gürcüstanın Baş naziri Avropa Şurasının Baş katibi ilə görüşüb

Tbilisi, 18 dekabr, AZƏRTAC

Gürcüstanda səfərdə olan Avropa Şurasının Baş katibi Alen Berset dekabrın 18-də Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.

Bildirilir ki, Alen Bersetin səfərinin əhəmiyyətini qeyd edən İrakli Kobaxidze Avropa Şurasının Gürcüstanda islahatların həyata keçirilməsinə və ölkənin Avropaya inteqrasiyası prosesinə mühüm töhfə verdiyini vurğulayıb.

Söhbət zamanı Gürcüstan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıqdan, ölkədə gedən proseslərdən söhbət açılıb.

“Çox mehriban, məhsuldar görüş keçirdik. Biz ölkədə gedən proseslərdən, Gürcüstanla Avropa Şurası arasında əməkdaşlıqdan danışdıq. Razılaşdıq ki, ölkəmizlə Avropa Şurası arasında sıx əməkdaşlıq davam edəcək. 1990-cı illərdən bizim çox sıx əməkdaşlığımız olub. Bu əməkdaşlığın mümkün qədər fəal davam etməsi bizim marağımızdır. Bu baxımdan Baş katibin rolu xüsusidir və biz əminik ki, ölkəmiz şəxsən Alen Bersetin bütün istiqamətlərdə dəstəyinə malik olacaq”, - deyə Baş nazir görüşdən sonra bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
21
4
azertag.az

5Mənbələr