AZ

Baş prokuror konfrans iştirakçıları ilə görüşüb


Dekabrın 18-də Baş prokuror Kamran Əliyev ölkəmizdə Türk Ədliyyə Təlim Şəbəkəsinin "Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan qonaqları salamlayan Baş prokuror tarixi bağları və ortaq dəyərləri olan qardaş və dost türk dövlətlərinin müxtəlif qurumları, o cümlədən prokurorluq və ədliyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib.

Baş prokuror Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

11 dekabr 2022-ci il tarixdə İstanbul şəhərində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin (Turkic Judicial Training Network) təsis edilməsinin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğu vurğulanıb.

Şəbəkənin üzv ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcəyi və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəyi qeyd olunub. 

Kamran Əliyev böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq mühafizə orqanlarının akademik dairələri arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçirilmiş konfransın müasir zamanın tələblərinə uyğun hüquq tətbiqetmə sahəsində rəqəmsallaşma üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Baş prokuror cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası - COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurla keçirildiyini bildirib.


Konfrans iştirakçıları göstərilmiş qonaqpərvərliyə görə təşəkkür ifadə edərək dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinə böyük önəm verdiklərini qeyd etmiş, peşəkar platformada, o cümlədən elm-tədris sahəsində əməkdaşlığın vacibliyini qeyd etmişlər.

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.

Sonda xatirə fotosu çəkilib.
 





 

Seçilən
15
11
7news.az

10Mənbələr