AZ

2025-ci ildə sülh sazişi imzalanacaq? - Elmar Məmmədyarovun PROQNOZU

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə jurnalistlərə açıqlamasında demişdi ki, Ermənistanla sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Nazir bildirib ki, 2 maddə ilə bağlı işlər davam edir: "Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Rusiya mətbuatına bugünkü müsahibəsində sülh məsələsinə toxunub. Dövlət başçısı deyib ki, tərəflər arasında razılaşdırılmamış iki maddə Ermənistan tərəfindən qəbul olunsa, bu Azərbaycanın şərtlərinin yerinə yetirilməsi demək olacaq. Prezidentin sözlərinə görə, həmin maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digər maddə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır.

"Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?", - Prezident vurulayıb.


2024-cü ilin başa çatmasına sayılı günlər qaldığından yanvaradək sülh sazişinin imzalanmayacağını əminliklə qeyd etmək olar. 

Bəs 2025-ci il üçün sülh sazişinin imzalanma prespektivləri varmı?
 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, razılaşdırlmamış iki bəndlə bağlı müzakirələr getməlidir:
 

“İki məsələ razılaşdırlmamış qalıb. Gərək danışıqlar davam etdirilsin və qalan iki bənd də razılaşdırılsın. Lakin əsas məsələ bu deyil. Əsas məsələ Ermənistanın qanunvericiliyinə dəyişiklik edilməsi, ərazi iddialarından imtina olunmasıdır. Bu, ciddi məsələdir. Baş nazir Paşinyan bu gün var, sabah yoxdur. Paşinyan sabah hakimiyyətdən getdikdən sonra onun yerinə Allah bilir kim gələcək. Yeni hakimiyyət müqaviləni Konstitusiya Məhkəməsinə göndərəcək ki, sülh sazişi Ermənistan konstitusiyaya uyğun deyil.

O baxımdan mən vaxtilə öz təkliflərimi vermişəm. Qeyd etmişəm ki, sülh sazişinin mətni razılaşıdırla və imzalana bilər. Amma əsas imzaları Ermənistan öz konstitusiyasını dəyşdirdikdən sonra atmaq olar”.

E.Məmmədyarov söyləyib ki, Paşinyan bir neçə dəfə Ermənistan üçün yeni konstitusiyanın hazırlanmalı olduğunu deyib:
 

“Artıq Paşinyan bununla bağlı xüsusi komissiya da yaradıb. Əvvəllər 2027-ci ildə konstitusiya dəyişikliklərinə gediləcəyi deyilirdi. Paşinyan həqiqətən də sülhə nail olmaq istəyirsə, konstitusiya dəyişikiliyi ilə bağlı məsələni referenduma çıxarmalıdır ki, ölkənin ali sənədi ərazi iddialarından təmizləsin”.

Seçilən
22
28
modern.az

10Mənbələr