2024-cü il dekabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) ilə birgə həyata keçirilən layihə çərçivəsində Daşkəsən rayonunda "Gender əsaslı zorakılıq əleyhinə mübarizə" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimin məqsədi iştirakçılara gender əsaslı zorakılıq və onun sosial nəticələri barədə məlumat vermək, bu mövzuda maarifləndirmə aparmaq idi.
Təlimçi, "Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a özəl açıqlamasında təlimin əhəmiyyətini vurğulayaraq, gender əsaslı zorakılığın dünyada geniş yayıldığını və buna qarşı mübarizənin vacibliyini qeyd edib. O, bu cür təlimlərin insanların düşüncə tərzində dəyişikliklərə yol açacağına inandığını bildirib: "İnsanlarda sosial normaların və stereotiplərin dağıdılması üçün belə təlimlərə çox böyük ehtiyac var. Əgər baxsaq, son illər ərzində gender əsaslı zorakılığa dair çoxsaylı maarifləndirmə tədbirləri keçirilsə də, zorakılıq hələ də artmaqdadır. Hər il dünyada hər üç qadından ikisi zorakılığa məruz qalır. Bu, həm fiziki, həm mənəvi, həm də psixoloji zorakılıqdır və nəticədə qadınlar zərər çəkir".
QHT sədri bu zorakılığın əsas səbəblərindən birinin sosial normalar və stereotiplər olduğunu qeyd edərək, bu məsələnin dəyişdirilməsi üçün daha çox maarifləndirmə fəaliyyətinə ehtiyac olduğunu vurğulayıb: "Təlimdə iştirak edənlər təlimin çox faydalı olduğunu və belə tədbirlərin tez-tez keçirilməsini xahiş ediblər. Onlar, həmçinin, sığınacaqlar haqqında məlumat verən təşkilat haqqında da məlumat alıblar".
Südabə Məmmədova, gələn ildən etibarən, bu təlimləri digər rayon və kəndlərdə də keçirəcəklərini bildirib. "Biz təlimləri daha çox bölgələrdə, kəndlərdə təşkil etməyi planlaşdırırıq. İştirakçılar çox maraqla qarşılayıb və bu tədbirlərin daha tez-tez keçirilməsini istəyirlər", - deyə təlimçi qeyd edib.
Pərvanə Fərhadqızı
QHT.az