AZ

200 minlik Əsəd ordusunun çöküşünün səbəbləri - Hərbçilər danışır/Foto

Suriyada 61 illik Baas rejiminin 12 gün içərisində çökməsi müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Suriyaya qaçan Bəşər Əsədin hərbçiləri çöküşün əsl səbəblərini açıqlayıblar. Bir zamanlar 200 min nəfərə yaxın heyəti olan Suriya ordusunun silahlı müxaliflərə qarşı heç bir müqavimət göstərməməsi, onu deməyə imkan verir ki, əslində Əsəd hərbçiləri son 12 gün içərisində deyil, daha öncədən təslim olmuşdular.

Əsəd ordusunun zabiti Vasim Ahmed mətbuata açıqlamasında "Suriya ordusu sadəcə kağız üzərində vardı" deyə bildirib.

"The Telegraph" qəzetinə danışan Əsəd ordusunun zabitləri bildiriblər ki, müxalif güclər Dəməşqə doğru irəliləyən zaman onlar nə edəcəklərini bilməyiblər: "Komandanlıqla aşağı instansiyalar arasında əlaqə pozulmuşdu, orduda xaos hökm sürürdü. Həm canlı qüvvə, həm də silah baxımından müxalif güclərdən üstün idi, amma psixoloji durumumuz aşağı idi. Uduzmağımızın iki səbəbi var. Birincisi, maaşlarımız çox az idi. Ayda cəmi 30 dollara heç kəs döyüşmək istəməz. İkincisi, heç bir əmr gəlmədi. Nə edə bilərdik? Ailələrimizin yanına dönmək və bu gərginlikdən uzaq durmaq istədik. Uduzmağa hazır idik və uduzduq".

Digər hərbçi İbrahim isə qeyd edib ki, müxaliflər hərəkət edəndə onlar Livanla sərhəddə idilər: "Bizim qoşun növü Suriyanın ən peşəkar hərbi birliyi idi. Müxaliflər Hələbə doğru hərəkətə keçəndə bizə əmr gəldi ki, Dəməşqi müdafiə edək. Sonra əsgərlərimizin arasında panika yarandı. Guya müxaliflər İŞİD-çilərlə birlikdə hərəkət edirlər. Həqiqətən də, qorxmuşduq. Komandanlıqdan "qaçın" əmri gəldi. Paltarlarımızı və silahlarımızı hərbi hissəyə atıb qaçdıq".

Əhməd adlı mayor isə bildirir ki, müxaliflər irəliləyəndə onlara yuxarıdan heç bir əmr gəlmədi: "Gözlədik, heç nə demədilər. Biz də öz başımızın çarəsinə baxmalı olduğumuzu anladıq. Mülki geyimlə ailəmin yanına getdim".


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
15
teleqraf.com

1phrase_var_article.sources