Türkiyənin dəstəklədiyi Suriya üsyançılarının sürətli qələbələri Suriyada 13 ildir davam edən vətəndaş müharibəsində əsas xarici oyunçular arasında münasibətlərə də təsir edib. Türkiyə, ABŞ başda olmaqla Qərb, İran və Rusiya arasında yeni vəziyyət formalaşır. Belə vəiyyətdə tərəflərin güclü dəstəkçilərə də ehtiyacı yaranır.
Hazırda Türkiyə üçün belə mühüm dəstəkçilərdən biri qismində Azərbaycan çıxış edir. Bu fonda prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə səfərdə olan Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edərkən bir daha Azərbaycanın Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bildirib. Dövlət başçısı bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da bu məsələyə toxunub. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Ankara ilə məsləhətləşmələr aparaq Suriyada humanitar vəziyyətlə bağlı məsələlər üzərində işlədiklərini qeyd edib. Hazırda Suriya nümunəsi bir daha təsdiq edi rki, Azərbaycan və Türkiyə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. indi müşahidə edilən həm də odur ki, Bəşər Əsəd rejiminin mövcudluğuna həyati əhəmiyyət verən Rusiyada və İranda anti-Türkiyə ritorikası geniş xarakterə malik deyil. Amma əvəzində Türkiyənin uğuru Qərb tərəfindən həzm olunmur. Qərb cəbhəsi hazırda Bəşər Əsəd rejiminin tarixin arxivinə qovuşmasını və burada mövqeyinin zəifləməsini həzm və qəbul edə bilmir. Söhbət ilk növbədə ABŞ-dan gedir. Xüsusən də Türkiyənin kürd terrorçularına qarşı sərt mövqeyi ABŞ-ı ciddi narahat edir. ABŞ Türkiyə və müttəfiqlərinin sərhəd yaxınlığında mövcudluğunu artırdığı üçün Suriyada hərbi əməliyyat planlaşdıra biləcəyindən narahatlığını ifadə edib. “Voll Strit Jurnal” nəşri mənbələrə istinadən bildirir: “Türkiyə və silahlılar Suriya ilə sərhəddə qüvvələr toplayır və Vaşinqton Ankaranın suriyalı kürdlərin əlində olan ərazilərə genişmiqyaslı hücuma hazırlaşa biləcəyi barədə həyəcan təbili çalır. Toplanan qüvvələrə Türkiyə ilə şimal sərhədində yerləşən Ayn əl-Ərəb (Kobani) şəhəri yaxınlığında çoxlu sayda cəmləşmiş silahlılar, Türkiyə xüsusi təyinatlıları və artilleriya daxildir”. Qeyd olunur ki, Türkiyə əməliyyata yaxın vaxtlarda başlaya bilər. Bu arada yayılan məlumata əsasən, Türkiyənin dəstəklədiyi qruplar Suriyada və kürd qüvvələrinə qarşı döyüşləri bərpa edib. Belə vəziyyət ABŞ prezidenti Cozef Bayden administrasiyasının vasitəçiliyi ilə şifahi atəşkəs razılaşmasının pozulmasından sonra baş verib. Ankara hesab edir ki, Suriyanın şimal-şərqində fəaliyyət göstərən düşmən qüvvələr silahlarını yerə qoymalı və ölkəni tərk etməlidir. Vaşinqton üçün bu, hərbi kontingentinin həmin ərazilərdən çıxarılması ilə bağlı ssenari demək olacaq. Ekspertlərin fikrincə, indi ABŞ hakimiyyəti Ankaranın bu arenada artan təsirini gözardı edə bilməz. Türkiyənin dəstəklədiyi fraksiyaların koalisiyası olan Suriya Milli Ordusu şimal-şərqdə hücumlarını bərpa edib. Bayden administrasiyasının dəstəyi ilə razılaşdırılan müvəqqəti atəşkəs ötən həftə bölgədə tətbiq edilib. Bununla belə, indi kürd qüvvələrinin üstünlük təşkil etdiyi birlik olan Suriya Demokratik Qüvvələri toqquşmaların qaynar fazasına qayıtdığını elan edib. “Al-Monitor” nəşrinin məlumatına görə, Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri ətrafında döyüşlər alovlanır.
“Al-Monitor” mənbələri qeyd edir ki, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs Türkiyə və onun nəzarəti altında olan qüvvələrin Suriya Milli Ordusunun bir hissəsi kimi Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olan muxtariyyət ərazisinə irəliləməyəcəyi anlayışına əsaslanırdı. Lakin onların fikrincə, indi Türkiyə, görünür, ABŞ-da gedən administrasiya ilə razılaşmalara əməl etmək istəmir. Dəməşqin süqutundan bəri Ankaradakı rəsmilər Suriya Demokratik Qüvvələri ilə bağlı ritorikalarını sərtləşdiriblər. İndi onlar Suriyanın faktiki lideri, “Həyat Təhrir əl-Şam” qruplaşmasının komandiri Əbu Məhəmməd əl-Culaninin mövqeyini də önə çəkirlər. Əbu Məhəmməd əl-Culani özü qeyd edir: “Hər kəs qanuna tabe olacaq. Biz məsələlərə institusional və hüquqi məntiqlə yanaşırıq. Bizdə müxalifət düşüncəsi yox, dövlət təfəkkürü olmalıdır”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib: “Suriya kontekstində ölkənin terror yuvasına çevrilməsinin qarşısını almaq lazımdır.Mübarizə davam etməlidir”. Kürd muxtariyyətinin Xarici Əlaqələr Departamentinin həmsədri İlham Əhməd ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məktub göndərərək Türkiyənin Suriyanın şimal-şərqinə hərbi hücumunun qaçılmaz göründüyü barədə xəbərdarlıq edib. O, respublikaçıları müdaxilə etməyə və hər cür güc tətbiqini dayandırması üçün Ərdoğana təzyiq göstərməyə çağırıb. Bununla belə, Trampın mətbuat konfransındakı son şərhləri onun islamçı qruplarla sıx əlaqədə olmasına baxmayaraq, Türkiyənin yanaşmalarını bəyəndiyini açıq şəkildə göstərir. Yaxın Şərq üzrə rus ekspert Anton Mardasov qeyd edir ki, hazırda Vaşinqtonla Ankara arasında sövdələşmə gedir. O xatırladıb ki, Hələb əyalətinin şimal-qərbindəki kürd anklavları Vaşinqtonun təzyiqi ilə Suriya Milli Ordusuna təslim olub və onlar bu ərazi itkilərini atəşkəslə kompensasiya etməyə cəhd ediblər: "Amma terror təhlükəsi qaldığıdan hərbi əməliyyatlar davam edə bilər. Suriya Milli Ordusunun fəaliyyəti Türkiyənin bu bölgədə artilleriya və hava dəstəyi ilə hücumu, bufer zonalar yaratması mümkündür”. Ekspertin fikrincə, bu, öz növbəsində ABŞ qoşunlarının Suriyadan çıxarılmasına səbəb ola bilər: "Baxmayaraq ki, Dəməşqin süqutundan sonra Vaşinqton çox güman ki, hərbi mövcudluğunu saxlamaqda qərarlıdır. Düşünürəm ki, Türkiyə və ABŞ hələ də daha təmkinli bir kompromis tapacaqlar. Ankaranın son həftələrdə bölgə üçün əhəmiyyətini kəskin şəkildə artırdığını nəzərə alaraq, deyə bilərik ki, Vaşinqton çox güman ki, daha ciddi güzəştlərə getməli olacaq”. Yuxarıda qeyd edildiyi kimi bu prosesdə Azərbaycan Türkiyənin yanındadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan da bu, aydın görünür. Sənəddə bildirilib ki, Azərbaycan Suriyada baş verənləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Suriyada Bəşər Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunmasının, vətəndaş qarşıdurmasına son qoyulmasının mütləq dərəcədə vacibliyinin vurğulandığı bəyanatda, həmçinin rəsmi Bakının Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi bir daha ifadəsini tapıb.
Ramil QULİYEV