1945-ci ildən sonrakı dünya nizamı artıq çökməkdədir. İkinci Dünya müharibəsinin bitməsindən iki il sonra, 1947-ci ildə başlayan “soyuq müharibə”dən (sosialist düşərgəsi ölkələri ilə Qərb bloku dövlətləri arasında 1945-1990-cı illərdə qlobal səviyyədə geosiyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti) sonra qurulan beynəlxalq sistem demək olar ki, mövcudluğunu dayandırıb. Dövlətimizin başçısı İlham Əliyev bununla bağlı dekabrın 18-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib:” Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər”.
Gerçəklik odur ki, hazırda dünya yenidən dizayn olunur. Siyasi xəritələrin, sərhədlərin dəyişdirilməsi, yeni dünya nizamının qurulması, belə demək mümkünsə, rəsmi elan olunmamış Üçüncü Dünya müharibəsinin şəraitində baş verir. Bu, artıq danılmaz bir reallıqdır
Dünya dəyişir. Çox təəssüf ki, bu fonda yeni qarşıdurma, qeyri-sabitlik və gərginlik ocaqları meydana çıxır. Bütün bunlar acı gerçəkliklərdir. Belə bir şəraitdə indi də bütün dünyanın gözü Yaxın Şərqin sızlayan yarasına, bir az da sərt desək, qonqrenasına çevrilən Suriyaya dikilib. Çünki Suriyadakı sabitlik, əmin-əmanlıq nəinki Yaxın Şərq üçün, hətta bütün dünya üçün çox əhəmiyyətlidir. Bütün dünya, eləcə də Azərbaycan xalqı qardaş Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümid edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyət barədə yaydığı bəyanatda bildirilib ki, Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir: “Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir. Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır. Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır”.
Çox təəssüf ki, gözlərini bəsirət pərdəsi örtmüş ölkəmizdəki radikal müxalifət düşərgəsinin “başbilənləri” AXCP sədri Əli Kərimli, “Milli Şura” adlı amorf qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli və onların tör-töküntüləri Suriyada baş verənləri, Əsəd rejiminin çökməsini öz arşınları ilə ölçürlər. Suriya hadisələri ermənipərəst dairələrin maşası olan dağıdıcı, inkarçı müxalifət liderçiklərinin əsl simasını bir daha ortaya qoydu. Xalqın dəstəyindən tamamilə məhrum olan, ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirən, antimilli fəaliyyətləri ilə marginallaşaraq özlərini cəmiyyətdən təcrid edən bu ünsürlər internet resurslarında, “Azərbaycan saatı”nda, “Osmanqızı tv”də gecə-gündüz ləbbeyk deyərək ölkəmizdə xaosun, anarxiyanın, qarşıdurmanın bərqərar olmasını arzuladıqlarını açıq-aşkar bəyan edirlər.
Ermənipərəst dairələrin çirkli pulları ilə yemlənən dağıdıcı müxalifət düşərgəsinin dəstəbaşılarının Suriyada baş verənlərdən sonra sosial şəbəkə seqmentlərində fəallaşmaları, ictimai rəylə manipulyasiya etmələri heç də təsadüfi deyil. Bu başıpozuq dəsətnin son günlər internet resurslarındakı çıxışları onların ötən əsrin 90-cı illərində olduğu kimi, bu gün də ölkəmizi xaos, anarxiya, vətəndaş itaətsizliyi, siyasi və iqtisadi böhranlar, qarşıdurmalar girdabına sürükləmək niyyətlərindən əl çəkmədiklərini bir daha ortaya qoyur. Bu ünsürlər təxminən 14 il bundan əvvəl Misirdə, Tunisdə, Liviyada yaşanan hadisələr zamanı da bu cür çirkin mövqe sərgiləmişdilər.
Təbii ki, başda Ə.Kərimli-G.Hacıbəyli cütlüyü olmaqla qaragüruhçu, burnunun ucundan uzağı görə bilməyən, vizionsuz radikal müxalifət ünsürlərinin xəyanətkar, antimilli, məkrli fəaliyyətlərinin heç bir nəticəsi olmayacaq. Çünki xalqımız dağıdıcı müxalifətin yalanlarına inanmır, əksinə, bütün bunları ikrahla qarşılayır. Ona görə də radikal ünsürlərin Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafına mane olmaq cəhdləri heç zaman baş tutmayacaq.
Zahid Rza, “İki sahil”