AZ

Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir

ABŞ, Hindistan, Yunanıstanla yanaşı, Avropa İttifaqının əsas üzvlərindən olan Fransa da Ermənistanı silahlandırmaqda davam edir. Hətta Fransa bu məsələdə liderlik edir. Bir neçə gün öncə Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı çərçivəsində onlarla tədbiri əhatə edən sənədin imzalanması da bunu bir daha təsdiq edir. Şübhəsiz, bu, Azərbaycanı narahat etməkdədir.

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bu kimi məsələlərə bir daha toxunaraq  bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Dövlətimizin başçısı, həmçinin  deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik: “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”.

Prezident belə bir şəraitdə Azərbaycanın adekvat tədbirlər görməyə məcbur olduğunu diqqətə çatdırıb. Bu niyyətlə 2025-ci ildə növbəti hərbi büdcəmizin təxminən beş milyard dollar təşkil edəcəyini vurğulayan Prezident bildirb ki, belə təhdidlər olmasaydı, sosial sahələrdə daha çox uğurlar əldə etmək olardı: “Lakin biz bunu etməyə məcburuq və edəcəyik”. Dövlətimizin başçısı bir daha silahlandırma dəllallarının, həmçinin silahlanan Ermənistanın diqqətinə çatdırıb ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək: “Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik”.

Əminliklə demək olar ki, Fransanın və digər ölkələrin Ermənistanı silahlandırmaqda məqsədləri Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həzm edə bilməmələrindən və rəsmi Bakının Ermənistan kimi onların diktəsi ilə oturub-durmamasından irəli gəlir. Çünki sözügedən ölkələr tarixən hamıya dərs verməyə, bu tərzdə yaşamağa və düşünməyə öyrəşiblər. Təəssüf ki, onlar bu gün də bu “adət”lərindən əl çəkmək istəmirlər. Dövlət başçımızın bildirdiyi kimi, bu, onların şüurunda dərin kök salıb.

Dövlətimizin basçısı müsahibəsində Fransanın neokolonizm siyasətindən söz açıb. Makronon Azərbaycanda, Gürcüstanda, həmçinin Afrika dövlətlərində uğursuzluğa dücar olduğunu vurğulayan Prezident İlham Əliyev konkret faktlara müraciət edərək bdirib ki, Fransa  Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirilib. 100-dən çoxunu yaralayıb. 1000-dən artığını həbs edib. Həm də xalq etirazlarının liderlərini Fransaya aparıb həbsxanalarda saxlayırlar: “ Yəni, bu, Makronun diktaturasıdır. Bu, Makron rejimidir. Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media qismində öz “zəncirli köpəkləri”ni üzərimə salırlar. Yəni, biz yenidən, - mən Azərbaycan ictimaiyyətini nəzərdə tuturam, - bu məsələni cavab qismində gündəlikdə saxlamağa başlayandan sonra indi vəziyyət daha ciddi olub”. Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda Fransanın daxilində hərc-mərclik baş alıb gedir. Prezidentin fikrincə,  dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi kimi tanınan Fransanı Makron rejimi mahiyyət etibarilə uğursuz dövlətə çevirir.

Qeyd edək ki, ermənipərəst Makronun hakimiyyətə gəlişinə qədər Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədə olub. Ölkəmiz  Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edib. Hətta Ümumilli Lider Heydər Əliyev 1993-cü ilin sonlarında Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb. O, Azərbaycan Prezidenti seçildikdən sonra xaricə ilk rəsmi səfərini Fransa Pezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə edib. Elə Prezident İlham Əliyev də 2003-cü ildə ilk ölkə olaraq Fransadan dəvət alıb. Bəli, o illərdə iki ölkə fəal əməkdaşlıq edirdi, hətta burada çoxlu fransız şirkəti işləyirdi. İki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik idi.

Amma İkinci Qarabağ müharibəsi başlayanda Makron açıq şəkildə işğalçı ölkənin, yəni Ermənistanın tərəfini tutdu. Başqa sözlə desək, hətta Makron Fransasının İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edildi. Onların hər bir cəhdi uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri Makronun ortaya atdığı yalanları dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Makronun bundan sonrakı addımlarının da fiaskoya uğrayacağı şübhəsizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr