AZ

Aqrar büdcə bir az da böyüyür

Gələn il bu sahə 1,2 milyard manatdan çox vəsait alacaq

Son illər Azərbaycanda aqrar sahənin potensialından səmərəli istifadə olunması məsələsi getdikcə daha çox aktuallıq kəsb edir. Təsadüfi deyil ki, ölkədə kənd təsərrüfatının inkişafının diqqətdə saxlanılması, bu sahədə fəaliyyətin təşviq edilməsi məqsədilə çoxşaxəli dəstək tədbirləri həyata keçirilir.

Bu baxımdan iqtisadiyyatın mühüm sahələrindən sayılan kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorun inkişafını ləngidən problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması istiqamətində reallaşdırılan tədbirlər diqqət çəkir. Ötən müddətdə dövlətin bu sahədə həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı layihələri aqrar sektorda təşəbbüskarlığa geniş meydan açıb. Məhz bunun nəticəsidir ki, son illər iri biznes qruplarının, eləcə də kiçik və orta sahibkarların kənd təsərrüfatı sektorunda xüsusi fəallığı müşahidə olunur.

Azərbaycan əhalisinin təqribən yarısının yaşadığı regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən istənilən tədbir yerlərdə məşğulluğun təminatına mühüm töhfə verir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bu da ölkədə bitkiçilk və heyvandarlıq məhsullarının istehsalına, ümumi ixracda kənd təsərrüfatı mallarının payının artmasına səbəb olur.

Gələn il üçün dövlət büdcəsində kənd təsərrüfatı sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi də 30 milyon manatdan çox artırılıb. Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində kənd təsərrüfatı sahəsi üçün 1 milyard 171 milyon 863 min manat vəsait nəzərdə tutulub. Üçüncü oxunuşda Milli Məclisə təqdim edilən layihədə isə bu istiqamət üzrə ayrılacaq vəsaitin 31 milyon 942 min manat artırılacağı, başqa sözlə, aqrar sektorun inkişafına 1 milyard 203 milyon 805 min manat yönəldiləcəyi bildirilib.

Buradan aydın görünür ki, kənd təsərrüfatına ayrılan vəsaitlərin mühüm bir hissəsi 2025-ci ildə əvvəlki dövrlərdə olduğu kimi, ölkənin ərzaq təhlükəsizliyinin təminatına, aqrar sektorun inkişafına yönəldilib. Baş nazir Əli Əsədovun Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasındakı çıxışında da hökumətin əsas vəzifələrindən birinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi olduğu bildirilib.

Büdcə sənədinə əsasən, 2025-ci ildə dövlət büdcəsindən ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 527,5 milyon manat vəsait (2024-cü illə müqayisədə 24,6 milyon manat və ya 4,9 faiz çox) proqnozlaşdırılıb. Ərzaq təhlükəsizliyi tədbirləri üçun ayrılmış vəsait hesabına kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulub. Əlbəttə, bu zaman aqrar sektorun ayrı-ayrı sahələrinin subsiyalaşdırılması diqqətdə saxlanılıb.

Həyata keçirilən dəstək tədbirlərinin nəticəsidir ki, cari ilin yanvar–noyabr aylarında ölkədə 12 milyard 216 milyon manat dəyərində (ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox) kənd təsərrüfatı məhsulu istehsal edilib. Son bir ildə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,6 faiz artaraq 6 milyard 23 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,4 faiz artaraq 6 milyard 192 milyon manat olub.

Dekabrın 1-nə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 245,9 min ton və yaxud 1 il əvvələ nisbətən 0,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 831,5 min ton (1 faiz çox) tərəvəz, 1 milyon 309,3 min ton (4,8 faiz çox) meyvə və giləmeyvə, 490,4 min ton (11,9 faiz çox) bostan məhsulları, 213,7 min ton (0,1 faiz çox) şəkər çuğunduru, 31,1 min ton (6,3 faiz çox) günəbaxan, 5,9 min ton (12,8 faiz çox) tütün yığılıb.

11 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 543,6 min ton ət, 2 milyon 80,4 min ton süd, 2 milyon 97,7 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub, illik müqayisədə ət istehsalı 1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 4,8 faiz artıb.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizminin tətbiqi də genişləndirilib. Aqrar Sığorta Fondunun zərər görmüş fermerlərə ödənişləri sürətlə artırılıb.Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin 10 ayında fermer və təsərrüfatlara 4 milyon manat sığorta ödənişi edilib. Ümumilikdə isə, indiyədək fondu tərəfindən fermerlərə 11 milyondan artıq sığorta ödənişi gerçəkləşdirilib.

Aqrar sahədə mövcud potensialdan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilməsi üçün göstərilən dövlət dəstəyi ölkənin ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı, ixrac potensialının da artırılmasına mühüm töhfələr verir. Gələcəkdə isə kənd təsərrüfatının hər il orta hesabla 4 faiz artacağı proqnozlaşdırılır. Elə Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında da aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunur.

 

Seçilən
15
xalqqazeti.az

1Mənbələr