AZ

“O gözəl, yenilməz Ukrayna”

Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi və Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ukrayna mədəniyyətinin yeni üfiqləri: Ədəbiyyat günləri” layihəsi çərçivəsində “Ukrayna şeiri gecəsi” keçirilib.

İctimai-siyasi xadimlərin, yazıçıların, ədəbiyyatsevərlərin qatıldığı mərasimdə “Mücrü” nəşriyyatının çap etdiyi “O gözəl, yenilməz Ukrayna” poeziya antologiyası, eləcə də gənc yazar Mixaylo Qusevin “Deraviya: kvant sıçrayışı” romanı təqdim olunub. Topluya Taras Şevçenko, Qriqori Koçur, Lina Kostenko, Boris Oleynik, Vasıl Stus, Pavlo Movçan kimi klassiklər və müasir şairlərin şeirləri daxil edilib. Repressiya qurbanları olmuş Mikayıl Müşfiqin, Əhməd Cavadın, həmçinin mərhum Xalq şairlərimiz Süleyman Rüstəm və Rəsul Rzanın tərcümələrindən örnəklərin yer aldığı antologiyada Siyavuş Məmmədzadə, Elxan Zal, Qismət, Günel Mövlud, Günel Şamilqızı, Könül Həsənqulu, Şəfiqə Şəfa və Səlim Babullaoğlunun tərcüməsində çoxsaylı nümunələr də verilib. Romanı isə dilimizə Rəbiqə Nazimqızı tərcümə edib.

Kitab Azərbaycan–Ukrayna ədəbi əlaqələrində ardıcıl xidmətləri olan iş adamı Möhlət Hüseynovun dəstəyi ilə ərsəyə gəlib. Antologiyanın tərtibçiləri Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu ilə Ukrayna Yazıçılar Birliyinin katibi Dmitro Drozdovski, məsləhətçiləri Taras Şevçenko Milli Muzeyinin baş direktoru Dmitro Stus və Ceyhun Kəsəməndir.

AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu çıxışında iki ölkə arasındakı ədəbi əlaqələrin əhəmiyyətindən danışıb. “Bu əlaqələrin tarixi 130–140 mindən artıqdır. 1991-ci ildən ölkələrimiz arasında əlaqənin keyfiyyəti dəyişdi və iki müstəqil dövlət kimi daha da yaxınlaşdıq. Xüsusilə, Ukrayna və Azərbaycan ədəbi əlaqələri möhkəmləndi. Yeni kitablar bu dostluğa yeni töhfələrdir”.

Kitabın ön sözünün müəllifi, Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev deyib: “Azərbaycan və Ukrayna arasında bir körpü qurulub. Bu körpünü həm azərbaycanlıların, həm də ukraynalıların böyük bir nəsli qurub. Əlaqələrimizin inkişafında Səlim Babullaoğlunun, Elmira Axundovanın və digər yazıçıların rolu böyükdür”.

Gecədə antalogiyaya daxil olan poeziya nümunələri səsləndirilib. Azərbaycan, Ukrayna və Avropanın klassik və çağdaş bəstəkarlarının əsərləri səslənib. Musiqiləri gənc pianoçular Fidan Yunus və Humay Qasımzadə ifa ediblər.

XQ

phrase_var_article.chosen
49
xalqqazeti.az

1phrase_var_article.sources