Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Çin dilində Xəzər heroqlifinin oxunuşu “kosa”dır” adlı veriliş efirə gedib.
“Far.Az” xəbər verir ki, verilişdə tədqiqatçı Elxan Zal Qaraxan qədim türk tayfası olan xəzərlərin tarixindən, onların Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Dərələyəz ərazisində sıx məskunlaşmasından söz açıb.
O deyib ki, qədim türk tayfası Xəzərlər ən uzun ömrü çöl imperiyası qurublar: “Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub. Çin dilində Xəzər heroqlifinin oxunuşu “kosa” adlanır. Azərbaycanda kosalar nəsli xəzərlərdən gəlmədir. Midiya dövlətinin yaradıcısı Xəzər tayfasından olan Arbakın adı Bibliyada qeyd olunan Xəzər hökmdarıdır”.
Onun sözlərinə görə, Bisutun yazılarının üçüncü sütunu türk dilində yazılıb. Midiya, Əhəməni, Parfiya, Sasani dövlətlərinin baş vəziri həmişə Xəzərlərdən olub və Xəzərpet/Xəzərbəy adlanıb. Atropatenanı yaradan Atropat da Xəzərpet olub. Assur xronikasına görə Assuriya dağılanda Azərbaycan adlı dövlət yaranıb. Xəzərlər Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Dərələyəz ərazisində sıx məskunlaşıblar. Buğa Kəbir Xəzər sərkərdəsi olub, Babəkə qarşı vuruşub və Buğakar ziyarətgahı onun şərəfinə tikilib. Babəkə qarşı vuruşan Xəzər sərkərdəsi Buğakarın məzarı Zəngəzurdadır”. Tədqiqatçı bildirib ki, Xəzərlər xaqanlarının hamısı türklərin aşina boyundan olublar: “Yəhudi ənənəsinə görə türklər Toqarmanın nəslindən sayılır. Çingiz xan aşina boyundan olanların hamısının ölümünə fərman verib. Xəzər qvardiyası həmişə xarəzmilərdən təşkil olunub”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.