AZ

Mərkəzi Bankın 2024-cü ildə sonuncu qərarı

Uçot dərəcəsi və faiz dəhlizi dəyişməz saxlanılıb

Mərkəzi Bank (MB) dekabrın 18-də 2024-cü il üzrə uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb. Yeni qərara əsasən, uçot dərəcəsi 7,25 faiz intervalında, faiz dəhlizinin aşağı həddi 6,25 faiz nisbətində, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb. MB faiz qərarını qəbul edərəkən bir neçə ssenariyi əsas götürüb ki, onların sırasında inflyasiya amili ilk yerdə dayanır. Belə ki, MB-nin ötən iclasda, yəni noyabrın 1-də verdiyi qərardan sonrakı 50 günə yaxın müddətdə illik inflyasiya hədəf diapazonu daxilində qalıb. 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4,4 faiz olub. İllik qiymət artımı ərzaq malları üzrə 4,4 faiz, qeyri-ərzaq malları üzrə 2,2 faiz, xidmətlər üzrə 6 faiz təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. Nəticədə faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi, qiymət indeksi amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla yekun faiz qərarı verilib.

İdxal inflyasiyasının təsirləri sabit qalıb

Mövcud qərar onu göstərir ki, MB uçot və faiz dərəcələrinin parametrlərində heç bir dəyişiklik etmədən sabit pul siyasəti yürüdülməsini priorit hesab edir.

Sabit uçot dərəcəsi siyasəti ilə bağlı qərarlar ona dəlalət edir ki, ölkəmizdə inflyasiya amilləri nəzarət edilən səviyyədədir və artım riski yoxdur. Belə ki, istehlak qiymətləri indeksinin artıb-azalması fonunda müəyyənləşən faiz dəhlizinin hazırkı çərçivəsi qiymət diaqramının yuxarı səmtə fokuslanmadığını təsdiqləyir. 

Uçot dərəcələrinin müəyyənləşməsində xüsusi rol oynayan inflyasiyanın mövcud çərçivəsinin formalaşmasına bir neçə amil ciddi təsir göstərir ki, başlıca fundamental faktor kimi xarici mühiti qeyd etmək olar. 2024-cü ilin ötən  11 ayında xarici amillər, ümumilikdə, istehlak mallarının qiymətlərinin sabitliyinə təsirlərini göstərib. Belə ki, inflyasiyanın strukturunda 60-70 faiz yer alan xarici amil gözlənilən səviyyədə qərar tutub, dünya üzrə əmtəə qiymətləri cəmi 0,7 faiz artıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, inflyasiyanın xarici fonu ilin yekununda sabitliyini qoruyub saxlayacaq. Həmçinin ilin ötən dövründə manatın nominal effektiv məzənnəsinin 7,1 faiz möhkəmlənməsi də idxal inflyasiyasının azalmasında başlıca rol oynayıb.

Valyuta bazarında da dayanıqlı sabitlik yaranıb

Ötən müddətdə Azərbaycanın tədiyə balansının da vəziyyəti qənatəbəxş olub. Belə ki, balansın cari əməliyyatlar hesabının profisiti 4 milyard dolları və ya ümumi daxili məhsulun (ÜDM) 7,2 faiz səviyyəsində olub ki, bu da idxal faktorlarının minimallaşdırılmasına ciddi təsir göstərib. 2024-cü ilin 11 ayında Azərbaycanın xarici ticarət balansında 5,6 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu, həm inflyasiya, həm də manatın sabit məzənnəsinin qorunmasında, valyuta tələbi ilə bağlı riskləri neytrallaşdırmaqda əhəmiyyətli amil kimi rolunu möhkəmləndirməkdədir. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Yenilənmiş proqnozlara görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5,5 milyard dollar səviyyəsində fərz edilir.

MB hesab edir ki, əlverişli xarici sektor göstəriciləri şəraitində valyuta bazarında sabitlik qorunur, aparılan valyuta hərraclarında tələb tam təmin edilir. Ölkənin valyuta tələbini ödəmək üçün kifayət qədər resurslar mövcuddur. 2024-cü ilin noyabr ayının sonuna təkcə Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollara yaxınlaşıb. Bu, beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir. Hazırda MB-nin valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur.

Qlobal dəyişkənliklər risk faktorlarını hələ də aradan qaldırmayıb

Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumları bu prosesə cəlb edəcək. MB-nin açıqlamasından görünür ki, inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər yenə də qalır. Mövcud geosiyasi gərginlik fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi idxal inflyasiyasının artımı ilə bağlı risklər yaradır. Aparıcı iqtisadiyyatlarda monetar şərait yumşalmağa başlasa da, ümumilikdə, sərt olaraq qalır. Həmçinin xərc amillərinin aktivləşməsi, büdcə xərclərinin artımı və habelə kredit qoyuluşlarının genişlənməsi sayəsində məcmu tələbin izafi böyüməsi inflyasiya üçün daxili risk faktorları hesab edilir.

Ona görə də, Mərkəzi Bank mövcud monetar şərtlər çərçivəsində anti-inflyasiya tədbirlərinə dəstəyini davam etdirəcək, eyni zamanda, inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması və inflyasiya gözləntilərinin sabitləşdirilməsi üçün hökumətlə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirməyi düşünür.

ELBRUS CƏFƏRLİ

Seçilən
13
yeniazerbaycan.com

1Mənbələr