“İbrahim Kalının Suriyaya getməsi və məsciddə namaz qılması sıradan bir hadisə deyil. Bu mənada ki, bütün dünya üçün aydın oldu və beynəlxalq güc mərkəzləri də buna diqqət yetirdilər ki, Türkiyənin kəşfiyyat idarəsinin rəhbərinin Suriyanın keçid dövründə və xalq inqilabının baş verdiyi dönəmdən sadəcə olaraq bir, iki gün sonra Suriyaya getməsi bu hadisələrin hamısı Türkiyənin nəzarətindədir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Sabir Məmmədli deyib.
O əlavə edib ki, İ.Kalınla Colani arasında çox isti, etibarlı bir münasibət var: “Gələcəkdə də istənilən hadisə Türkiyənin iştirakı, həm də təsiri altında baş verəcək. Üstəlik nəzərə almaq lazımdır ki, Colani açıq şəkildə bildirmişdi ki, bundan sonra olan bütün tədbirlərdə, dövlət idarəçilik sistemlərində keçid idarəetmənin yaradılması prosesində Türkiyənin iştirakını təkidlə xahiş edəcəyik. Bu bir daha onu göstərir ki, inqilaba, Bəşər Əsədi devirən silahlı qüvvələrə rəhbərlik etmiş şəxsin Türkiyəyə çox isti, etibarlı münasibəti var. Eyni zamanda, son günlərdə görürük ki, Rəcəb Tayyib Ərdoğanın, Gülərin açıqlaması birbaşa ona yönəlib ki, Suriyada bu hadisələr Türkiyənin tam müşahidəsi altında baş verir. İstər ABŞ, onun gələcəkdə Prezidenti Donald Tramp olsun o da açıq şəkildə bildirir ki, bütün bu hadisələrin axarında Türkiyənin iştirakı, fəaliyyəti danılmazdır. Üstəlik də vurğulayır ki, Türkiyə bu davranışla siyasi səhnəyə yeni münasibətlər forması gətirdi. Bunun özü Trampın ifadəsi ilə desək çox maraqlı və diqqətəlayiqdir”.
S.Məmmədli həmçinin bildirib ki, Suriyada Türkiyənin mövqeyi kifayət qədər güclü olacaq: “Çünki Türkiyə 4 milyona yaxın qaçqına 11 ildir ev sahibliyi edir. Türkiyə bu qədər qaçqın yükünün altına girib. Onlar da bu illər ərzində Türkiyədə fəaliyyət göstərib, təhsil alıblar, orada həmin qaçqınların əhatə dairəsi formalaşıb. Bu isti münasibəti istəsələr də, istəməsələr də hansısa xarici qüvvələr və dövlətlər Suriya qaçqınlarının düşüncəsindən silə bilməz. Həmin qaçqınlar ordusu Türkiyənin mövqeyinə dəstək verəcəklər. Bunun özü çox əhəmiyyətli və vacib məsələdir”.
Röya İsrafilova