Oksford İngilis dili lüğəti 2024-cü ildə ilin sözü kimi "beyin çürüməsi" (brain rot) terminini seçib. Bu termin, həddindən artıq sosial media istifadəsinin psixi sağlamlığa mənfi təsirlərini ifadə edir.
E-saglam.az xəbər verir ki, mütəxəssis Kliniki Psixoloq Aybige Üstüner bu mövzu ilə bağlı açıqlamasında bildirib ki, “Uzun müddətli, lazımsız və virtual məlumat axını zehnin düşünmə qabiliyyətini zəiflədir. Sosial medianın istifadəsini məhdudlaşdırmaq və rəqəmsal detoks etmək bu problemlərin qarşısını ala bilər.”
Sosial medianın təsirləri: Gənclər daha çox təsirlənir
Üstüner qeyd edib ki, “Davamlı və gərəksiz məzmun axını fərdlərin diqqətini və düşünmə qabiliyyətini mənfi təsir edərək zehni süstlük yaradır. Xüsusilə gənclər bu təsirlərə daha çox məruz qalırlar.”
Onun sözlərinə görə, sosial media beyində həddindən artıq yük yaradır, düşüncə proseslərini səthi edir və dərin düşünmə qabiliyyətini zəiflədir. Bu vəziyyət gənclərdə diqqət dağınıqlığı və digər problemlərə səbəb olur.
Həddindən artıq ekran istifadəsi emosional balansı pozur
Üstüner, həddindən artıq ekran istifadəsinin beyin funksiyalarında uyğunsuzluqlar yarada biləcəyini vurğulayıb: “Uzun müddətli sosial media istifadəsi insanların real dünyada qarşılıqlı əlaqəsini zəiflədə, diqqət yayınması, narahatlıq, depressiya və idrak funksiyalarının zəifləməsinə səbəb ola bilər.”
Zehni canlı saxlamağın yolları
Sosial medianın mənfi təsirlərini azaltmaq üçün Üstüner aşağıdakı məsləhətləri verir:
Ekran vaxtını məhdudlaşdırın – Uzun müddətli ekran istifadəsi beyin və psixi sağlamlıq üçün təhlükəlidir. Sosial mediadan istifadənizi vaxtla məhdudlaşdıraraq beyninizə dincəlmək şansı verin.
Fiziki fəaliyyəti artırın – Müntəzəm idman beyin funksiyalarını gücləndirir, diqqəti artırır və psixi sağlamlığı yaxşılaşdırır.
Rəqəmsal detoks edin – Həftənin müəyyən günlərində rəqəmsal cihazlardan uzaq duraraq beyninizi və emosional vəziyyətinizi bərpa edə bilərsiniz.
Zehni məşqlər edin – Kitab oxumaq, tapmacalar həll etmək və yaradıcı fəaliyyətlər ilə zehni sağlamlığınızı gücləndirin.
Üstüner, bu tədbirlərin beyin sağlamlığını qoruyaraq sosial medianın mənfi təsirlərinə qarşı güclü müdafiə mexanizmi yarada biləcəyini vurğulayıb.
Tərcümə: Könül Oruc
E-saglam.az