Sabunçu Rayon Məhkəməsində istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların saxlanılmasında təqsirləndirilən T.Məmmədlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə əvvəlki cəzası ilə hazırki hökm qismən toplanılmaqla ona 7 il 10 ay cəza verilib.
İttihama görə, T.Məmmədli Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən çarpayısının döşəyinin altında “Realme” markalı mobil telefonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlayıb. Sonra o, həmin telefonun “WhatsApp” ilə zənglər edərək anası, atası və digər şəxslərlə danışıqlar aparıb. Həmçinin T.Məmmədli kamerada özünün videoyazısını edib.
30 yanvar 2024-cü il tarixdə, saat 14-10 radələrində cəzaçəkmə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı kameranın sanitar qovşağında olan hava borusunun içərisində gizlətdiyi saxlanc yerində həmin mobil telefon aşkar edilərək götürülüb.
Qeyd: T.Məmmədli daha əvvəl qanunsuz narkotik saxlamada təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov