AZ

Həkimlərimizin 67 faizi Bakıdadır - Regionlarda çatışmazlığın SƏBƏBLƏRİ

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov ötən gün bildirib ki, ölkədəki həkimlərin 60-70 faizi son 4-5 ildə Bakıda cəmlənib. O, Azərbaycan regionlarında həkim çatışmazlığı olduğunu bildirib.

Qeyd edək ki, həkimlərin regionlardan Bakıya axışması son illər müzakirə olunan ən aktual mövzulardan biridir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlar da həkimlərin böyük hissəsinin Bakıda olduğunu sübut edir.

Komitənin məlumatına görə, 2024-cü ilin əvvəlində Azərbaycanda 33645 həkim olub. Onların 67 faizi - 23 minə yaxını Bakıdadır. Paytaxtda həkimlərin ən çox olduğu rayonlar Nəsimi və Yasamaldır.

Sumqayıtda 1458, Abşeronda 417 həkim var. Regionlardan ən çox həkimin olduğu bölgələr Gəncə (1135), Naxçıvan (445), Mingəçevir (392), Lənkəran (336), Şəmkir (324), Şəkidir (305).

Bütün Azərbaycanda əhalinin 10 min nəfərinə düşən həkim sayı 33 olduğu halda Bakıda şəhərində bu rəqəm 97, Nəsimi rayonunda 291-dir.

Nə üçün həkimlərimiz regionlardan qaçırlar?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, bu gün Azərbaycanın əksər regionlarında yeni yeni klinikalar, hospitallar inşa edilir:

“Lakin hələ də vətəndaşlar müalicə üçün paytaxda üz tutur. Bunun başlıca səbəblərindən biri və ən vacibi də öz üzərində çalışan həkimlərin Bakıda fəaliyyətə üstünlük vermələridir. Bu gün Gəncə, Goranboy kimi regionlarda müasir avadanlıqlarla təchiz olunmuş kifayət qədər xəstəxanalar mövcuddur. Bunlara həm özəl xəstəxanaları, həm də dövlət xəstəxanalarını aid etmək olar. Çatışmayan yeganə amil savadlı tibbi personaldır. Qeyd etdiyim kimi hazırda elə mütəxəssislərimiz var ki, onlar dayanmadan beynəlxalq konranslarda iştirak edir, ancaq daim axtarışda olan kadrlar rayonlarda fəaliyyət göstərməkdə maraqlı deyillər”.

M.Cəfərovun sözlərinə görə, bir çox sahə üzrə isə bölgədə mütəxəssislər ümumiyyətlə yox dərəcəsindədir:

“Hansı ki, bu sahədəki xəstəliklər gündən-günə çoxalır və təlabat artmaqdadır. Doğrudur, rayonlarda müəyyən qədər məhdud günlərdə olsa da fəaliyyət göstərən həkimlər olur. Onlar həftənin müəyyən günləri rayonlarda xəstə qəbulu həyata keçirdir və diaqnozları müəyyənləşdirirlər. Lakin əməliyyatı vacib xəstələrə yerindəcə xidmət göstərə bilmir, çünki ya müayinə üçün nəzərdə tutulan xəstəxanada buna texniki baxımdan şərait mövcud deyil, ya da prosesi icra edəcək həmkarları yoxdur. Bütün bunları nəzərə alaraq hər region üzrə zəruri tibbi sahə tam aydınlaşdırılmalı və elə bu sahə üzrə də mütəxəssislər cəlb olunmalıdır. Təbii ki, bu qısa müddətə həll olunası problem də deyil. Yenə də prosesi ən qısa müddətdə yekunlaşdırmaq olar”.

 

Seçilən
14
2
modern.az

3Mənbələr