AZ

Novruzəli Aslanov: “Azərbaycan 2024-cü ildən müsbət nəticələrlə çıxan çox az sayda ölkələrdən biridir”



“Yola saldığımız il bütün dünya üçün ağır keçdi. Bəzilərinə bu, sadəlövh yanaşma kimi görünə bilər, lakin mən deyərdim ki, 2024-cü ildə bəşəriyyətin ən böyük nailiyyəti III Dünya müharibəsindən qaçmaq oldu. Heç kim inkar edə bilməz ki, dünyada vəziyyət getdikcə pisləşir. Biz hər gün nəyinsə yaxşılığa doğru dəyişəcəyi ümidilə yuxudan oyanırıq, amma problemlər daha da dərinləşir. Bir münaqişə bitməmiş digəri alovlanır və bu, zəncirvari proses kimi davam edir. Bütün həll edilməmiş, dondurulmuş və ya unudulmuş problemlər təkrar-təkrar üzə çıxır və onların müəyyən edilən həlli yolları yenilərinin yaranmasına zəmin yaradır. Mən əslində nikbin adamam, bununla belə baş verənlər məni çox narahat edir. Həm də təkcə məni yox. Dünyada gərginlik səngimir, əksinə, artır. İlk dəfədir ki, dünya üçün ilin yekunlarına nəzər salarkən mən müsbət heç nə görmürəm. Təsəvvür edin, təhdidlər o dərəcədə böyükdür ki, biz heç olmasa III Dünya müharibəsinin başlanmamasına sevinirik və deməliyəm ki, 2024-cü ildə bəşəriyyət buna çox yaxın idi.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Deputat qeyd edib ki, bu gün bəşəriyyətin qarşılaşdığı ən müxtəlif xarakterli təhdidlərdən təklikdə qorunmaq və onların aradan qaldırılmasına nail olmaq demək olar ki, mümkünsüz olub və mövcud təhlükələrə qarşı effektiv mübarizə apara bilmək üçün bütün ölkələr öz səylərini birləşdirməlidirlər: “Təəssüflər olsun ki, bütün bunlar yaşadığımız dünyanın reallıqlarıdır və onlardan qaçmaq mümkün deyil. “Dəvəquşu siyasəti” isə mövcud şəraitdə tamamilə yolverilməzdir. Yəni mövcud problemlərə etinasızlıq göstərmək, onları görməzdən gəlmək tendensiyası bu vəziyyətdə daha ağır fəsadlara gətirib çıxara bilər. Artıq elə bir zamandır ki, öz yaxasını kənara çəkmək və hər şeyin öz-özünə düzələcəyini gözləmək mümkün deyil. Bu gün hər kəs dünyamızın bir gələcəyinin olması və bu gələcəyin əməkdaşlıq, humanizm və qarşılıqlı anlaşma üzərində qurulması üçün hər şeyi etməlidir. Hər halda mən çox ümid edirəm ki, sonda ağıl və dərrakə qalib gələcək. Çünki dünyamızı qorumaq üçün başqa yol mövcud deyil. Mən bunu artıq demişəm və bir daha təkrar edirəm - bu planetin bütün məsuliyyəti bəşəriyyətin üzərindədir. İnsandan başqa heç bir bioloji növ bu məsuliyyəti daşımağa qadir deyil. Əslində bu, böyük bir iltifatdır. Lakin insanlar onu səhv dəyərləndirdilər və buna görə də qorumalı və daha da təkmilləşdirməli olduqları dünyaya getdikcə daha çox əzab verməyə başladılar. Mövcud sivilizasiya gələcək nəsillərə hansı mirası qoyacaq? Bəşəriyyət əsrlər boyunca yaratdığı misilsiz dəyərləri bu gün özü məhv edir. Biz gələcək nəsillərə normal mövcudluğun qeyri-mümkünlüyünü, dağıntıları və zəhərlənmiş mühiti, düşmənçilik və nifrəti, dondurulmuş problemləri ötürməli deyilik. Bu çox vacibdir. Həll olunmamış, sonraya saxlanmış problemlər mütləq nə vaxtsa özünü büruzə verəcək. Biz bunu bu gün baş verənlərin nümunəsində müşahidə edə bilirik. Bu baxımdan Azərbaycan praktiki olaraq həlli mümkün olmayan problemi həll etməklə və onun gələcək nəsillərə qalmaması üçün hər şeyi etməklə bir daha bütün dünyaya nümunə göstərdi.”

Daha sonra N.Aslanov Azərbaycanın təcrübəsinin bütün dünya ölkələri üçün bir örnək ola biləcəyini diqqət mərkəzinə çəkib: “Hesab edirəm ki, Azərbaycan bu gün bütün dünyaya örnək ola bilər. Əksər dünya dövlətlərindən fərqli olaraq, ölkəmiz 2024-cü ildən müsbət nəticələrlə çıxdı. Ən böyük nailiyyətimiz o oldu ki, biz sabitliyi qoruyub saxladıq, heç kimdən və heç nədən asılı olmayaraq, planlarımızı həyata keçirməyə davam etdik. Biz təbii ki, ətrafımızda baş verənləri nəzərə alırdıq, lakin dövlətimizin, xalqımızın müəyyən etdiyi yolla inamla gedirdik. Və biz bütün nəzərdə tutulanları cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində həyata keçirə bildik. Dövlət başçısının milli maraqlara cavab verən aydın planları mütləq öz bəhrəsini verir. Azərbaycan 2024-cü ildə yenidən master-klass nümayiş etdirdi. Belə bir mürəkkəb coğrafiyada yerləşməklə heç də hər ölkə sabitliyi qoruyub saxlamağa və öz yolu ilə getməyə müvəffəq ola bilməzdi. Son illər biz torpaqlarımızı işğaldan azad etmişik, suverenliyimizin bərpasına və təhlükəsizliyimizin təminatına nail olmuşuq. Bu, xüsusilə mövcud şəraiti nəzərə alsaq, böyük nailiyyətdir. Düşünürəm ki, Azərbaycan nadir ölkələrdən biri kimi tədqiqat obyekti olmalıdır, çünki dünyada praktiki olaraq heç bir nümunə yoxdur ki, çox çətin vəziyyətdə olan bir ölkə ayaq üstə dura bilsin, dağılmasın, qürurunu və ləyaqətini qoruyub saxlasın, özünü ucadan bəyan etsin və otuz illik işğaldan sonra hərbi qələbə əldə edə bilsin. Bu, həqiqətən tarixdə heç vaxt olmayıb.”

Fikirlərini davam etdirən deputat ölkəmizin artıq yola saldığımız ildə əldə etdiyi nailiyyətlərə bir daha nəzər salıb: “Əlbəttə ki, Azərbaycanın bütün uğurlarında bizim gələcək nailiyyətlərimizin bünövrəsini qoyan Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu vardır. Cənab Prezident İlham Əliyev isə taleyin özü tərəfindən ona həvalə olunmuş missiyanı uğurla həyata keçirərək, həmin bünövrə üzərində dövlətçiliyimizin möhkəm divarlarını ucaltdı. Biz əlbəttə ki, Prezidentimizin belə bir müdrik siyasətçi olduğuna görə çox şanslıyıq. Azərbaycan xalqı və iqtidarı bir vəhdət təşkil edir ki, bu da uğurun vacib şərtidir. 2024-cü ildə hansı hadisələri əlamətdar adlandırmaq olar? Əlbəttə ki, ilk növbədə bu, COP29-dur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edirdi. Bu, gələcək üçün bir çağırış idi ki, Azərbaycan rəyi və mövqeyi nəzərə alınacaq, hörmət göstəriləcək, dostluq ediləcək bir ölkədir. Bu dünya miqyaslı möhtəşəm tədbir Bakıda böyük ləyaqətlə və ən yüksək səviyyədə keçirildi. Cənab Prezident öz çıxışında bütün dünyanın Bakıya toplaşdığını deyərkən heç də mübaliğəyə yol vermədi. COP29-a 190-dan çox ölkədən 80 minə yaxın qonaq gəlmişdi. Azərbaycana ilk dəfə gələnlər ölkəmizlə tanış oldular, daha əvvəl də burada olanlar isə bizi bir az da yaxından tanıdılar. Düşünürəm ki, COP29 bizim üçün çox böyük nailiyyət oldu. Bu, Azərbaycanın qüsursuz baş tutan möhtəşəm təqdimatı idi. Biz üzərimizə düşən məsuliyyətin öhdəsindən uğurla gəldik. Bu, çox mürəkkəb, çoxşaxəli komanda işi idi və Azərbaycan bir daha sübut etdi ki, belə tədbirləri ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Hətta ölkəmizə qərəzli münasibət bəsləyənlər də Bakıdan fərqli əhval-ruhiyyə ilə ayrılıblar.”

N.Aslanov COP29-un möhtəşəm nəticələrini bir daha diqqət mərkəzinə gətirərək, Azərbaycanın bu nəticələrin əldə olunmasında müstəsna rolunu xüsusi vurğulayıb: “Azərbaycan sədr kimi konkret nəticələr əldə etmək əzmində idi və buna nail oldu. Bizə yalnız COP29-un təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkür etmək, ölkə Prezidentinə müdrik rəhbərliyinə və uzaqgörənliyinə, onun düşünülmüş siyasəti sayəsində ölkənin əldə etdiyi imkanlara görə minnətdarlığımızı bildirmək qalır. BMT-nin iqlim konfransı kimi tədbiri bu qədər yüksək səviyyədə keçirmək hər ölkənin iqtidarında deyil. Biz buna nail olduq və son qələbə akkordu inkişaf etməkdə olan dünya ölkələrini iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün keçirilməsi tələb olunan tədbirlərin maliyyələşdirilməsinə dair tarixi razılaşmanın əldə edilməsi oldu. Mən deyərdim ki, COP29 təkcə ekoloji deyil, həm də siyasi və hətta strateji əhəmiyyəti olan bir hadisə idi. Biz siyasi, iqtisadi, strateji və humanitar istiqamətlərdə bütün səylərimizdə özümüzü təsdiq etmişik. Biz uzun bir yol qət etdik və COP29 bu yolda ən mühüm mərhələlərdən biri oldu. Yeri gəlmişkən, konfrans çərçivəsində beynəlxalq əməkdaşlıq sahəsində ölkə üçün mühüm sənədlər imzalanıb. Əlbəttə ki, ümumi mənzərəni götürsək, 2024-cü il ölkəmiz üçün təkcə COP29 sayəsində uğurlu olmayıb. Bu il “Böyük qayıdış” kimi möhtəşəm dövlət proqramının həyata keçirilməsi davam edib, dağıdılmış şəhər və kəndlərimizin xarabalıqlardan dirçəldilərək yenidən qurulması, yeni beynəlxalq standartlara uyğun yolların çəkilişi davam etdirilib. İşğaldan azad edilmiş ərazilərdə ekoloji mühit bərpa olunur və bunu sosial şəbəkələrdəki çoxsaylı videogörüntülər və KİV-də yayılan reportajlar da təsdiq edir.”

Sonda deputat ölkəmizin beynəlxalq mövqelərinin getdikcə gücləndiyini bir daha nəzərə çatdırıb və bu tendensiyanın əsasında duran amilləri qısa şərh edib: “Bəli, ölkəmiz bu gün örnək ola bilər, amma biz öz mövqeyimizi və baxışlarımızı heç kimə təlqin etmirik. Azərbaycan dünya səhnəsində obyektiv oyunçu kimi çıxış edir. Biz üzərimizə arbitr rolunu götürmürük. Azərbaycan güclü mövqelərə sahibdir və heç kimi nə qınamaq, nə də öymək niyyətində deyil. Bizim mövqeyimiz ona görə obyektivdir ki, biz qaranı ağdan ayırd etməyi bacarırıq və başqa ölkələrin işlərinə qarışmırıq. Ən əsası da budur ki, biz dünya güclərinə həqiqəti necə deyəcəyimizi bilirik. Azərbaycan bəzi aparıcı dövlətlərin, aparıcı dairələrin beynəlxalq siyasətdə təbliğ etdikləri riyakarlığı və ikiüzlülüyü ifşa etməkdən çəkinmir. Onlara elə gəlir ki, bu, bizim tərəfimizdən riyakarlıqdır. Amma bu, riyakarlıq deyil, obyektivlikdir. Biz həm düşmənlərimizə, həm də dostlarımıza qarşı obyektivik. Məsələn, biz İrəvanın ağlabatan bəyanatlarını, Ermənistanın sülhə doğru atdığı addımları obyektiv qəbul edirik və bu barədə açıq danışırıq. Biz bu beynəlxalq prosesin obyektiv iştirakçıları olmuşuq və olmaqda davam edirik. Bunu ancaq güclü və aydın dövlət siyasəti, real suverenliyi olan ölkə edə bilər. Azərbaycan bütün bunlara sahibdir. Azərbaycan bu gün də heç bir münaqişəyə müdaxilə etmir. Həm digər ölkələr arasındakı münaqişələrə münasibətdə neytrallıq siyasətinə riayət etdiyi üçün, həm də münaqişələrə müdaxilənin onları daha da şiddətləndirdiyini və nizamlanmaya mane olduğunu öz təcrübəsindən bildiyi üçün. Ümid edirəm ki, gələn il bəşəriyyət ixtilaflara son qoymaq və gərginliyin artmasının qarşısını ala bilmək üçün kifayət qədər müdrikliyə və cəsarətə sahib ola biləcək. İnsanlar Uca Yaradanın bizə bəxş etdiklərinə nankorluq etməməlidirlər. Bu hədiyyə bizə dünyaya qarşı məsuliyyətsiz münasibətə görə verilməyib. Artıq dediyim kimi, yalnız insan bu dünyanın başına gələcəklərə görə, onun məhv olub-olmayacağına görə cavabdehdir. Planetin 2025-ci ili necə yaşayacağı da yalnız ondan asılıdır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Seçilən
23
aia.az

1Mənbələr