Regionun geosiyasi rəngi dəyişir. Mövcud vəziyyət bölgə üçün gərginliyin azalmadığını, əksinə, artdığını diqtə edir. Cənubi Qafqaz yenə də böyük güclərin rəqabət meydanına çevrilmək təhlükəsi ilə üz-üzədir. Ermənistanın sülh sazişinə imza atmasını əngəlləmək, Gürcüstanda yaşanan son hadisələr bu oyunun görünən tərəfidir. Müsahibimiz Milli Məclisin deputatı Azər Badamovdur:
- Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi hansı bəndlərin üzərində dalana dirənir?
- Erməni ekspertlərin yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağı ilə bağlı səsləndirdikləri fikirlər İrəvana sülh tərəfdarı imicini yaratmağa çalışmasından irəli gəlir. Əslində, sülh müqaviləsinin imzlanmasına mane ola biləcək çox mürəkkəb məsələlər qalmayıb. Sülh müqaviləsini imzalamaq üçün Ermənistanın mütləq şəkildə icra etməli olduğu iki məsələ həllini tapmamış qalır. Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarından rəsmi şəkildə əl çəkməsi və Azərbaycanla bir yerdə Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciətdən keçir. Ermənistanda bu iki məsələnin həll olunması üçün hər hansı bir hərəkətlilik yoxdur. Nə qədər ki, bu məsələlər həll olunmayacaq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmayacaq. Biz Ermənistan xalqı ilə sülh müqaviləsi bağlamaq istəyirik. Ona görə də Ermənsitanda referendum keçirilməli, müvafiq dəyikliyin edilməsini ümumxalq səverməyə çıxarmalıdırlar. Məhz bundan sonra sülhdən danışa bilərik.
- Avropa İttifaqının Ermənistandakı binokl şousu nə zamana qədər davam edəcək?
- Avropa İttifaqının müşahidə missiyası regionda sabitliyin bərqərar edilməsinə əngəl olmaq üçün yaradılmışdır. Bu missiyanın uzunmüddətli saxlanılması Ermənistana sevgisindən irəli gəlmir. Aydın məsələdir ki, Qərbin regionla və Ermənistanla bağlı planları var. Məhz bu müşahidəçi missiyası həmin çirkin planları reallaşdırmaq üçün yaradılıb və onun funksiyası kəşfiyyat məlumatları toplamaqdır. Avropa İttifaqının missiyası ilkin görünüşdə topladığı kəşfiyyat məlumatlarını Ermənistana ötürdüyü kimi görünür. Əslində, onların məqsədi tək Azərbaycanla bağlı deyil, həm də İranla bağlı məlumatları özlərinin kəşfiyyat orqanlarına ötürməkdən ibarətdir. Həm də onlar Ermənistanın təxribat planlarının ssenarilərini cızırlar. Sonra da atəşkəsin pozulması anlarını qeydiyyata alır və ondan Azərbaycana qarşı istifadə etmək üçün işləyirlər.
- Qərbin Ermənistandan sonra Gürcüstan planı nədir və orada gedən proseslər nədən xəbər verir?
- Ermənistan Qərb tərəfindən idarə olunur və onların ssenarilərini həyata keçirir. Gürcüstanda isə vəziyyət fərqlidir. Parlament seçkilərindən sonra yenidən formalaşmış hökumət Gürcüstanın müstəqilliyini qorumaq və xalqın milli maraqlarını təmin etmək məsələsini önə çəkmişdir. Bu, Qərbin maraqlarına uyğun gəlmir. Qərb radikal müxailfəti maliyyələşdirərək qızışdırır, LGBT-nin inkişaf etdirilməsinə çalışır və Gürcüstanın Avropa İttifaqına inteqrasiyası adı altında müstəqilliyini əlindən almaq istəyir. Ona görə də yeni seçilmiş hökumət və Qərb arasında fikir ayrılıqları meydana gəlib. Bu baxımdan, Qərb radikal müxalifəti mitinqlərə çıxarır və yenidən formalaşmış demokratik parlamentin legitim olmadığını, yenidən seçkilərin keçirilməsini gündəmə gətirməyə çalışır. Təbii ki, Qərbin Gürcüstandakı bütün cəhdləri yersizdir. Gürcüstan Ermənistan deyil və gürcü xalqı öz seçimini artıq etmişdir.
- İdeoloji əsasda gürcü xalqının milli kimliyi və qürurunun, tarixinin və adət-ənənələrinin arxa plana keçməsi və onun yerinə yad LGBT və ifrat sağçı qüvvələrin ön plana atılması nəyə xidmət edir?
- Qərbin Gürcüstanla bağlı planları gürcü xalqını degenerasiya etmək və dövlət haqqında düşüncələrdən uzaqlaşdırmaq məqsədi daşıyır. Ona görə də Cənubi Qafqaza yad olan LGBT və sağçı qüvvələrini inkişaf etdirərək gürcü xalqını əsrlər boyu formalaşdırdığı milli kimliyi və qürurunun, tarixini və adət ənənələrini unutdurmaqla özlərinin idarə edəcəyi bir kütləyə çevirməyə çalışır. Təbii ki, Qərbin bu çirkin planları baş tutmadı və gürcü xalqı özünün tarixin formalaşdırıldığı milli kimliyini qorumağa üstünlük verdi.
- Qərb Ukrayna variantını Gürcüstan üçün də təkrarlaya bilərmi?
- Qərbin Ukrayna variantının bu xalqa verdiyi faciəli nəticələri göz önündədir. Əslində Gürcüstanda keçirilən seçkilərdə gürcü xalqı Qərbin Ukrayna ilə bağlı həyata keçirdiyi siyasətinin verdiyi faciələri göz önünə gətirərək səslərini veriblər. Qərb öz siyasətini hansı ölkədə keçirməyinə nail olursa, o ölkə faciələrlə qarşılaşır. Bu aksiomadır və yaşadığımız tarix bunu sübut etmişdir. Burada sadə bir məntiq var. Sual olunur: Qərbin Ukraynada, Gürcüstanda, Ermənistanda və digər ölkələrdə milyardlarla dollar maliyyə xərcləməsində məqsədi nədir? Hamı yaxşı bilir ki, Qərbə demokratiya lazım deyil. Onu düşündürən yeganə məsələ demokratiya adlı silahdan istifadə edərək ölkələri daxildən parçalamaqla zəiflətmək və o ölkənin daxili resurslarına sahib olmaqdır. Onlar sərf etdikləri maliyyənin 10 qatını sonradan qazanmaq və yüksək gəlirlərə sahib olmaq üçün maliyyə sərf edir. Hansı ölkənin lideri yerindədir və Qərbin bu təhlükəli planlarının qarşısını ala bilirsə o ölkənin təhlükəsizliyi təmin olunur. Hansı ölkələr Qərbin şirin vədlərinə inanıb onların küyünə gedirsə o ölkələrin gələcəyi məhv olur.
- Qərbin Gürcüstanı bu formada qeyri-sabitliyə sürükləməsi Azərbaycan, region üçün nə vəd edir?
- Gürcüstanda sabitliyin pozulması Azərbaycanın marağında deyil. Birincisi ona görə ki, Gürcüstanda bizim soydaşlarımız yaşayırlar və onların yaxşı yaşaması oradakı sabitlik və təhlükəsizlikdən asılıdır. Gürcüstan nə qədər inkişaf edərsə orada yaşayan soydaşlarımızın güzəranı da bir o qədər yaxşı olar. İkincisi isə bizim enerji ixrac kəmərlərimiz, BTQ dəmir yolumuz və Qara dəniz vasitəsilə daşımalarımız Gürcüstan üzərindən keçir. Gürcüstanda sabit və təhlükəsiz bir mühitün olması Azərbaycanın Avropa ilə əməkdaşlığın təhlükəsizliyinin təminatı deməkdir. Bu baxımdan, Gürcüstanda sabitlik və təhlükəsizlik ölkəmiz üçün vacibdir. Gürcüstanın sabitliyi regional əməkdaşlıq platformaları üçün də vacibdir. Biz ikitərəfli və “3+3” formatlarda əməkdaşlığımızı genişləndiririk. Regional əməkdaşlıq platformaları ölkələrimiz arasında əməkdaşlıq imkanlarının reallaşdrılmasına və regionumuza uzunmüddətli sülhün və təhlükəsizliyin gəlməsinə xidmət edir. Bu baxımdan, regionumuzun hər bir ölkəsində təmin olunmuş sabitliyi bütün bölgənin stabilliyi kimi dəyərləndirmək olar.