AZ

Azərbaycan çempionatında debüt edən hakim: Əliyar Ağayev və Entoni Teylor kimi referilərdən nəsə öyrənməyə çalışıram

Bakı, 19 dekabr, AZƏRTAC

"Çox şadam ki, Hakimlər Komitəsi bizə bu imkanı yaratdı”

Bu sözləri AZƏRTAC-a açıqlamasında ilk dəfə Azərbaycan çempionatının oyununu idarə edən naxçıvanlı hakim Pərviz İbrahimov deyib.

AFFA U-17 Liqasının XIX turunun "Neftçi" - "Şamaxı" matçında ədaləti qoruyan referi Hakimlər Komitəsindən gələn təklifin gözlənilməz olduğunu bildirib: "Daha əvvəl Naxçıvan Muxtar Respublikasında təşkil olunan yarışlarda hakimlik etmişəm. Burada uşaq futbolunda, eləcə də müəyyən turnirlərdə ədaləti qorumuşam. “Neftçi” – “Şamaxı” oyunu Azərbaycan çempionatında ilk hakimlik təcrübəm olsa da, mənim üçün rahat keçdi. Heç bir problem yaşamadım. Hər bir hakim kimi, bizim də hədəfimiz daha yuxarılarda olmaqdır. Arzu edirəm ki, Azərbaycan Premyer Liqasını və UEFA-nın bayrağı altında olan matçları idarə edim".

P.İbrahimov bəyəndiyi tanınmış hakimlərin adlarını da çəkib: "Yerli referilərdən Əliyar Ağayev, Elçin Məsiyevi, əcnəbilərdən isə ingiltərəli Entoni Teylor və portuqaliyalı Artur Diaşı çox bəyənirəm. Adını çəkdiyim hakimlərin idarə etdiyi oyunlara baxaraq, onlardan nəsə öyrənməyə çalışıram".

Qeyd edək ki, "Neftçi" - "Şamaxı" oyununda Pərviz İbrahimova Vüsal Xəlilzadə və İlkin Mustafazadə yan xətt hakimləri qismində kömək ediblər.

Seçilən
12
azertag.az

1Mənbələr