ABŞ-da baş verən müəmmalı hadisə ilə bağlı sensasion iddialar ortaya atılıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Cersi və Nyu-York ştatlarında son həftələrdə görünən müəmmalı dronların ya nəqliyyat zamanı itən radioaktiv materialı, ya da ölkəyə gizli şəkildə daxil edilən nüvə başlığını axtardığı iddia olunur.
Nyu-Cersi ştatında başlayan və sonradan Nyu-York və digər qonşu ştatlarda da müşahidə olunan bu dronlar ölkədə ciddi müzakirələrə səbəb olub. Nyu-Cersi ştatının Bellevil şəhərinin meri Maykl Melham bildirib ki, gecələr uçan pilotsuz uçuş aparatları hökumətin 2 dekabrda yoxa çıxdığı bildirilən radioaktiv materialı axtarmaq üçün apardığı əməliyyatın bir hissəsidir:
“Hazırda Nyu-Cersidə radioaktiv materialın itməsi ilə bağlı xəbərdarlıq var. 2 dekabrda bir yük göndərilib, lakin konteyner təyinat nöqtəsinə çatdıqda zədələnmiş və boş olduğu aşkar edilib. Beləliklə, hazırda bu materialı axtarırıq”.
Bu açıqlama, həmçinin, dronların təhlükəsizlik məqsədilə digər mümkün nüvə təhdidlərini müəyyən etmək üçün istifadə olunduğu ehtimalını da gündəmə gətirib.
Rəhman Mirzəlizadə, BakuPost