AZ

Türkiyənin Aİ-yə üzvlüyü gündəmdə - yeni reallıqlar

Siyasi şərhçi: “Türkiyəyə qarşı olanlar sonunda onun ittifaqa üzvlüyü ilə barışmalı olacaqlar”

Qardaş Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi yenidən gündəmə gəlib.  Uzun illərdir ki, Aİ qərəzli şəkildə Türkiyənin quruma üzvlüyünə problemlər yaradır. 

Hazırda formalaşan yeni dünya düzənində Türkiyənin rolu və nüfuzu tamamilə fərqlidir və onun Aİ üzvlüyü məsələsi yenidən aktuallaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransı zamanı deyib ki, Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır.

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyeni qəbul edib. Görüşdən sonra hər iki lider mühüm açıqlamalar verib.

Ərdoğan qeyd edib ki, Suriya terror yuvası olmaqdan qurtarmalıdır və Türkiyə əsas ölkədir: “Aİ ilə təmasda olduğumuz ili geridə qoyuruq. Biz həmişə demişik ki, Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Biz əməkdaşlığımızı davam etdirə bilərik. Üzvlüyümüzün həm birliyə, həm də cümhuriyyətimizə önəmli töhfələr verəcəyi aydındır. Son hadisələr Türkiyənin əsas ölkə kimi mövqeyini daha da gücləndirdi.

Leyenlə danışıq apardıq və Suriyanın sabitliyini vurğuladıq. Bu gün biz iştirakçı administrasiyanın yaradılması ilə bağlı razılığa gəldik. Baas rejimi geridə dağıntılar qoyub. Biz 13 ildir münaqişələrdən tükənmiş Suriya ilə qarşı-qarşıyayıq. Suriyanın təkbaşına bunun öhdəsindən gəlməsi mümkün deyil. Dəstəklə tez ayağa qalxmalıdır. Beynəlxalq ictimaiyyət 13 ildir ki, kifayət qədər dəstək göstərə bilmir. 12 il yarımdan sonra Dəməşq səfirliyini açdıq. Ölkəni terror yuvası olmaqdan qurtarmaq lazımdır. Bu baxımdan Türkiyə əsas ölkədir".

Türkiyə lideri vurğulayıb ki, İsrail bölgədəki təcavüzünə son qoymalıdır.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen də çıxışında vacib məqamlara toxunub: “Kritik dövrdə Suriyaya veriləcək dəstəkdən danışdıq, indi addım atmalıyıq. Biz çalışmalıyıq ki, erkən xidmət göstərək. Biz humanitar yardımı 160 milyon avroya çatdırdıq. Türkiyənin sabitliyin əldə olunmasında çox mühüm rolu var. Türkiyə ilə münasibətlərimiz mürəkkəb olduğu qədər də zəngindir. Bizim iqtisadi əlaqələrimiz daha güclüdür. Aramızda ticarət dövriyyəsi 206 milyard dollara çatıb. Bizim niyyətimiz irəli getmək və güclənməkdir”.

Yeni şərtlər Türkiyənin Aİ-yə üzvlüyünü mümkün edirmi? Buna konkret hansı ölkələr mane olur?

Akif

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında get-gedə Avropanın Türkiyəyə ehtiyacının artdığını qeyd etdi: “Ərdoğan dönəmində dünyanın aparıcı əsas ölkələrindən birinə çevrildi. Bütün məsələlərdə qardaş ölkənin rolu nəzərə alınır. Türkiyə hansı məsələyə qarışırsa, o məsələ qısa zamanda, özü də ədalətli formada həll olunur. Bunu artıq Qərb dünyası da yaxşı başa düşməyə başlayıb. Qardaş ölkəyə nə qədər təzyiq etsələr də, onu alətlərinə çevirməyə çalışsalar da, Qərb istədiyinə nail ola bilmədi. Türkiyə hər kəsə adekvat cavabını verdi. Amerika kimi supergücü də öz yerində oturtdu. Avropa dövlətlərindən üstün olduğunu dəfələrlə göstərdi. Göstərdi ki, onlar heç nəyə qadir deyillər. Bir sözlə, bütün problemli məsələlərin həllində Türkiyəmiz iştirak edir. Rusiya ilə bərabərhüquqlu münasibətlərini davam etdirir. Moskva Ankaraya nəyisə diqtə etmək fikrinə belə düşmür. Türkiyə hazırda dünyada ən ağır məsələlərin altına girən bir dövlətdir. Son olaraq Suriyada baş verənlər Türkiyənin təsir və güc imkanlarını göstərdi. Eyni zamanda, Ukraynda baş verən müharibədə müdaxilə imkanlarını bu dəqiqə ən çox rəsmi Ankara əlində saxlayır. Orada sülh imkanları yaratmaq üçün vaxtı ilə qardaş ölkənin irəli sürdüyü variantlar üzərində düşünülür. Hətta Ukrayna rəhbərliyi də o mövqedən çıxış edir. Bütün bunlar onu göstərir ki, bu gün Türkiyənin Avropaya daha çox yox, Avropanın Türkiyəyə daha çox ehtiyacı yaranıb. Avropa artıq ehtiyac duyduğuna görə Türkiyə ilə münasibətləri yaxınlaşdırır. Türkiyənin gücünə görə onu Avropa İttifaqında görmək istəyən qüvvələr kifayət qədər var. Amma bunu istəməyənlər də az deyil. Bunlar ilk növbədə Fransa və Yunanıstan, eləcə də digər dövlətlərdir. Türkiyənin güclənməsi onları narahat edir. Ankara Yunanıstanla da münasibətlərini normallaşdırmağa çalışır. Hansı dövlətlər Türkiyəyə qarşı qərəzli mövqe tutursa, onları düz yola çəkmək üçün qardaş dövlət cəhdlər edir. Tədricən onlarla da münasibətləri normallaşdırır. Düşünürəm ki, Türkiyəyə qarşı olanlar sonunda onun ittifaqa üzvlüyü ilə barışmalı olacaqlar. Çox da uzaq olmayan bir müddətdə Türkiyə Avropa İttifaqına daxil ola bilər”.

Azərbaycan

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev indiki zamanda qardaş ölkənin Avropa İttifaqına üzvlüyünü mümkünsüz sayır: “Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi Ərdoğan hakimiyyətə gəlməmişdən uzun illər əvvəl başlamışdı. Bu o zaman idi ki, Avropa İttifaqında Türkiyəyə olan münasibət indikindən müsbət istiqamətdə qat-qat fərqli idi. Bununla belə üzvlük məsələsində müzakirələr uzanırdı. Müxtəlif şərtlər və həyata keçirilməsi imkansız olan təkliflər verilirdi. Ərdoğan hakimiyyətə gələndən sonra da bu danışıqlar davam etdirildi və sonda bir sıra böyük Avropa İttifaqı dövlətləri Türkiyəni Avropa İttifaqında görmək istəmədikləri bəyanatlarını verəndən sonra rəsmi Ankara bu məsələni bağladı. O gündən bu günə prosesləri yumşaldacaq, yaxud Türkiyənin birliyə üzvlüyünü vacib edən heç nə baş verməyib. O səbəbdən Türkiyənin Avropa İttifaqı üzvlüyü məsələsinin hələ real olmadığını düşünürəm. Bu məsələdə ittifaq dövlətlərini əsas narahat edən məqam Türkiyənin Avropa İttifaqına üzv olduğu təqdirdə bu təşkilatda ən böyük dövlət olması narahatlığıdır. Hazırda Almaniya 84 milyon əhalisi ilə Avropa İttifaqında ən böyük dövlətdir və bundan asılı olaraq Avropa parlamentində ən çox üzvlə təmsil olunur. Çünki Avropa parlamentində üzvlərin kvotası əhali sayına uyğun müəyyənləşir. Türkiyə üzv olacağı halda isə 85 milyon əhalisi ilə birincilik ona keçəcək, Avropa Parlamentində təmsil olunan üzvləri və ətrafına yığacaq bir sıra digər Avropa İttifaqı dövlətləri ilə qərarların qəbuluna, Avropa komissarlarının seçilməsinə ciddi təsir edəcəyi şübhəsizdir. Eyni zamanda Avropa İttifaqı üzvlüyü üstünlüklərindən istifadə etməklə Türkiyə əhalisinin ittifaq dövlətləri ərazisinə sərbəst gedişi və iş qurmaları imkanı və bir müddətdən sonra Avropa İttifaqı ölkələrində iqtisadiyyatın bir çox vacib qollarına nəzarət etmək reallıqları ortada var. O səbəbdən hesab edirəm ki, Türkiyə Avropa İttifaqına üzvlük məsələsini yenidən masaya qoyub müzakirələr başlada bilər. Amma qəbul məsələsinin bugünkü reallıqlar baxımından mümkün olmayacağı aydındır. Amma ittifaqla Türkiyə arasında münasibətlərin normallaşması və əməkdaşlığın son 15 ildən fərqli olaraq daha pozitiv notlar üzərində qurulması hazırkı dönəm üçün kifayət qədər müsbət hal olar və bu perspektiv hər iki tərəfə daha çox xeyir gətirər. Gələcəkdə situasiyadan asılı olaraq digər addımların atılması da mümkün ola bilər. Həmçinin hələ bəlli deyil ki, yaxın gələcəkdə Avropa İttifaqı indiki formatda yaxud dizaynda olacaq, ya yox. Həmçinin bu birliyin digər bir birliyə transformasiya olması da perspektivi də müzakirə olunur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
24
1
musavat.com

2Mənbələr