AZ

Prezidentin hədəfə toxunan MESAJLARI: “Bu yanaşma Azərbaycanın qətiyyətli siyasətini əks etdirir”

“İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu müsahibəsində qətiyyətli və sərt mövqe sərgiləyərək, Azərbaycanın haqlı və prinsipial mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Eyni zamanda, cənab Prezident mühüm və ciddi mesajlar verdi. Bu bəyanatlar isə Azərbaycanın əleyhinə çıxış edən bəzi beynəlxalq dairələrə aydın bir siqnal oldu və onlar öz dərslərini almış oldular. İlham Əliyev Azərbaycanın haqlı və ədalətli mövqeyini növbəti dəfə qətiyyətlə ifadə edərək, Ermənistanla davam edən sülh danışıqlarında Azərbaycanın ədalətli yanaşmasını vurğuladı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Analitik Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RIA Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi bəyanatları analiz edib.

S. Kərimlinin fikrincə, dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Ermənistan bəzi beynəlxalq dairələrin alətinə çevrilərək Azərbaycana qarşı yönəlmiş çirkin planlara xidmət edir:

“Bununla yanaşı, həmin dairələrin Cənubi Qafqazda həyata keçirmək istədikləri oyunlar ifşa edildi. Ermənistanın silahlanaraq regionda sülh və təhlükəsizliyə təhdid yaratması məsələsi xüsusi olaraq diqqətə çatdırıldı. Cənab Prezident bu kontekstdə əhəmiyyətli detallara toxundu və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi və silahlanmanı dayandırmasının sülhün bərqərar olması üçün əsas şərt olduğunu qeyd etdi.

Eyni zamanda, Prezident İlham Əliyev beynəlxalq instansiyalarda tərəflərin qarşılıqlı iddialardan imtina etməsinin vacibliyini vurğuladı. Bu kontekstdə, Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyini bir daha bəyan etdi: Minsk qrupu artıq fəaliyyətini dayandırıb və tarixə qarışmalıdır. Bu yanaşma Azərbaycanın qətiyyətli siyasətini əks etdirir. Ermənistan isə bu kimi məkrli oyunlardan əl çəkməli və bölgədə sabitliyin təmin olunmasına töhfə verməlidir”.

S. Kərimli əlavə edib ki, ölkə rəhbəri həmçinin, Ermənistan ərazisində yerləşdirilən və məqsədyönlü şəkildə artırılan “müşahidə missiyası” ilə bağlı narahatlıqlarını da ifadə edib:

“Bu missiyanın Fransa və bəzi Avropa dairələri tərəfindən təşəbbüs edildiyi və bölgədə gərginlik yaratmaqdan başqa heç bir məqsədə xidmət etmədiyi vurğulandı. Azərbaycan isə haqlı olaraq bu missiyanın fəaliyyətini məqbul hesab etmir. Bununla yanaşı, İlham Əliyev beynəlxalq siyasi proseslər, Qərb-Rusiya qarşıdurması və Ukrayna üzərindən həyata keçirilən geosiyasi planlarla bağlı fikirlərini səsləndirdi. Bu yanaşma, Azərbaycan Prezidentinin geosiyasi və geoiqtisadi məsələlərə kompleks yanaşdığını və düşünülmüş siyasət apardığını bir daha göstərir. Azərbaycan Prezidentinin bu mövqeyi, həm ölkə daxilində, həm də beynəlxalq arenada ölkəmizin qətiyyətli və haqlı mövqeyini nümayiş etdirir. Bu, hər bir azərbaycanlı üçün qürurverici bir haldır. Azərbaycan Prezidentinin praqmatik və strateji yanaşması dünya miqyasında ölkəmizin nüfuzunu daha da artırır və Cənubi Qafqazda sülhün təmin edilməsində mühüm rol oynayır”.

Rafi Müslümov

Seçilən
23
yenicag.az

1Mənbələr