İLK YAYIMLANMA SAATI - 08:11
Bitcoin sürətlə bahalaşır- süni ajiotaj, yoxsa... - rəylər
Uzun illərdir dünyada elektron valyutaya keçid haqqında danışılır. Bu istiqamətdə artıq müxtəlif texnologiyalar hazırlanıb və ölkələr müəyyən hazırlıqlar görürlər. Son 10 gündə Bitcoin sürətlə bahalaşıb.
Çərşənbə axşamı Bitcoin bütün zamanların ən yüksək səviyyəsini 108.000 dolları ötüb. Bitfinex proqnozlaşdırır ki, bu hədd 200.000 dollar olacaq.
ABŞ-da spot Bitcoin ETF və Ethereum ETF-ə daxilolmalar davam edir.
Xarici analitiklər Bitcoinin qiymətinin artacağını proqnozlaşdırırlar. Məsələn, bəzi ekspertlər 2024-cü ilin sonuna qədər Bitcoinin qiymətinin 110 min dolları keçəcəyini düşünürlər.
Bitcoinin qiymətinin artmasının səbəbləri arasında ABŞ-da keçirilən prezident seçkisi də ciddi rol oynayıb. Donald Trampın prezident seçilməsi ilə Bitcoinin qiyməti sürətlə bahalaşmağa başladı, çünki o, seçki kampaniyası zamanı kriptovalyutaları dəstəklədiyini və ABŞ-ı “Bitcoin supergücü” edəcəyini vəd etmişdi.
Bir neçə gün öncə Donald Tramp kriptovalyuta siyasəti ilə bağlı qiymətləndirmə edib. CNBC-yə müsahibəsində Tramp kritovalyuta barədə diqqətçəkən açıqlama verib.
“Kripto ilə bağlı əla fikrimiz var, çünki biz Çinin, hətta təkcə Çinin deyil, özümüzün lider olmağımızı istəyirik”, - deyə Tramp bildirib.
Bu açıqlamadan sonra “Bitcoin” kriptovalyutasının qiyməti artıb.
Bitcoinin qiymətinin artmasına həm də Trampın ABŞ-da Bitcoin ehtiyatı yaratmaq planlarını təsdiqləməsi səbəb olub. Nəticədə kriptovalyuta alışlarının həcmi 74 milyon dollara yüksəlib.
MicroStrategy ötən həftə daha 15 350 BTC alıb. Ümumiyyətlə, keçən həftə kriptofondlara qlobal investisiya 3,231 milyard dollar artıb. Bitcoində investisiyalar 2 milyard dollar, Ethereumda 1,09 milyard dollar, XRP-də isə rekord həddə 146 milyon dollar artıb olub.
Bu il kripto məhsullarına ümumi investisiya axını 44,5 milyard dollara çatıb ki, bu da il üçün əvvəlki investisiya rekordundan dörd dəfə çoxdur.
Gdp.az-ın araşdırmasına görə, Azərbaycanda kriptovalyuta bazarı və Cənubi Qafqaz ölkələri ilə regional müqayisədə nisbətən çoxdur. Azərbaycanda kriptovalyuta ilə əməliyyatların həcmi 2023-cü ildə 4,4 milyard dollara çatıb və ölkədə 120 min kriptovalyuta istifadəçisi qeydə alınıb. Bu göstəricilər region ölkələri ilə müqayisədə diqqətəlayiq nəticələrdir.
Gürcüstanda ötən ildə kriptovalyuta əməliyyatlarının həcmi təxminən 2,5 milyard dollar olub. Ölkə xüsusilə "Bitfury" kimi böyük şirkətlərlə əməkdaşlıq edir və rəqəmsal valyuta əməliyyatlarını aktiv şəkildə həyata keçirir.
Ermənistanda isə kriptovalyuta bazarının həcmi 1 milyard dollar olub. İstifadəçi sayı Azərbaycana nisbətən daha aşağı səviyyədədir. Kriptovalyuta əməliyyatları əsasən fərdi istifadəçilər tərəfindən həyata keçirilir və ölkədə bu sahənin tənzimlənməsi hələ tam formalaşmayıb.
Azərbaycan kriptovalyuta bazarı baxımından Cənubi Qafqazda ən sürətli inkişaf edən ölkədir. Gürcüstan kriptovalyuta hasilatı sahəsində liderlik etsə də, Azərbaycanda əməliyyatların həcmi daha böyükdür. Ermənistan isə bu sahədə nisbətən geri qalır, lakin potensial inkişaf üçün imkanlar mövcuddur.
Azərbaycanın regional bazarda liderliyi rəqəmsal texnologiyalara olan maraq, iqtisadi artım və maliyyə texnologiyalarına qoyulan investisiyalarla bağlıdır. Gələcəkdə bu sektorun daha da inkişaf etməsi üçün hüquqi bazanın formalaşması və tənzimləmə mexanizmlərinin tətbiqi mühüm rol oynaya bilər.
Yeri gəlmişkən, son statistik nəticələrə görə, Azərbaycanda kriptovalyuta bazarının həcmi 4,4 milyard dollar həcmində qiymətləndirilir. Bura kriptovalyuta ilə aparılan əməliyyatlar daxildir.
Müqayisə üçün bildirək ki, sentyabr ayında Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 98,22 min idi. Belə ki, “TripleA” şirkətinin 9 MDB ölkəsi arasında apardığı tədqiqatın nəticəsinə görə, Azərbaycan 6-cı pillədə qərarlaşıb. İlk beşliyə Rusiya (17,38 milyon istifadəçi), Ukrayna (5,57 milyon), Belarus (352,5 min), Özbəkistan (344,05 min), Qazaxıstan (324,33 min) daxildir.
Qırğızıstan (63,2 min) və Moldova (54,38 min) 7-ci və 8-ci yerlərdə qərarlaşıb. Sonuncu yerdə 33,27 min istifadəçi ilə Ermənistandır.
Elnur Quliyev
Kriptovalyuta üzrə ekspert Elnur Quliyev “Yeni Müsavat”a Azərbaycanda kriptovalyuta bazarındakı ümumi vəziyyət, 2025-ci ildə bu sahədə gözlənilən dəyişikliklərlə bağlı geniş şərh verib. Ekspert bildirib ki, dünyada kriptovalyuta bazarındakı vəziyyətə təsir edən 3 fundamental amil var: “Bunlardan birincisi Donal Trampın seçkilərdə qalib gəlməsidir. Trampın prezident seçilməsi ilə blokçeyn texnologiyası ilə bağlı sənaye yumşaq formada tənzimlənəcək. Bu da o deməkdir ki, müəyyən qadağalar aradan qaldırılacaq, əvvəlki dövrdə kriptovalyuta ilə bağlı fəaliyyət göstərən şirkətlərə tətbiq olunan sanksiyalar aradan qaldırılacaq. Trampın Bitcoini strateji ehtiyatlara əlavə etmək planı var ki, bu da digər investorları kriptovalyuta almağa təşviq edir. İkinci amil ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot faiz dərəcəsini getdikcə aşağı salmasıdır ki, bu da dolların dəyərinin ucuzlaşması deməkdir, nəticədə isə riskli aktivlərin, ilk növbədə də Bitcoinin dəyəri artacaq. Üçüncü amil isə cari ilin yanvar ayında ETF-lərin təsdiq edilməsi ilə bağlıdır. Bu, fondların fiziki olaraq Bitcoin almağa başlamasına səbəb oldu ki, nəticədə səhmdarlar və şirkətlər qazanır. Bununla bağlı böyük maliyyə axını yarandı. Hətta dünyanın ən böyük şirkətlərindən biri "Blackrock"un rəhbəri Bitcoin barədə yanıldığını bildirdi. O, kriptovalyutanı rəqəmsal qızıl kimi dəyərləndirib".
2025-ci ilin proqnozlarına gəlincə, mütəxəssisin fikrincə, Tramp söz verdiyi kimi, Bitcoini strateji ehtiyatlara əlavə etsə, qiymət 125-140 min dollara qədər arta bilər: “Böyük investisiya fondlarına portfelin heç olmasa 1-3 faizini kriptovalyutada saxlamaq təklif olunur. Milyard deyil, 100 milyon dollardan çox portfelə malik olan şirkətin 1 faizi kriptovalyuta bazarına girsə, yaranacaq ajiotajı təsəvvür edirsiniz? Məsələn, Avstraliya pensiya fondu öz ehtiyatlarının 0,05 faizini kriptovalyutaya yönəltdi. Bu da təxminən 17,2 milyon dollar deməkdir. Əgər kriptovalyuta strateji ehtiyat kimi qəbul edilsə, tələb yaranacaq, bu da avtomatik qiymətin artmasına səbəb olacaq. Avropa isə bu mövzuya konservativ yanaşır. Tramp biznesmendir, tələb yaradaraq pul qazanmağı bacarır. Hər 4 ildən bir halvinq olur. Adətən halvinqdən 6-7 ay sonra qiymət artmağa başlayır (red: halving - yarıya bölünmə, yəni Bitcoin şəbəkəsində maynerlərə yeni blok əlavə etdiyi üçün verilən mükafatın həcminin iki dəfə azaldılmasıdır). Sonuncu halvinq may ayında olmuşdu. İndidən iddia edirəm ki, 2032-ci ildə Bitcoinin birinin qiyməti 1 milyon olacaq. Çünki 7 ildən sonra Bitcoinin buraxılışı 99 faiz olacaq. Bitcoin sayı məhdud olduğu üçün 2032-ci ildə 99 faizi mayninq olunacaq. O zaman ABŞ prezidentinin kim olmasının heç bir əhəmiyyəti olmayacaq. Müqayisə üçün deyim ki, qızılın bazar kapitalizasiyası 17 trilyon dollardır, 15 il öncə yaradılan Bitcoinin isə 2 trilyon dollar. Hazırda dünyada Bitcoin 7-ci ən bahalı aktivdir. Bu tendensiya davam edəcək”.
O ki qaldı Azərbaycanda kriptovalyuta bazarındakı vəziyyətə, E.Quliyev hesab edir ki, bu məsələdə əsas tənzimləyici orqan Azərbaycan Mərkəzi Bankıdır: “Mərkəzi Bankın yanaşmasına görə, kriptovalyutanın qiyməti dəyişkən olduğu üçün investorlar pul itirə bilərlər. Amma ABŞ bu cür strateji qərar verməyə risk edirsə, buna diqqət etmək lazımdır. Trampın qələbəsindən bir neçə gün sonra AMB 4 kriptovalyuta ilə bağlı şirkətə "yaşıl işıq" verdi. Bu şirkətlər bir il ərzində məhdud çərçivədə fəaliyyət göstərəcəklər. Fəaliyyətə uyğun olaraq, tənzimləmə mexanizmi ortaya qoyulacaq. Ehtimal ki, biz nəticəni 2025-ci ilin yay aylarından sonra görəcəyik".
Göründüyü kimi, Bitcoin yeni dünyada prioritet ola bilər, lakin bu, həm texnoloji inkişaflardan, həm də tənzimləmə siyasətlərindən asılıdır.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”