AZ

Professor: Rayona gedən həkimlərə müəyyən üstünlüklər verilməlidir

“Ev verilməli, maaşı yüksək olmalıdır”

Ən azı müəyyən dövr üçün bunlar çox vacib faktordur


“Azərbaycanda fəaliyyət göstərən həkimlərin 60-70 faizi məhz paytaxtda cəmləşib".
Bunu TƏBİB-in İcraçı direktorunun müavini Azər Nəsirov "Səhiyyə İdarəçiləri Zirvəsi - 2024" tədbirində deyib. O bildirib ki, hazırda regionlarda həkim çatışmazlığı müşahidə olunur. TƏBİB-in icraçı direktorunun müavini problemin həlli yollarından da bəhs edib. O qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan olmalıdır.
O qeyd edib ki, bütün yaxşı, üçüncü səviyyəli səhiyyə xidmətinin Bakıda yerləşməsi fikri yanlışdır: "Düzdür, səhiyyə sistemində müəyyən problemlər var, amma son 4-5 ildir mövcud nöqsanların aradan qaldırılması istiqamətində böyük addımlar atılır".
 TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə jurnalistlərə açıqlamasında regionlardakı həkim çatışmazlığı ilə bağlı layihə hazırlandığını deyib.
Onun sözlərinə görə, Qərb bölgəsində pilot layihənin icrasına başlanılacaq: "Burada cərrahi xidmətlərin daha da təkmilləşdirilməsi ilə bağlı gələn ilin yanvar ayından yeni layihə reallaşdırılacaq". Direktor qeyd edib ki, sözügedən layihə ilə bağlı regionlardakı icra hakimiyyətləri ilə danışıqlar aparılıb: "Həmin bölgəyə cəlb olunan həkimlərin və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılacaq. Məqsəd odur ki, regionda yaşayan vətəndaşımız tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə etsin. Çox güman ki, gələn ilin ilk 6 ayında müsbət nəticələr əldə edəcəyik".

Professor Adil Qeybullanın sözlərinə görə, rayona gedən həkimlərə stimullaşdırıcı tədbirlər görülməli, müəyyən  üstünlüklər verilməlidir. Ən azı müəyyən dövr üçün bunlar  çox vacib faktordur.
Həkim “Sherg.az"a açıqlamasında deyib ki, sözügedən problemin həllini regionlarda işləyən həkimlər üçün xüsusi sosial müdafiə tədbirlərinin həyata keçirilməsində görür:

 “Ev verilməli, maaşı yüksək olmalı, kommunal şəraiti dərhal təmin edilməli, başqa kommunal xərclərdən azad olunmalıdır.
Həkimlərimizin mütləq əksəriyyəti, həqiqətən də, Bakıda və digər iri şəhərlərdə cəmləşib. Bu da ondan irəli gəlir ki, paytaxtda və bir neçə iri şəhərimizdə həyat səviyyəsi rayon yerlərinə nisbətən yüksəkdir. Kənd və rayon yerlərində isə həkimlər üçün şərait yetərincə deyil. Ona görə də regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün həkimlərlə bağlı xüsusi sosial müdafiə təbdirləri həyata keçirilməlidir. Belə olarsa, rayon yerlərində də işləmək həvəsində olan həkimlərin sayı artacaq. Yəni elə etmək lazımdır ki, həkim regionlarda da işləməyə həvəs göstərsin. İcbari tibbi sığorta yaranandan fiksə olunmuş maaş sisteminə keçməli idik. Bu, məsələnin həllinə çox kömək edəcəkdi, amma olmadı. Arxasında korporativ maraqlar dayanan işlər baş verdi və nəticədə bu istiqamətdə icbari tibbi sığortadan yararlana bilmədik. İcbari tibbi sığortanın bir hədəfi də həkimlərin peşəkarlığının artmasıdır. Hesab edirəm ki, bu işin qurulmasında yanlışlıqlar olduğundan regionlarda həkim çatışmazlığı ilə üzə-üzə qalmışıq”.

A.Qeybullanın sözlərinə görə, regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün vacib addımlardan biri də pensiya yaşına çatmış həkimlərlə bağlı güzəştlərin tətbiqidir: 
“Əgər həmin həkim əmək qabiliyyətini saxlayıbsa, təcrübəlidirsə, öz işindən məmnundursa, özü də pensiyaya getmək istəmirsə, ona hansısa formada şərait yaradılmalıdır. Ola bilər ki, çalışdığı xəstəxanada yer yoxdur və s. Onu başqa yerə köçürmək olar. Bu iş TƏBİB-in əlindədirsə, bunlara görə birbaşa məsuliyyət daşıyır. Bu cür həkimlərin işlə təmin olunmasına diqqət etmək lazımdır. Pensiya yaşına çatması o demək deyil ki, işdən azad olunsun.  İnsan əmək qabiliyyətini saxlayıbsa, faydalılıq əmsalı varsa, cəmiyyət onun fəaliyyətindən fayda görürsə, burada yaşın nə önəmi var? Bu, əslində, həkimlərə qarşı sayğısızlıqdır".

Seçilən
11
sherg.az

1Mənbələr