AZ

Müharibənin O BİRİ ÜZÜ: “İtirən tərəf həm Ukrayna, həm də Rusiyadır”

“Qərbin siyasəti Amerika başda olmaqla, əsasən, Rusiyanı zəiflətmək və çökdürmək üzərində qurulub. Bu siyasətin tərkib hissəsi olaraq Ukrayna-Rusiya müharibəsi isə xüsusi rol oynayır. Belə ki, Putin sanki tələyə salınıb və nəticədə Ukrayna xalqı ən böyük zərbəni alır. Bu vəziyyətdə faktiki olaraq Qərblə Rusiya arasında müharibə iki əsas cəbhədə gedir: biri Ukraynada, digəri isə Suriyada. Daha əvvəl az miqyasda Gürcüstanda da bu müharibə özünü göstərmişdi. Hazırda isə bu münaqişə soyuq müharibə xarakteri daşıyır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.

Analitik Rusiya-Ukrayna müharibəsinin növbəti ildə davam etdirilməsi ilə bağlı Qərbin həyata keçirdiyi bir sıra addımları analiz edib.

Onun sözlərinə görə, Qərbin indiki yardımları əvvəldən mümkün olsa da, məqsəd müharibəni uzatmaq və Rusiyanı iqtisadi baxımdan zəiflətməkdir:

“Bu yardımlar tədricən və gecikdirilmiş şəkildə edilir. Əziyyət çəkən isə həm Ukrayna, həm də Rusiya xalqlarıdır. Putin rejimi süquta məhkumdur, lakin belə rejimlər birdən-birə yox olmur. Bu proses tədricən baş verir. Amerika isə bu vəziyyətdən, əsasən, qazanan tərəfdir. Çünki Rusiyanın valyuta ehtiyatları və qızıl rezervləri dondurulub, nəticədə, Rusiya ciddi iqtisadi çətinliklərlə üzləşir. Bundan əlavə, Qərb şirkətləri bu müharibədən köhnə silahlarını Ukraynaya sataraq mənfəət əldə edir. Maraqlıdır ki, bu silahların alınması da, əsasən, Rusiyadan dondurulmuş vəsaitlərin hesabına baş verir. Beləliklə, Qərb həm silah satışından, həm də rəqibi olan Rusiyanın zəiflədilməsindən strateji üstünlüklər əldə edib. İtirən tərəf isə həm Ukrayna, həm də Rusiyadır”.

M. Zülfüqarlıya görə, bu təcrübədən ibrət götürmək lazımdır ki, digər xalqlar, o cümlədən keçmiş SSRİ respublikaları Qərbin siyasətinin alətinə çevrilməsin:

“Ermənistan da hazırda bu təhlükəli yolda addımlayır və Qərbin alətinə çevrilmək üzrədir. Gələcəkdə bu münaqişənin Ermənistan ərazisində davam edə biləcəyi ehtimalı var. Bu baxımdan, Azərbaycanın yeritdiyi siyasət tamamilə düzgün görünür. Azərbaycan balans siyasətini qoruyaraq, həm Qərblə münasibətləri normallaşdırmağa çalışır, həm də Rusiya kimi “yaralı ayı”dan özünü qorumağı bacarır. Putin rejiminin məqsədi də yalnız Ukrayna ilə məhdudlaşmır; Qazaxıstan və digər keçmiş SSRİ respublikaları da potensial hədəfdir. Ona görə də bu ölkələr maraqlı olmalıdır ki, Putin rejimi zəifləsin, Rusiya demokratikləşsin və keçmiş SSRİ respublikaları normal cəmiyyətlər qurmaq imkanı əldə etsin. Hazırda bu prosesin qarşısını alan əsas amil Rusiyanın imperialist siyasətidir.

Ukrayna xalqı bu müharibədən ən çox əziyyət çəkən tərəfdir. Qərbin göstərdiyi yardımlar müharibənin uzanmasına səbəb olur və Ukrayna xalqının mənafeyinə tam uyğun gəlmir. Bu yardımlar sadəcə Qərbin siyasətini həyata keçirmək üçün bir vasitədir və Ukrayna bu siyasətdə alət kimi istifadə olunur”.

Rafi Müslümov

Seçilən
5
yenicag.az

1Mənbələr