"İran və Rusiyaya sanksiyalar yumşalarsa, Avropa ölkələrinin də bura qoşulması ilə Şimal-Cənub dəhlizinin əhəmiyyəti kifayət qədər artacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya hökumətinin Bakı ilə imzaladığı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımalarının birgə inkişafı haqqında saziş layihəsini təsdiqləməsini şərh edərkən deyib.
"Şimal-Cənub dəhlizinin əsas üstünlüyü odur ki, Hind okeanı, Fars körfəzini Baltik dənizinə bağlaya bilir. Yəni bu dəhliz geniş və daha tez başa gələcək marşurut olmaqla cəlbedicidir. Onun perspektivləri də gələcək üçün hesablanıb. Hazırda bu dəhlizdən İran Azərbaycan üzərindən Rusiyaya və yenə də ölkəmiz üzərindən əks istiqamətə mal mübadiləsini həyata keçirilir. Digər ölkələr hələ ki, bu məsələyə qoşulmayıblar", deyə Natiq Cəfərli bildirib.
Ekspertin fikrincə, bu gələcəkdə böyük perspektivlər vəd edən layihədir:
"Hazırda İran və Rusiyaya sanksiyalar tətbiq edilir. Həmin marşurut üzrə başqa ölkələrin də mal daşınmasına qoşulması problematikdir. Lakin sanksiyalar yumşaldıqca, Şimali Avropa və cənub ölkələrinin həmin dəhlizə qoşulması ilə onun əhəmiyyəti kifayət qədər artacaq. 2027-2028-ci illərdə Rəşt-Astara dəmir yolu tikintisinin başa çatdırılacağı gözlənilir. Bu tikintini Rusiya aparır. Ona görə də dəhlizin gələcək perspektivi daha parlaqdır. Hind okeanının Baltik dənizinə 10 günə bağlayan yol hamı üçün çox sərfedicidir".
Qeyd edək ki, Rusiya hökuməti Moskva və Bakı arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımalarının birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib. Bu barədə Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamda bildirilir.
Sənəddə qeyd olunur ki, sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini artırmaq və Şimal-Cənub dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır. Rusiya və Azərbaycan sənədin tələblərini və iki ölkənin qanunvericiliyini nəzərə almaqla, tranzit daşımalar zamanı malların öz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər. Gömrük nəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmiş razılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq. Sənəddə həmçinin dəmir yolu infrastrukturu yeniləndikdən sonra Rusiyadan Azərbaycana hər il daşınmalı olan yüklərin zəmanətli həcmi də müəyyən edilib. 2028-ci il yanvarın 1-dən bu həcm ən azı 5 milyon ton olacaq, daha sonra isə hər il 15 milyon tonadək arta bilər.
Rüfət Sultan