AZ

I Bakı Kitab Sərgisinin açılışı olub

Bu gün Bakı Əl Oyunları sarayında I Bakı Kitab Sərgisinin açılışı olub.

APA xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə keçirilən sərginin açılışında ictimai-siyasi xadimlər, ədəbiyyat adamları, naşirlər iştirak ediblər.

ANAİB-in idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq ANAİB-in yaranma tarixi, fəaliyyəti və məqsədləri barədə söhbət açıb. O, sərginin təşkilinə köməklik göstərən hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, sərgiyə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb ki, bu da 10 minlərlə kitabın, 100-dən çox Azərbaycan yazıçısının iştirakı deməkdir.

Xalq şairi Sabir Rüstəmxanlı kitab və mütaliənin təbliği naminə görülən bütün işləri təqdirəlayiq hesab edib, o cümlədən, I Bakı Kitab Sərgisinin təşkilini də bu istiqamətdə atılan uğurlu addım kimi qiymətləndirib. Xalq şairi qeyd edib ki, ədəbiyyatın inkişafı üçün bu tip tədbirlərin davamlı olması əsas şərtdir.
Üsküdar Universitetinin rektoru Nazifə Güngör Bakıdakı kitab bayramı ab-havasından məmnunluğunu ifadə edib. Yazıçı və oxucu arasında körpü yaradan kitabın daha əlçatan olması naminə təşkil edilən I Bakı Kitab Festivalının təşkilini Azərbaycanda tarixi hadisə adlandıran rektor, xüsusən, azyaşlıların sərgilərə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov ümumtürk ədəbiyyatı tarixinin müxtəlif mərhələlərindən söhbət açıb və sözün, ədəbiyyatın, kitabın dövlətlərin taleyində oynadığı rolu diqqətə çatdırıb. N.Cəfərov I Bakı Kitab Sərgisində məktəblilərin üstünlük təşkil etməsini sevindirici hal kimi qələmə verib.

Millət vəkili Fazil Mustafa çıxışında ANAİB-in fəaliyyətini milli kitab birliyi kimi xarakterizə edib və digər nəşriyyatları bu birlikdən kənarda qalmamağa çağırıb. Türk mədəniyyətində yazılı abidlərin xüsusi yerini qeyd edən millət vəkili kitaba olan marağın artırılması kontekstində intibah yollarını axtarıb hansısa yeni mexanizmin hazırlanmasının zəruriliyini qeyd edib.

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşar Məcid son illərdə ANAİB-in kitab sənayesinin inkişafındakı xüsusi rolunu qeyd edib. Son zamanlar nəşriyyatların sayının artmasını uğurlu tendensiya adlandıran Rəşad Məcid nəşriyyatların birliyinin vacib olduğunu vurğulayıb.

Əməkdar artist, tanınmış diktor Rafiq Həşimov kitabın insan həyatı üçün necə vacib olduğunu vurğulayıb və kitab sərgilərinin cəmiyyətin inkişafındakı əhəmiyyətindən söhbət açıb.

Açılış mərasimi musiqiçilər — Röyal Musa, Rəhman Ramazanov və Elnur Nazimoğlu ifasında musiqilərin səsləndirilməsi ilə davam etdirilib.
Fazil Mustafaya ANAİB-in təsis etdiyi “Daş kitabə” mükafatı, Rəşad Məcidə və Rafiq Həşimova “Kitabın səfiri” mükafatı, Əkbər Qoşalı, Mikayl Yusifov, Nüşabə Hüseynli, Tahir Əliyev və Hüseyn Hüseynova isə ANAİB-in “Fəxri üzvü” mükafatı təqdim olunub.

Qeyd edək ki, 19–22 dekabr tarixlərini əhatə edəcək tədbir “Yeni ilə yeni kitablarla” şüarı ilə keçiriləcək. Sərgidə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da iştirak edib öz kitablarını təqdim edə biləcəklər. Yeni il əhval-ruhiyyəsində keçiriləcək I Bakı Kitab Sərgisində minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, onlarla yazıçı və şairin imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl saatları təşkil ediləcək. Həmçinin sərgi salonunda uşaqlar üçün qiraət saatları və səhnəciklər nəzərdə tutulub.

Seçilən
38
4
apa.az

5Mənbələr