“Kəpəz”in “vuran ayağı” Luis Paçu qış fasiləsində komandanı tərk edə bilər.
Buna səbəb braziliyalı hücumçunun Premyer Liqa klublarından aldığı təklifdir.
Maliyyə və şərait baxımından daha sərfəli yerə üz tutmaq istəyən Paçu artıq indidən bununla bağlı mesajlar verməyə başlayıb.
Elə “Neftçi”ylə oyunda meydana çıxmaması da özünü qorumağa görədir. “Zirə”ylə matçda aldığı zədəni əsas gətirən forvard ayağında ağrıların olduğunu bildirib.
Odur ki, fasilə dönəmində 28 yaşlı hücumçunun “sarı-göylər”i tərk etdiyini eşitsəniz, təəccüblənməyin.
“9 nömrə” “Kəpəz”lə sentyabrın sonlarında müqavilə bağlayıb. O, hazırkı komandasının heyətində meydana çıxdığı 9 görüşdə 2 qol və 1 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ