“Barselona” kiçik böhrandan böyük zəfərlə çıxdı, hərçənd dekabrın sonuna qədər bunu hər oyunda təsdiqləməlidi. Təbii ki, bu dövrdə əsas oyun “Atletiko” ilə olacaq. Ancaq dekabrın 21-də keçirilək həmin oyuna qədər vaxt var.
Cari mövsümdə heç bir rəqibə birdən artıq top fərqi ilə uduzmayan “Malyorka” “Barsa” önündə pərən-pərən düşdü. Balearlılar ilk yarıda bərabər səviyyədə mübarizə aparıb hissənin sonunda hesabı bərabərləşdirsələr də, fasilədən sonra rəqib imkanlardan maksimum yararlandı. 10 dəqiqə ərzində üç qol vuran “Barsa” növbəti darmadağını rəsmiləşdirdi. “Malyorka”nın bu komanda ilə oyunlardakı qələbəsiz seriyası 16-cı ilə qədəm qoyub. Ancaq Yaqoba Arrasatenin özünü suçlamasına dəyməz. Hər halda, “Malyorka”nın əsas rəqibləri başqalarıdı. Maraqlıdı ki, Flikin komandası beş qolu əsas bombardirinin – Levandovskinin yoxluğunda vurdu. Polşalının iştirak etdiyi əvvəlki üç oyunda isə üç qol vurmaq mümkün olmuşdu.
Bilbaodakı qarşılaşmaya qədər “Real” potensial lider idi, ancaq son 6 çempionat oyununun üçündə qələbə qazanan, üçündə heç-heçə edən “Atletik” madridlilərə də “badalaq vurdu”. Basklar 2015-ci ildən bəri ilk dəfə bu rəqibi çempionat oyununda məğlub etdi. Və Ernesto Valverdenin komandası bu qələbəyə layiq idi. “Atletik” fasiləyə qədər sürətli hücumlar qurdu, Uilyams qardaşları rəqib müdafiəsini daim gərginlikdə saxladı, Berenger isə topu tirin üstündən vurmaqla əlverişli imkanı boşa verdi. “Real”ın oyunçuları ilk yarıda “çərvivə”yə bir zərbə də vurmadılar. Düzdü, Mbappe oyunun əvvəlində fərqləndi, ancaq onun qolu ofsayd üzündən sayılmadı. Ardından Rodriqo cərimə meydançasında yerdə qaldığına görə madridlilər penalti tələb etdi. Referi Xose Mariya Sançes Martines VAR-a baxandan sonra “nöqtə”ni göstərməyi lazım bilmədi.
İkinci hissə hadisə baxımından daha zəngin oldu, emosional keçdi. Fasiləyə qədər əlini bir dəfə də cibinə salmayan referi 2-ci yarıda hər komandadan üçü olmaqla 6 futbolçuya sarı vərəqə göstərdi. 53-cü dəqiqədə “Atletik” hesabı açdı. İnyaki Uilyamasın hiyləgər ötürməsindən sonra Kurtua topu önünə qaytardı, belədə Berenger yaxın məsafədən onu məyus etdi. Bu qol qonaqların fəallaşmasına səbəb oldu. Tezliklə Mbappe əlverişli mövqedən topu düz qapıçının üstünə vurdu. Bir qədər sonra Rüdigerin zərbəsini tir qarşıladı. Bu epizodda qapıçı Agirresabala onu yumruqları ilə qarşıladığından hakim penalti təyin etdi. Cari mövsümdə 7-ci dəfə “Real”ın rəqibləri belə cəzalandı. Hər halda, Mbappenin zərbəsini dəf edən qapıçı günahını yudu. Kilian bu oyunda fərqlənməsə də, məhsuldar hücumda iştirak etdi. 78-ci dəqiqədə Agirresabala onun uzaq məsafədən zərbəsi zamanı topu Bellingemin üstünə qaytardı, o da şansı qaçırmadı. Ancaq cəmi iki dəqiqə sonra “Atletik” yenidən irəli çıxdı. Valverdenin səhvindən sonra Quruseta topu ələ keçirərək yaxın küncə dəqiq zərbə vurdu. Hesabı bərabərləşdirə bilməyən “Real” çempionatdakı 2-ci məğlubiyyətlə barışmalı oldu. “Barsa” hələ də əsas rəqibini 4 xal qabaqlayır. Bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdıran “Atletik” isə 3-cü pillədəki “Atletiko”ya bir qədər yaxınlaşdı.
19-cu turdan irəli çəkilən oyunlar
Malyorka – Barselona 1:5
Muriqi, 43 – Torres, 12. Rafinya, 56-p.; 74. De Yonq, 79. Viktor, 84. (22352)
Barselona: Penya, Balde, Martines, Kubarsi, Kunde, Kasado (E.Qarsiya, 82), Pedri (Qavi, 82), Rafinya (Lopes, 86), Olmo (De Yonq, 72), Yamal, Torres (Viktor, 73).
Atletik - Real 2:1
Berenger, 53. Quruseta, 80Bellingem, 78. (51364)
Real: Kurtua, F.Qarsiya (Mendi, 71), Rüdiger, Asensio, Vaskes (Gülər, 88), Bellingem, Sebalyos (Dias, 58), Çuameni (Modriç, 71), Valverde, Rodriqo (Endrik, 88), Mbappe.
1. Barselona – 37 (16), 2. Real – 33 (15), 3. Atletiko – 32 (15), 4. Atletik – 29 (16)... 6. Malyorka – 24 (16)...
Bombardir: Levandovski (Barselona) – 15.
Faktlar
* “Barselona” “böyük beşlik” ölkələrində iki futbolçusu cari mövsümdə minimum 10 qol vuran yeganə komandadı. Söhbət yalnız çempionat oyunlarından gedir. “Malyorka”nın qapısına 56-cı dəqiqədə penaltidən yol tapan Rafinya qol sayını 10-a çatdırdı. Levandovskinin hesabında isə artıq 15 top var.
* Cari mövsümdə bütün turnirlərdə məğlubiyyət sayını 5-ə çatdıran “Real” Ançelotti dönəmində “futbol ili”nin ilk yarısında qeydə alınan yenilgilər baxımından son 5 mövsümün klub antirekordunu təkrarladı. Əvvəlki belə göstərici 2020/21 mövsümündə qeydə alınıb. Xatırladaq ki, “Real” “Atletik”ə qədər “Liverpul” (0:2), “Milan” (1:3), “Barselona” (0:4) və “Lill” (0:1) ilə oyunlarda da uduzub.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Beş qoldan razıyam! Noyabrdakı zibillərin başa çatmasına və dekabrın gəlib çıxmasına görə xoşbəxtəm. Bu gün Levandovskinin oynaması vacib deyildi, o dincəlməliydi. Ferran oyunu yaxşı keçirdi. Bugünkü qərarımız çox aydındı. Dünənki planımız Levandovskinin heyətdən kənarda qalmasını nəzərdə tutmurdu. Ancaq bu gün hisslərimiz, intuisiyamız bizə dedi ki, Levanın ehtiyatda qalması məsləhətdi. Onun dincəlməsinə ehiyac var, cari mövsümdə meydanda çox olub”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Bütün turnirlərdə qısa müddət ərzində beş məğlubiyyət almaq qəribədi. Bizə mükəmməlləşmək lazımdı... Son oyunlarda bəzi aspektləri yaxşılaşdırsaq da, hələ də ötən ildəki qədər güclü deyilik. Son iki məğlubiyyət çətin qazon üzərindəki oyunlara təsadüf etdi. İndi oyunçuları bərpa etməli və səviyyəmizi artırmalıyıq”.