AZ

Azərbaycan beynəlxalq arenada müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir

Dekabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə ifadə olunan tezislər və bəyanatlar regionda və dünyada mövcud vəziyyətə, eləcə də gələcək dəyişikliklərin perspektivlərinə konseptual baxışı əks etdirir.

Burada geniş çeşidli və geosiyasi baxımdan böyük əhəmiyyətl kəsb edən məsələlərin təhlilinə yer ayrılıb ki, onların hər birini ayrı-ayrılıqda konkret istiqamətlərin yol xəritəsi adlandırmaq olar. Lakin hesab edirəm ki, müsahibədə əksini tapmış fikirlərin bir neçəsi üzərində daha diqqətlə dayanmaq faydalıdır.

Bu, ilk növbədə yeni qlobal geosiyasi reallıqlar fonunda Rusiya-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti və inkişaf tendensiyası ilə bağlıdır. Məlum olduğu kimi, 2022-ci il fevralın 22-də Moskvada iki ölkənin liderləri arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Tarix və faktlar göstərir ki, regionumuzda və bütövlükdə dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsinə baxmayaraq bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Bununla bağlı jurnalistin sualınını cavablandırarkən Prezident İlham Əliyev də münasibətlərimizin inkişafından məmnun olduğunu, onları yüksək qiymətləndirdiyini bildirərək bu müsbət dinamikanın gələcəkdə də  qorunub saxlanılacağına əminliyini ifadə edib: “…Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.

Rusiya-Ukrayna müharibəsi fonunda dünyada baş verən siyasi kataklizmlərin təhlilini verən dövlətimizin başçısı gərginliyin azaldılması istiqamətində ölkəmizin rolunu və yerini şərtləndirən arqumentləri açıqlayıb. O, öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşan Azərbaycanı qarşıdurmaların aradan qaldırılmasına öz töhfəsini verə biləcək bir dövlət kimi təqdim edib:”…Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq”.

Müsahibə zamanı əsas müzakirə bloklarından biri də rəsmi İrəvanın qərbyönümlü kursu prizmasından Ermənistanla sülhün nizamlanması məsələsi olub. Rusiya və KTMT-dən uzqlaşmaq siyasətini davam etdirən Ermənistanın baş naziri Nikol Paşinyanın bu kontekstdə Fransa ilə daha da fəallaşan münasibətləri ilə bağlı verilən sualı cavablandırarkən cənab İlham Əliyev bunun regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün birbaşa təhlükə olduğunu bəyan edib və bu təhlükənin konkret mənbələrini açıqlayıb: “…Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır”.

Ermənistanla Azərbaycan arasında sülhyaratma proseslərin getdiyi bir zamanda rəsmi İrəvanın revanşizm və militarizm üzərində köklənmiş bu cür davranıları diametral şəkildə bir-birinə zidd olan iki fərqli siyasi istiqamətin mövcudluğunu sübut edir. Ona görə də Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, “Qərbdə bu iki proses nə üçünsə bir-birindən ayrıdır. Baxmayaraq, biz hesab edirik ki, bu iki proses birləşdirilməlidir. Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur”. Bildiyiniz kimi, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb. Qalan şərtlərdən biri biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri isə başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizdə yerləşdirməməsi tələbi ilə bağlıdır.

Lakin məsələ bununla da bitmir. Belə ki, erməni tərəfinin həyata keçirməli olduğu daha iki şərt var. Birincisi, Ermənistanda Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiyasını dəyişməkdir. Məlum olduğu kimi, burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi zəruri və obyektiv şərtdir. İkincisi isə artıq keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında səmərəsiz və uğursuz vasitəçilik missiyasını başa vurmuş ATƏT-in Minsk qrupunun lazımsız qurum kimi ləğvidir. Bu məsələnın mahiyyətini Prezident İlham Əliyev belə açıqlayıb: “Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”. Buradan asanlıqla belə bir nəticə hasil olur ki, sülh prosesini əngəlləyən yalnız Qərbin siyasi dirijor çubuğuna oynayan Ermənistandır. Belə ki, bu maneələrin aradan qaldırılması ilə sülh sazişinin imzalanması üçün real şərait yaranacaq. Ermənistanın militarist kursuna cavab olaraq Azərbaycanın 2025-ci il üçün müdafiə büdcəsində rekord artımın olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev silahlı təxribat baş verərsə, 2020-ci və 2023-cü ildə olduğu kimi Ermənistana heç kim kömək edə bilməyəcəyi barədə xəbərdarlıq edib.

Müsahibədə ictimaiyyətin daha çox diqqət mərkəzində saxladığı 1987-1990-cı illərdə Qərbi Azərbaycandan qovulmuş 300 min qaçqın soydaşlarımızın reinteqrasiyası məsələsi də yer alıb. Dövlətimizin başçısı bu problemin müzakirə edilməsinin vacibliyini vurğulayıb: "…Onların oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Azərbaycanlıların tarixi torpaqlarına reinteqrasiya prosesini necə görmələri barədə biz hələ də Ermənistan rəhbərliyindən cavab almamışıq. Düşünürəm ki, əgər bu iki proses paralel gedərsə, bu, dünya üçün daha da yaxşı ictimai atmosfer yaradacaqdır. Çünki sülh təkcə sülh müqaviləsinə imza deyil, həm də ictimai konsensusdur".

Digər bir vacib söhbət mövzusu cop29 iqlim konfransı ilə bağlı idi. Burada əldə edilmiş tarixi razılaşmaları, eləcə də bu Sammitin yüksək səviyyədə təşkilini qeyd edən cənab İlham Əliyev bunun çox böyük təşkilati iş olduğunu və bizim onun öhdəsindən şərəflə gəldiyimizi xüsusi qürur hissi ilə qeyd etdi: “Bu, asan olmadı. Amma hər halda biz bu konfransı təsadüfən “Bakı dönüşü” adlandırmırıq, çünki Paris Sazişinin 6-cı maddəsini razılaşdırmaq mümkün oldu… Əlbəttə ki, 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı. Həm də bu, boykot cəhdlərinin fonunda oldu. Bu, bir növ ölkənin təqdimatı idi…”

Prezident həmçinin iqlim konfransı kontekstində aparıcı “yalançı dördlük” kimi tanıdığımız “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” kimi Amerika və fransız nəşrlərinin ölkəmizə qarşı həyata keçirdiyi güclü nüfuzdansalma kampaniyasından danışıb. Ancaq Prezident bir cümlə ilə bu qeyri-etik münasibətin təsirini qısaca ifadə etdi: "Bu, çətinlik yaratmadı, sadəcə ikrah hissi yaradırdı". 

Jurnalistlə Bakının anti-müstəmləkəçi gündəliyi barədə söhbət edən Əliyev bunun sadəcə Fransanın anti-Azərbaycan siyasətinə cavab olmadığını və daha dərin xarakter daşıdığını vurğulayıb. Prezident Əliyev daha sonra Prezident Makron dövründə Beşinci respublikanın xarici siyasət fiaskosunun səbəblərini təhlil edərək, onun Afrikadan Gürcüstana qədər müxtəlif bölgələrdə bir-birinin ardınca uğursuzluqlarını sadaladı və “…Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar”, -deyə tövsiyyə etdi.

Ümumiyyətlə, Prezident Əliyevin müsahibəsi ictimaiyyəti regionun gələcək inkişafı ilə bağlı nikbin baxışlara kökləyən stimul yaradır, eyni zamanda, bütün sağlam düşüncəli insanlara əmin-amanlıq və haqq-ədalət uğrunda mübarizəyə çağırış kimi səslənir.

Əli Hüseynli,
​Milli Məclisin deputatı

phrase_var_article.chosen
31
1
ikisahil.az

2phrase_var_article.sources