Türkiyənin terrorla mübarizəsi terror təşkilatları silahı yerə qoyana və əcnəbi yaraqlıları Suriyanı tərk edənə qədər davam edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.
Sözçü Türkiyə Silahlı Qüvvələri və ya Suriya Milli Ordusunun Fərat çayının şərqində PKK/YPG terror təşkilatına qarşı əməliyyata hazırlaşdığı barədə məlumatı belə şərh edib:
“Terror təşkilatının Suriyadan sərhədlərimiz və əməliyyat zonalarımıza təhdidləri davam edir. Terrorla mübarizə çərçivəsində hazırlıqlarımız və tədbirlərimiz PKK/YPG terror təşkilatı silahı yerə qoyana və əcnəbi yaraqlıları Suriyanı tərk edənə qədər davam edəcək.
İnanırıq ki, Suriyanın yeni rəhbərliyi və ordusu (SMO) Suriya xalqı ilə birlikdə PKK/YPG terror təşkilatının işğal etdiyi bölgələri azad edəcək”.
Həmçinin Aktürk ABŞ-ın Suriyada “İŞİD-lə mübarizə”ni əsas gətirərək PKK/YPG-yə dəstək verməsi ilə bağlı mesajlarına belə cavab verib:
“Uzun illərdir ABŞ-a eyni sözləri deyirik. İŞİD terror təşkilatına qarşı mübarizə üçün birgə qüvvə formalaşdıra biləcəyimizi qeyd edirik. Amma indiyədək bunu eşitməzlikdən gəliblər. Nazirimizin (Yaşar Gülər) söylədiyi kimi, son illər Suriyada İŞİD terror təşkilatının bir hücumu və ya fəaliyyəti nə görülüb, nə də eşidilib.
ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizə ritorikasının başqa bir terror təşkilatı olan PKK/YPG ilə əməkdaşlığı davam etdirmək üçün pərdə olduğunu görürük. ABŞ-ın qarşıdakı dövrdə mövqeyini yenidən qiymətləndirməsini gözləyirik”.