AZ

Azərbaycan Karyera İnkişaf Forumu keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə dördüncü Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil olunan Forumun məqsədi karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan bacarıqların əhəmiyyəti və inkişafı yollarını müzakirə etməkdir.

Forumun açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını, hər bir ölkədə insan rifahında ən önəmli faktorun məşğulluğun təminatı olduğunu qeyd edib. Nazir məşğulluğun təminatı prosesində əsas istiqamətlərdən birinin insan resurslarının daim güclənən milli iqtisadiyyata, daim dəyişən əmək bazarının tələblərinə uyğun olaraq inkişaf etdirilməsi olduğunu bildirib.

Dövlət proqramlarında layiqli əməyin, məşğulluğun təminatının mühüm yer tutduğu, bu sahədə atılan addımlar diqqətə çatdırılıb. 2018-2024-cü illərdə minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında təqribən 2 dəfə, əməkhaqqı fondunda 3 dəfə, son 6 illik dövrdə əmək müqavilələrinin sayında 609 min artım olduğu qeyd edilib. 1,8 milyon vətəndaşa məşğulluq xidmətlərinin göstərildiyi, onlardan 600 mindən çox vətəndaşın işlə təmin edildiyi, 36 min şəxsin peşə hazırlığına cəlb olunduğu, ildə 120-130 min nəfər yuxarı sinif şagirdinə peşəyönümü xidmətlərin göstərildiyi bildirilib.

Özünüməşğulluq proqramı çərçivəsində 93 min vətəndaş üçün kiçik təsərrüfatların yaradıldığı, aktiv məşğulluq proqramlarının daim genişləndirilməsi və sayının artırılmasının əsas prioritetlərdən birini təşkil etdiyi diqqətə çatdırılıb. İşğaldan azad edilən ərazilərimizə köç etmiş sakinlərin layiqli əməyinin, məşğulluğunun təminatı işləri qeyd olunaraq, layiqli əməyin, məşğulluğunun təminatı prosesində hazırlıqlı, səriştəli, əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara malik insan resurslarının yaradılmasının mühüm amil olduğu bildirilib.

Əmək və məşğulluq sahəsində xidmətlərin elektronlaşdırılmasının həmin xidmətlərin vətəndaşlar üçün əlçatanlığının artırılmasına imkan yaratdığı diqqətə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 xidmətindən 145-dən çox xidmətin və ya 90 faizdən çoxunun rəqəmsallaşdırıldığı qeyd edilib. Əmək müqavilələrinin “Əmək və Məşğulluq” altsistemi platformasında e-qaydada imzalanması prosesindən bəhs olunub, Nazirliyin elektron layihələrinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü bildirilib.

Nazir Forumun işinə uğurlar arzulayıb, bu tədbirin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Karyera İnkişaf Forumunun hesabat videosu yayımlanıb. Sonra Forumun rəsmi panel sessiyası başlayıb. Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyevin moderatoru olduğu paneldə spikerlər – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov əmək bazarının hazırkı vəziyyəti, təhsildə effektiv öyrənmə mexanizmləri və inkişaf yolları ilə bağlı çıxışlar edib, sualları cavablandırıblar.

Qeyd edilib ki, forumda “Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” adlı panellər üzrə yerli və xarici spikerlərin iştirakı ilə müzakirələr keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan
phrase_var_article.chosen
24
10
apa.az

10phrase_var_article.sources