AZ

Beynəlxalq ictimaiyyət də Ermənistanı sülhə məcbur etməlidir - AÇIQLAMA

“Prezident İlham Əliyev Azərbaycanın sülhün imzalanması üçün İrəvan qarşısında qoyulan şərtləri dəfələrlə gündəmə gətirib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin sülhlə bağlı davamlı çağırışlarına rəğmən, Ermənistan hökuməti bu məsələdə üzərinə düşəni etmir, Bakının tələblərini yerinə yetirməkdən boyun qaçırır:

"Halbuki, dövlət başçısının da diqqət çəkdiyi məqamlar - Ermənistan Konstitusiyasında dəyişiklik və Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət bizim üçün çox mühüm məsələlərdir. Cənab prezidentin də qeyd etdiyi kimi bizə maraqlıdır ki, nə üçün Ermənistan bugünədək ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etdirməsini istəyir. Bu, erməni tərəfinin revanşist meyllərindən, radikal təfəkkürlərindən xəbər verir. Həmçinin, onların sülhü istəmədəyini, gələcəkdə müəyyən iddiaları yenidən gündəmə gətirə biləcəklərinə bir işarədir”.

Müsahibimiz qeyd edib ki, digər önəmli məqam isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır:

“Azərbaycan dəfələrlə məsələ qaldırıb ki, Ermənistan Konstitusiyasında bizə qarşı ərazi iddiaları dərhal aradan qaldırılmalıdır. Sülh müqaviləsinin imzalanması üçün bu, mütləq şərtdir. Təəssüf ki, biz fərqli tendensiyanı müşahidə edirik. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə açıqlama verdi ki, onlar Konstitusiyada dəyişiklik etmək niyyətində deyillər".

Deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyət də Ermənistanı sülhə məcbur etməlidir

"Ermənistan zənn edirsə ki, Konstitusiya dəyişikliyi etmədən sülh sazişi imzalana bilər, yanılır. Çünki bu, mümkün deyil. Bu məsələdə Ermənistan qədər onu buna təşviq edən kənar ölkələr də məsuliyyət daşıyır. İrəvanı məqsədli şəkildə buna təhrik edirlər. Bölgəyə sülhün və sabitliyin gəlməsinə əngəl olurlar”.

Ceyhun Məmmədov: Sülh müqaviləsinin imzalanması üçün Konstitusiya dəyişikliyi mütləq şərtdir

“Ermənistan bilməlidir ki, üzərinə düşən öhdəliyi icra etmədən, şərtlərimizi qəbul etmədən sülhün əldə olunması qeyri-mümkündür. İrəvan silahlanma yolu ilə Azərbaycanın yaratdığı reallığı dəyişə biləcəyinə ümid edirsə, çox səhv edir. Yaxşı olar ki, Ermənistan hökuməti öz siyasətini dəyişsin və bölgəyə sülhün gəlməsinə töhfə versin", - deyə Ceyhun Məmmədov qeyd edib.

Aydın Baxış

Seçilən
21
bakivaxti.az

1Mənbələr