AZ

Azərbaycan-Rusiya Bəyannaməsi böyük risklərin qarşısının alınmasında mühüm rol oynayıb - ÖZƏL

"Prezident İlham Əliyevin Rusiya televiziyasına müsahibəsində regional, beynəlxalq vəziyyət və Azərbaycanın ikitərəfli dövlətlərarası əlaqələri ilə bağlı önəmli mesajlar verildi". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Bu mesajlar  Rusiya auditoriyası və Rusiya siyasi dairələri üçün xüsusilə önəmlidir. Çünki burada  İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəninin hazırda dağılması və yeni düzənin qurulması prosesində Azərbaycan-Rusiya dostluğunun, əməkdaşlığının rolu ilə bağlı məsələlər var. Eləcə də NATO-Rusiya münasibətlərində Azərbaycanın oynaya biləcəyi önəmli rolla bağlı qiymətli mesajlar duyulur. Xüsusilə çox dəyərlidir ki, Azərbaycan prezidenti NATO ilə Rusiyanın arasında getdikcə təhlükəli xarakter alan münasibətlərin təhlili ilə bağlı maraqlı fikirlər bildirib. Eyni zamanda, bu gərginliyin azaldılması üçün öz tövsiyələrini verib və ən önəmlisi isə ondan ibarətdir ki, Azərbaycan dövlət başçısı Rusiya-NATO gərginliyinin azaldılması üçün ölkənin malik olduğu imkanları önəmli bir platforma kimi təqdim edib. Bunlar çox əhəmiyyətlidir. 
Digər tərəfdən, Azərbaycan-Ermənistan münasibətlərinin   normallaşması ilə bağlı verilən mesajların təkcə Ermənistan üçün yox, həm də Rusiya üçün böyük önəmi var. Çünki Azərbaycan prezidenti bir daha olaraq bu normallaşma prosesinin bölgəmizdə sülh və təhlükəsizliyin gələcəyinə birbaşa təsir göstərdiyi fikrini ifadə etdi. Nəzərə alaq ki, bizim bölgəmizdə sülh və təhlükəsizliyin yaranmasında Rusiya da olduqca maraqlıdır. Belə şəraitdə Azərbaycan prezidentinin Ermənistan-Azərbaycan münasibətlərinin  normallaşması ilə bağlı mülahizələrin Rusiyanın dövlət siyasəti üçün önəmli rolu şübhəsizdir. Onu da nəzərə alaq ki, Rusiya Azərbaycan-Ermənistan normallaşma prosesində iştirak edir və daha fəal iştirak etmək niyyətindədir. Bu şəraitdə Azərbaycan prezidentinin sülh sazişinin imzalanması və Qərbi azərbaycanlıların Ermənistana qayıdış hüququnun etiraf olunması və müvafiq mexanizmlərin yaradılması ilə bağlı söylədiyi fikirlərin Rusiyanın siyasəti ilə birbaşa bağlılığı var. Buna görə də İlham Əliyevin bir çox yanaşmaları Rusiyanın həm bölgədəki siyasətinə təsir göstərəcək, eyni zamanda, qlobal siyasətdə Rusiya-Azərbaycan əməkdaşlığının daha effektiv istiqamətlərdə özünü göstərməsinə təsirini göstərəcək. 
Bundan başqa, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı prezidentin mesajları olduqca önəmlidir. Çünki burada Azərbaycan prezidenti, xüsusilə Türkiyə-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsinin rolu ilə bağlı önəmli mesajlarını verdi və bir daha hər kəs bildi ki, hətta Azərbaycanda Türkiyənin hərbi bazalarının olmadığı şərt daxilində belə iki ölkənin müdafiə, hərbi müdafiə sahəsində əməkdaşlığı çox dərin və şaxəli imkanlara malikdir. 
Eyni zamanda, Azərbaycanın dövlət başçısı Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında bəyannamənin ötən iki ildəki rolu, nəticələri ilə bağlı önəmli mesajlar verdi və bir daha bəlli oldu ki,  Rusiya ilə Azərbaycan arasında 2022-ci ildə imzalanmış həmin bəyannamə olduqca əhəmiyyətli rol oynayıb. Həm regionda sülhün təmin olunması, həm də dünya miqyasında iki ölkənin əlaqələrinin əməkdaşlığının əlaqələndirilməsində öz rolunu oynayıb. Bir daha bəlli olur ki, əgər belə strateji tərəfdaşlıq razılaşmaları olmasa, Azərbaycan-Rusiya, eləcə də başqa müstəvilərdə dövlətlərarası münasibətlər çox risklərlə üzləşə bilər. Bu mənada Azərbaycan-Rusiya Bəyannaməsinin imzalanması, düşünürəm ki, bu iki ildə olduqca böyük və təhlükəli risklərin qarşısının alınmasında mühüm rol oynayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr