AZ

Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir?

"Regionlarda ciddi həkim çatışmazlığı var".

Bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində "Dayanıqlı səhiyyə Idarəetməsi" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda cəmlənib.

Araz Nəsirov qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan etməkdir.

Qeyd edək ki, bu gün həqiqətən də bölgələrdə həkim çatışmazlığı özünü göstərir. Sovet dövründə ucqar kəndlərdə belə həkim məntəqələri mövcud idisə hazırda onlara çox az hallarda təsadüf olunur.

Bu gün Azərbaycanda icbari tibbi sığortanın əhatə etdiyi dövlət xəstəxanalarında kifayət qədər yüksək əməkhaqqı verilir. Eyni zamanda hər il Azərbaycan Tibb Universitetindən (ATU) çox sayda tələbə məzun olur.

Maraqlıdır, niyə ATU-ya daxil olanlar həkim ixtisasına yiyələndikdən sonra bölgələrdə çalışmaq istəmirlər? 

Məsələ ilə bağlı həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”a bildirib ki, sözdə biz Qərb standartlarını keçsək də, hələ regionlarla mərkəz arasında struktur inkişafı səviyyəsində ciddi fərqlər mövcuddur:

“Digər tərəfdən səhiyyə bir sistem şəklini almayıb. Bu gün icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsinə baxmayaraq, regionlarda işləmək üçün xüsusi imkanlar, şərtlər yoxdur.

Yəni regionlarda həkimlərin işləmək marağını artırmaq üçün onları əvvəlki kimi təyinatla harasa göndərmək mümkün deyil. Çünki bu planlı təsərrüfat deyil. Artıq sosialist təsərrüfatı bitdi. Sadəcə olaraq, həkimlərin marağı yaranmalıdır. Yəni ən azı regionlarda işləyən şəxslər üçün müxtəlif sosial proqramlar olmalıdır.

Məsələn, evlə təmin olunma, maaşlarında ciddi fərqlər, müəyyən iş stajından sonra pensiya təminatında fərqlər kimi amillər ola bilər.

 Yəni insan bunları ölçüb-biçib gedib rayonda işləməlidir.

İndiki reallıq ancaq bu cür ola bilər. Bunlar olmadığına görə heç kimi rayona məcburən göndərmək olmaz”.

Seçilən
3
cebheinfo.az

1Mənbələr