Qış fəslində soyuq hava, azalan günəş işığı və insanların qapalı mühitlərdə daha çox vaxt keçirməsi orqanizmə təsirsiz ötüşmür. Bu dövrdə immun sistemi zəiflədiyi üçün xəstəliklərə qarşı müqavimət azalır, xroniki xəstəliklər kəskinləşir, müxtəlif qrip və soyuqdəymə kimi xəstəliklərə yoluxma riskləri artır. Statistikaya görə, respirator virus infeksiyalarının artması da məhz bu mövsümə təsadüf edir.
Bəs sağlamlığımızı qorumaq üçün nələrə diqqət etməliyik? Hansı ehtiyat tədbirləri görməliyik?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında səhiyyə mütəxəssisi Zeynəb Səlimova bildirib ki, qış soyuqdəymə və qripin vüsət aldığı fəsildir. Buna səbəb havanın temperaturunun dəyişməsi, soyuq hava ilə əlaqədar insanların ən çox qapalı məkanlarda vaxt keçirməsi, günəşsiz günlər, qida məhsullarının vitaminsizliyidir.
Onun sözlərinə görə, qışda kalorili qida qəbul etmək olmaz:
“Mentalitetimizə uyğun olaraq qışda azərbaycanlıların əksəriyyəti havalar soyuyan, qar yağan kimi kalorili qidalardan istifadə edirlər.Lakin bunun tam əksi olaraq vitaminli qidalar qəbul etmək, havanın temperaturuna uyğun geyinib gəzintiyə çıxmaq, bədəni möhkəmləndirmək üçün bədən tərbiyəsi, idmanla məşğul olmaq lazımdır”.
Mütəxəssis soyuqdəymə və qrip arasındakı əsas fərqləri izah edib:
“Soyuqdəymə yuxarı tənəffüs yollarının viral infeksion xəstəliyidir. Ümumi zəiflik, burundan axıntı, asqırma, yüngül hərarət kimi simptomlarla müşaiət olunur. İmmuniteti gücləndirmək, bol maye qəbul etmək ,simptomatik müalicə aparmaq lazımdır. Qrip isə influenza virusunun törətdiyi ağır yoluxucu infeksion xəstəlikdir. Yüksək hərarət, titrətmə, üşütmə, burundan axıntı və ya əksinə burun turulması,baş ağrısı kimi simptomlarla keçir. Nəzarətsiz qaldıqda pnevmoniya, yuxarı tənəffüs yollarının iltihabı xəstəlikləri ilə ağırlaşa bilər. Vaxtında həkimə müraciət, istirahət, bol maye qəbul etmək lazımdır”.
Z.Səlimova xəstəliklərdən qorunmaq üçün tövsiyələr verib:
“Qrip və soyuqdəymə kimi xəstəliklərdən qorunmaq üçün immuniteti möhkəmləndirmək, idmanla məşğul olmaq, rasionda təbii, vitaminli qidalara üstünlük vermək, yuxu və istirahət rejiminə əməl etmək lazımdır. Evdən çıxarkən havaya uyğun geyinmək lazımdır. Nə çox nazik, nə də çox isti geyinmək məsləhət görülür. Qripdən qorunmaq üçün vaksinasiya olunmaq yoluxma hallarının və ağırlaşmaların azalmasına səbəb ola bilər”.
Firuzə Əliyeva