AZ

Reallıqları dəyişmək mümkün deyil

Prezident İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində yer alan fikirlər regionda və dünyada baş verən geosiyasi proseslərin əsl mahiyyətini müəyyənləşdirmək, nəticə çıxarmaq və proqnozlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Dövlətimizin başçısının dünyada gərginliyin azaldılması ilə bağlı toxunduğu mühüm istiqamətlərə diqqət çəkən millət vəkili qeyd edib ki, hazırda bəşəriyyətin daha böyük faciələrdən qorunmasının yeganə yolu sonsuz qlobal ambisiyalara son qoyularaq, dünyanın, insanlığın gələcəyi haqqında ciddi düşünməkdən keçir: “Cənab Prezidentin vurğuladığı kimi, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Bu isə ölkəmizə, hazırda mövcud olan gərginliyin azaldılmasında müstəqil və qlobal məsuliyyətini kifayət qədər ciddi dərk edən aktor kimi mühüm rol almağa imkan verir. Azərbaycan həm Rusiyanın, həm də NATO-nun aparıcı güc mərkəzlərindən biri olan Türkiyənin müttəfiqidir və hər iki ölkə ilə çoxşaxəli əlaqələrə malikdir. Təkcə bu amil sübuta yetirir ki, hətta qlobal proseslərə fərqli yöndən yanaşan ölkələrlə, bütün istiqamətdə yaxından əməkdaşlıq etmək, qarşılıqlı etimad mühiti yaratmaq, sülh və təhlükəsizlik kimi mühüm məsələlərlə bağlı uzlaşma nöqtələrinin əldə edilməsinə nail olmaq mümkündür”. 

Fransanın və Bayden adminstrasiyasının Ermənsitanı silahlandırması ilə bağlı dövlət başçısının fikirlərinə diqqət çəkən Azər Kərimli bildirib ki, Cənubi Qafqazda təhrikçi və ayırıcı mövqe sərgiləməklə regiondakı qüvvələr nisbətini, o cümlədən Azərbaycanın beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində yaratdığı reallıqları dəyişmək mümkün deyil:

“Fransa və digər təhrikçi davranış sərgiləyən tərəflər, eləcə də Ermənistan, yaxın tarixdə baş verənlərdən nəticə çıxarmalı, təcavüzkar, aqressiv və revanşçı davranışların heç bir pespektivinin olmadığını dərk etməlidirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. 2025-ci ildə ölkəmizin hərbi büdcəsinin rekord həddə çatdırılması, Azərbaycanın bütün mümkün təhdidlərə qarşı hazırlıqlı olduğunu və baş verənlərə müşahidəçi mövqedə dayanmaq niyyətində olmadığını bir daha təsdiqləyir. Əgər ölkəmizə qarşı hər hansı bir təxribat planının həyata keçirilməsi niyyəti güdülərsə və real xarakter alarsa, o zaman təcavüzkarı kimsənin xilas edə bilməyəcəyini təhrikçilər yaxşı başa düşməlidirlər. Necə ki, 2020-ci və 2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsinə heç kim mane ola və işğalçının darmadağın edilmiş ordusunu rüsvayçı məğlubiyyətdən xilas edə bilmədi. Bu baxımdan, Azərbaycanın, artıq uzun müddətdir ki, bütün təxribatlara, qarayaxma kampaniyalarına baxmayaraq, nümayiş etdirdiyi sülhpərvər mövqedən düzgün nəticə çıxarmalı və səbrin, təmkinli davranışın da sərhəddinin olduğunu, ilk növbədə İrəvanda anlamalıdırlar”.

Seçilən
14
1
sabahinfo.az

2Mənbələr