“Prezident İlham Əliyevin bu çıxışları diplomatik təsir üsullarından biridir. Azərbaycan Prezidenti xarici siyasətlə bağlı fikirlərini ümumi konseptual ifadə edir və detallarını qarşısındakı jurnalistə açıq izah edir. Prezident bu mənada müsahibədə Qərbin bəzi dairələrinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə qarşı qısqanclığını bir daha diqqətə çatdırıb”.
Bunu hafta.az-a siyasi ekspert Azər Hüseynov bildirib. Onun sözlərinə görə, Fransa kimi dövlətlərin özləri geniş imperial mirasa sahibdirlər.
“Fransa müstəmləkədə saxladığı xalqların haqq və hüquqlarının müdafiəsi ilə bağlı konkret iş görmədiyi halda Azərbaycana qarşı bu və ya digər şəkildə eyhamlar vurur. Bu, imperialist dövlətlərin daxili, xarici siyasətinin qərəzli olmasından xəbər verir. Qərbin qərəzli davranışı Prezident tərəfindən diqqətə çatdırılandan sonra, xarici diplomatlar hərəkətə keçir, Azərbaycana səfərlər edir, yaxınlaşma cəhdi göstərmək istəyirlər”.
Ekspert qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin müzakirəsində razılaşdırılmamış iki maddə ilə bağlı Azərbaycanın mövqeyi onu göstərir ki, İrəvan həyata keçirdiyi vandalizmlə bağlı cinayət məsuliyyətindən qorxur.
“Azərbaycanın isə çəkinəcəyi bir şey yoxdur. Çünki Azərbaycan öz ərazisində heç bir milli azlığın maddi-mədəniyyət irsinin dağıdılmasına yönəlik iş görməyib. Ermənistanın qalan maddəni qəbul etməməsi bir daha onu göstərir ki, Azərbaycana böyük ziyan vurublar. Qərbin mülki missiyasının Ermənistanla sərhədə yerləşdirilməsi isə bu ölkənin xarici dəsətksiz hərəkət edə bilməməyinin təzahürüdür. Ancaq Ermənistan Azərbaycan diplomatiyasının basqıları ilə o iki maddəni də imzalamağa məcbur olacaq”.