AZ

FİFA Avropa klublarına daha çox qazanc vəd edib?

Dekabrın 5-də dünya futbol ictimaiyyətinin diqqəti Mayamiyə yönəlmişdi. ABŞ-nin bu şəhərində Klublararası Dünya Çempionatının (KDÇ) püşkü atıldı.

Bununla da yenilənən və daha da böyüyən turnirin iştirakçıları qruplara ayrıldılar.

Mundialda Avropanı 12 klub təmsil edəcək
Bu dəfəki püşkatma mərasiminə maraq daha böyük idi. Belə ki, sayca 21-ci olacaq turnir gələn ildən yeni format əsasında keçiriləcək. Mundial adət edildiyi kimi 7 deyil, ilk dəfə 32 komandanın iştirakıyla təşkil ediləcək. Yeni format əsasında keçiriləcək ilk turnirə ABŞ evsahibliyi edəcək. Dünya çempionatının matçları bu ölkənin Nyu Cersi, Şarlott, Sinsinnati, Los Anceles, Mayami, Neşvill, Orlando (2 stadion), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta şəhərlərində keçiriləcək. 2025-ci il iyunun 15-də start götürəcək klubların mundialına iyulun 13-də yekun vurulacaq. Nəhəng turnirdə Avropanın 12 (bu hüququ Çempionlar Liqasının son 4 qalibi və UEFA-nın reytinq cədvəlində ən yüksək yeri tutan 8 klub qazanıb), Cənubi Amerikanın 6, Şimali Amerikanın 5 (bura təşkilatçı ölkənin bir komandası da daxildi), Asiya və Afrikanın 4, Okeaniya regionunun isə 1 klubu iştirak edəcək.

İştirakçılar püşkatmadan əvvəl hərəsində 8 komanda olmaqla 4 səbətə bölünmüşdülər. Səbətlərin tərkibi aşağıdakı kimi idi:

1-ci səbət: Mançester Siti (İngiltərə), Real (İspaniya), Bavariya (Almaniya), PSJ (Fransa), Flamenqo, Palmeyras, Fluminense (hamısı Braziliya), River Pleyt (Argentina).
2-ci səbət: Çelsi (İngiltərə), Borussiya (Dortmund, Almaniya), İnter, Yuventus (hər ikisi İtaliya), Portu, Benfika (hər ikisi Portuqaliya), Atletiko (İspaniya), Zaltsburq (Avstriya).
3-cü səbət: Əl-Hilal (Səudiyyə Ərəbistanı), Ulsan (Koreya), Əl-Əhli (Misir), Vidad (Mərakeş), Monterrey, Leon (hər ikisi Meksika), Boka Xuniors (Argentina), Botafoqo (Rio de Janeyro, Braziliya).
4-cü səbət: Urava Red Daymonds (Yaponiya), Əl-Əyn (Birləşmiş Ərəb Əmirlikləri), Esperans (Tunis), Mamelodi Sandauns (Cənubi Afrika), Paçuka (Meksika), Sietl Saunders (ABŞ), Oklend Siti (Yeni Zelandiya ), İnter Mayami (ABŞ).

Bakı vaxtı ilə saat 22.00-da başlayan püşkatma nəticəsində 32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa ayrıldı. Qrupların tərkibi aşağıdakı kimi oldu:

A qrupu: Palmeyras, Portu, Əl-Əhli, İnter Mayami.
B qrupu: PSJ, Atletiko, Botafoqo RJ, Sietl Saunders.
C qrupu: Bavariya, Benfika, Boka Xuniors, Oklend Siti.
D qrupu: Flamenqo, Çelsi, Leon, Esperans.
E qrupu: River Pleyt, Monterrey, İnter, Urava Red Daymonds.
F qrupu: Fluminense, Borussiya D, Ulsan, Mamelodi Sandaunz.
G qrupu: Mançester Siti, Yuventus, Vidad, Əl-Əyn.
H qrupu: Real, Zaltsburq, Əl-Hilal, Paçuka.
Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Turnir pley-off mərhələsinin oyunları ilə davam edəcək.

İnfantinoya ünvanlanan suallar yetərincədi
Bilindiyi kimi, son aylar KDÇ-nin yeni formatının əleyhinə heç də az fikirlər səslənməyib. Səbəb FİFA-nın format dəyişikliyi ilə bağlı qərarı liqalar, klublar və futbolçularla razılaşdırmadan, birtərəfli qaydada verməsi, üstəlik turniri qışdan yaya çəkməsi ilə bağlıdı. Narazı tərəflərdən bəziləri mundialı boykot etməklə hədələyib və hətta ali futbol təşkilatını məhkəməyə verib. Turnirin anonsu verilib, püşk atılıb, təqvim müəyyənləşib, infrastruktur hazırlanıb, amma ortaya bir ciddi sual çıxıb: Avropanın bütün klubları 2025-ci ilin yayında Amerikaya yollanacaqlar?

Göründüyü kimi, mövcud vəziyyət kifayət qədər maraqlı və qəribədi. FİFA-nın prezidenti Canni İnfantinoya ünvanlanan sualların sayı-hesabı yoxdu. Ona görə ki, Avropanın top-klubları ilə ən vacib məsələlər müzakirə edilməyib. Məsələn, Avropa Superliqasının həmmüəlliflərindən olan “Real”ın prezidenti Florentino Peres yenilənən KDÇ-nin baş tutmayacağına əmindi. Bu yerdə yalnız bunu demək olar: yaşayarıq, görərik...

Məlum olan məsələ aydındı. Turnir milli komandaların mundialının səviyyəsinə maksimum dərəcədə yaxınlaşdırmaq məqsədilə genişləndirilib. İnfantino yeni formatlı KDÇ-ni elit səviyyəli peşəkar futbolun zirvəsinə qaldırmaq niyyətindədi. Əlbəttə, oyunların sayı nə qədər çox olsa, FİFA-nın qazancı da bir o qədər artacaq. Bu da var ki, yeni, daha uzun müddəti əhat edəcək turnir klub məşqçiləri üçün növbəti başağrısı sayılır. Doğrudu, indiki məqamda İnfantino üçün də problem var: indiyədək klubların yeni mundialı üçün əsas sponsor tapılmayıb. Yeri gəlmişkən, ali futbol qurumu yalnız bu günlərdə yarışın teleyayın hüququnu 1 milyard dollara DAZN şirkətinə satıb. Bu əməliyyat yeni layihənin maliyyə yönünü bir qədər müəyyənləşdirib. Lakin hələ ki, məsələn, “Pepsi” və ya “Nike” kimi dünya brendləri ilə sərfəli müqavilələr bağlanmayıb.

Mükafat fondu nə qədər olacaq?
İlkin plana görə, FİFA rəhbərliyi klubların mundialının təşkilindən sanballı sponsorların sayəsində təxminən 4 milyard dollar qazanc əldə etməyi düşünürdü. Lakin Avropa klubları ilə bağlı qeyri-müəyyənlik və turnirin mümkün boykotu kimi amillər reklam verənləri bir qədər çəkindirib. Beynəlxalq KİV-in son məlumatına görə, yeni yarışın mükafat fondu 2,5 milyard dollara bərabərdi. O da iddia edilir ki, bu məbləğin təxminən 70 faizi Avropanın 12 klubuna çatacaq. Başqa sözlə, KDÇ-nin qalan 20 iştirakçısına ümumi qazancın üçdə birindən də az vəsait ödəniləcək. Ortaya təbii sual çıxır: belə bölgü nə dərəcədə ədalətlidi və hansı səbəb(lər)dən zəruri sayılıb?

Əlbəttə, bu, hələlik rəsmən təsdiqlənməyən iddadı. FİFA-nın başbilənlərinə ünvanlanan sualların sayı-hesabı yoxdu. Amma suallardan birinin cavabı böyük ölçüdə məlumdu. İnfantino yeni format məsələsində daha çox narazılıq edən avropalıları turnirə məhz daha çox qazanc vədi ilə cəlb etmək istəyir. Bu da var ki, top-klublar onsuz da yeni mövsümə hazırlıq üçün çıxdığı turnelərdə heç də az qazanmırlar. Vəziyyətin son dərəcədə ciddi olduğunu göstərən bir faktı da nəzərinizə çatdıraq. “Real” rəhbərliyi 2025-ci ilin büdcə layihəsində KDÇ-də iştiraka və mümkün uğura görə qazanıla biləcək məbləği nəzərə almayıb. Bu, təbii ki, peşəkar idman klubu, həm də belə böyük klub üçün heç də normal sayıla bilməz. Başqa sözlə, Madriddə FİFA-nın yeni layihəsinin baş tutmayacağına əminlik hissi qalmaqdadı. Amma artıq turnirin püşkü atılıb və “Real” H qrupunda “Zaltsburq”, “Əl-Hilal” və “Paçuka” ilə oynayacaq!..

Mərasimdə Tramp da çıxış etdi
[b][/b]Püşkatma mərasimi ilə bağlı bəzi məqamlara da toxunaq. Mayamidə baş tutan tədbirdə bir çox məşhurlar vardı. Açılış nitqi ilə çıxış edən İnfantino braziliyalı sabiq futbolçu Ronaldo ilə birlikdə kuboku nümayiş etdirdi. Tədbirdə Donald Tramp da çıxış etdi. ABŞ-nin fəaliyyətə gələn ilin yanvarından başlayacaq növbəti prezidentinin videomüraciətindən sonra səhnəyə qızı İvanka ilə nəvəsi çıxdı. Püşkatmada ilk şarı səbətdən məhz onlar çıxardılar. “Yuventus”un əfsanəvi oyunçusu, karyerasının qürub çağını Amerikada keçirən Alessandro Del Pyeronun aparıcılıq etdiyi mərasimdə “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger də göründü. Fransız mütəxəssisi hətta rəqs etməyə belə razı saldılar.

phrase_var_article.chosen
27
football-plus.az

1phrase_var_article.sources