AZ

Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulması mümkünsüzdür - Kamran Bayramov

Azərbaycanın sürətlə inkişaf etməsi,ölkədə gedən ictimai-siyasi proseslər,əldə olunmuş siyasi, iqtisadi nailiyyətlər hər zaman beynəlxalq media qurumlarının diqqət və marağına səbəb olub. Prezident İlham Əliyevin dekabrın 17-də  Ümumrusiya Dövlət Televiziya və  Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq  İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı  Dmitri Kiselyova verdiyi müsahibə də dünyada və regionda çox böyük maraqla izlənilib. Sözügedən  müsahibədə Prezident İlham Əliyev hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün  təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs edib.Ölkə başçısı bu fikri xüsusi qeyd etdi ki, Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də, Şərqdə  müstəqil xarici siyasət yürüdən dövlət və tamamilə müstəqil aktor kimi qəbul edilir. Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır.  İikitərəfli münasibətlər Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğundur, regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verir. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki,  Azərbaycan müstəqil xarici siyasət yürüdür. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ölkəmizin beynəlxalq aləmdə rolunun daha da artması diqqətdən kənarda qalmır.  Dövlət başçımız regionda dayanıqlı sülhün  təmin olunmasında vacib amillərdən biri kimi sülh müqaviləsinin imzalanmasını önə çəkərək onu da vurğuladı ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə edilib.  Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqamdan birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. Burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi Azərbaycanın istəyi deyil, sadəcə obyektiv şərtdir. İkinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir.Dövlətimizn başçısı  müsahibədə bu reallığı bir daha vurğuladı ki, tarixi Zəfərimizdən bugünədək  hadisələrə diqqət yetirsək Ermənistanın  açıq-aşkar silahlandırıldığının şahidi olarıq. Hazırda Ermənistanın silahlandırılması davamlı xarakter alıb. Müsahibədə Fransanın, Hindistanın və ABŞ-ın Ermənistanı silahlandırmasını qeyd edən dövlət başçımız  işğalçı ölkəyə və onun havadarlarına bu mesajı çatdırdı ki, Ermənistanın silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla  silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin, başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də, ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. 
Fransa öz niyyətini uzun illər ərzində məhz, Minsk qrupunun fəaliyyəti çərçivəsində gizlətmişdir. Bu qrupun fəaliyyətindən Azərbaycan imtina etdikdən dərhal sonra Fransa aşkar şəkildə əsl mahiyyətini ortaya qoydu.  Qələbəmizdən sonra Fransa hökuməti beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası apararaq, bir çox beynəlxalq təşkilatlar vasitəsilə sanksiyaların qəbul edilməsinə cəhd göstərib. Lakin Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət, beynəlxalq təşkilatlarla qurulan düzgün münasibət sayəsində bütün mənfi tendensiyaların qarşısı alınıb. Artıq sübut olunub ki, Azərbaycanla güc yolu, təzyiq və şantaj vasitəsilə danışmağın perspektivi yoxdur. Dövlətimizin yürütdüyü siyasət sivil dünyanın qəbul etdiyi, beynəlxalq hüquqa və təcrübəyə əsaslanan, hamılıqla qəbul edilən prinsiplərə əsaslanır. Həm də bilirik ki, bizi “soyqırımı”, “sürgün” və “təcavüz” törətməkdə ittiham edən ölkələr uzun illərdir milyonlarla insanı qətlə yetirən, soyqırımları həyata keçirən, dövlətlərin daxili işlərinə qarışan, onları istismar edən, neokolonilizim siyasəti aparan dövlətlərdir.

K.Bayramov əlavə  edib ki, rəsmi İrəvan Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına dönüşündən danışmaması absurddur. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda Ermənistandan gələn azərbaycanlıların icması hələ də öz tarixi torpaqlarına qayıtmağı arzulayır. Bu məqsədlə, həmçinin, qayıdış prosesinin necə təşkil olunacağı ilə bağlı Ermənistan rəhbərliyinə rəsmi müraciət edilib. Lakin hələ də Ermənistan tərəfindən konkret bir cavab alınmayıb. Bu, Ermənistanın beynəlxalq hüquq və humanitar prinsiplərə olan münasibətinin bir göstəricisidir.

Azərbaycan rəhbərliyinin bu məsələdə sərgilədiyi mövqe sülhə və insan hüquqlarına sadiqliyi nümayiş etdirir. Ermənistan rəhbərliyinin susqunluğu isə sülh prosesinə xələl gətirən amillərdən biri olaraq qalır. Prezident İlham Əliyev bu vəziyyəti vurğulayaraq, azərbaycanlıların reinteqrasiyasının regionda davamlı sülhün təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib. Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz torpaqlarına qayıtması yalnız humanitar bir məsələ deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu insanlar nəinki öz evlərini, həm də mədəni irslərini, tarixi torpaqlarını itirmişlər. Onların qayıdışı, yalnız fərdi hüquqların təmin olunması deyil, eyni zamanda, Ermənistan və Azərbaycan arasındakı etimadın yenidən qurulması baxımından da əhəmiyyətlidir. Deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququnun həyata keçirilməsi üçün beynəlxalq birliyin dəstəyi də vacibdir. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Avropa Şurası və ATƏT bu məsələnin ədalətli həllinə töhfə verməlidirlər.

phrase_var_article.chosen
7
ikisahil.az

1phrase_var_article.sources