Şəki rayonunda meşə ağaclarının qanunsuz kəsilməsi ilə bağlı məsul şəxslərdən biri, Aydın Dəmirçi məsuliyyətsiz davranışlarını etiraf edərək üzr istədi.
O, törətdikləri səhvlərin fərqində olduqlarını və bu məsələnin hər kəs üçün ciddi dərs olduğunu bildirdi.
Hadisədən sonra "Monte Ferro" Aqroparkı tərəfindən ərazidə bərpa işlərinə başlanılıb. Bu, Azərbaycanda təbiətə vurulan zərərlərin cəzasız qalmayacağını bir daha sübut edir. Ölkədə kimliyindən və vəzifəsindən asılı olmayaraq, təbiətə zərər vuran hər kəs qanun qarşısında cavab verməlidir.
Şəki hadisəsi bu yanaşmanın bir nümunəsidir. Qanunsuz ağac kəsintisi ilə bağlı cinayət törətmiş şəxs artıq həbs edilib. Məhkəmə qərarı ilə həmin şəxs ərazidə törətdiyi zərəri aradan qaldırmağa və bərpa işlərinin həyata keçirilməsinə məcbur edilib. Bu addımlar həm cəmiyyətə, həm də təbiətə qarşı törədilən cinayətlərin qarşısının alınması üçün bir siqnal rolunu oynayır.
Oxşar hadisələr başqa bölgələrdə də qeydə alınıb.
Xüsusilə Qusar rayonunda meşələrə zərər vurulması ilə bağlı icra başçısının cəzalandırılması da belə cinayətlərə qarşı ölkə miqyasında ciddi tədbirlər görüldüyünü təsdiqləyir. Bu cəza tədbirləri dövlətin ekoloji balansın qorunmasına verdiyi önəmin birbaşa göstəricisidir.
Bu hadisələr bir daha sübut edir ki, təbiət Azərbaycanın milli sərvətidir və onun qorunması həm dövlətin, həm də vətəndaşların məsuliyyətidir. Təbiətə qarşı törədilən cinayətlərə qarşı mübarizə davam edəcək və hər kəs buna görə qanun qarşısında cavab verəcəkdir.
Musavat.com