Ceyhun Məmmədov: “Makron bilərəkdən bütün körpüləri yandırmaq yolunu tutdu”
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, Makronun hakimiyyətə gəlişinə qədər bizim Fransa ilə heç bir problemimiz yox idi:
“Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var”.
“Paris Azərbaycana qarşı bir sıra təxribatlara və yanlışlara yol verdi və bu gün Cənubi Qafqazda sabitliyi pozan Fransadır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Prezident Əliyevin Fransa ilə bağlı toxunduğu məqamlar tamamilə reallığı əks etdirir: “Həqiqətən də hər zaman Azərbaycan Fransa ilə əlaqələrin inkişafına xüsusi önəm verib. Biz hər zaman maraqlı olmuşuq ki, iki ölkə arasında normal qarşılıqlı münasibətlər olsun. Həmişə çalışmışıq ki, münasibətlər qorunsun. Ancaq buna baxmayaraq, zaman-zaman Fransanın qərəzli münasibəti ilə üzləşmişik. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra. Azərbaycan ərazi bütövlüyünü təmin edəndə Makronun əsl siması ortaya çıxdı. Halbuki, Azərbaycan beynəlxalq hüquqa dayanaraq öz ərazi bütövlüyünü təmin edirdi. Makron nümayişkaranə şəkildə buna qarşı çıxaraq iki ölkə arasında münasibətlərin pisləşməsi yolunu tutdu. Bu isə daha çox Fransanın ziyanına oldu. Ona görə ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycanda Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var. Heydər Əliyev Fondu Fransada bir sıra layihələr həyata keçirib. Azərbaycan xarici siyasətində hər zaman müstəqil siyasət yeridib. Bu baxımdan çalışıb ki, Fransa ilə əlaqələri qorusun. Lakin təəssüflər olsun ki, Makron bilərəkdən bütün körpüləri yandırmaq yolunu tutdu. Nəticədə Azərbaycan-Fransa münasibətləri gərginləşdi. Paris Azərbaycana qarşı bir sıra təxribatlara və yanlışlara yol verdi. O səbəbdən bu gün Cənubi Qafqazda da məhz sabitliyi pozan Fransadır. Ermənistanda bütün vasitələrlə revanşizmi körükləyən məhz Makron hakimiyyətidir. Bu gün Fransa eyni formada və açıq şəkildə bizə qarşı təxribatlarını davam etdirir. Azərbaycanın yanaşması odur ki, Fransa bu məsələdə mövqeyini dəyişməlidir və qərəzli yanaşmadan əl çəkməlidir. Biz diqqətli bir yanaşmanı ortaya qoymalıyıq. Yəni Fransa regionda gedən proseslərə müdaxilə etməməlidir, Ermənistana silah satışını dayandırmalıdır. Ona görə də Makron Prezident Əliyevin bu açıqlamalarından nəticə çıxarmalıdır”.
Vidadi ORDAHALLI