AZ

Rusiyaya uçan şəxsi təyyarə Finlandiyada saxlanılıb

Rusiyaya

Latviyadan Rusiyanın Pskov şəhəri istiqamətinə uçan, yanacaq doldurmaq üçün Finlandiyaya enən özəl "Beechcraft B55 Baron" təyyarəsi Helsinki şəhərinin hava limanında Qərbin sanksiyalarından yayınmaq şübhəsilə saxlanılıb.

Reyting.az
xəbər verir ki, Litvada qeydiyyatdan keçmiş bu təyyarə dekabrın 4-də maneəsiz, xəbərdarlıqdan sonra icazə ilə Helsinki aeroportuna enib.

Litva teleradio şirkəti bildirir ki, dekabrın 17-də o, hələ də bu ölkə ərazisində, paytaxt şəhərində dayanıb.

Yerli jurnalistlər təyyarənin saxlanıldığını təsdiqləsələr də, Finlandiya rəsmiləri vəziyyəti şərh etmək istəməyiblər.

"LRT" xəbər verir ki, şəxsi təyyarə Litvada qeydiyyatdan keçsikdən sonra satılıb və üstəlik, uçuş zamanı onun Helsinkidə yanacaq doldurması öncədən planlaşdırılmayıb. Elə buna görə də, ölkə səlahiyyətliləri bu təyyarənin uçuş marşrutundan şübhələniblər, çünki Latviyadan Pskova birbaşa uçmaq daha sürətlidir.

"Beechcraft B55 Baron" təyyarəsini Litva vətəndaşı Robertas Petkus idarə edib. O, əvvəllər də şübhəli sayılıb. Çünki Petkusun adı bir neçə dəfə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalardan yayınmaqda hallanıb, eləcə də Moskvanın lehinə qanunsuz addımlar atması barədə araşdırmalar aparılıb.

Beləliklə də, məlum olub ki, 2023-cü ilin aprelində Petkus şəxsi "Beechcraft B24R Sierra" təyyarəsini Kaunas şəhərindən Pskova göndərib və sonra Moskvada onu 138 min avroya satıb. Alqı-satqı ilə bağlı əhatəli məlumat olmasa da, satıcılar belə bir sövdələşmənin olduğunu və Qazaxıstanda bir alıcı ilə müqavilə bağlandığını iddia ediblər.

Təyyarənin satışında ilk vasitəçi isə Latviya vətəndaşı Roberts Klimoviç olub. Klimoviç deyib ki, bu şəxsitəyyarədir. Onun iddiasına görə, həmin təyyarəni Latviyada yaşayan qohumları alıb. Klimoviç təyyarənin Rusiyadan tranzitlə Qazaxıstana uçduğunu deyib. Üstəlik, o, xüsusi qeyd edib ki, pilotla Finlandiya üzərindən uçmağa üstünlük verib, çünki ölkədə bu cür uçuşlara daha az sərt nəzarət var.

Saxlanılan təyyarə ilə bağlı qalmaqal getdikcə böyüyür, çünki litvalı dövlət qulluqçusu Ritis Dulinskasın vasitəçiliyi ilə bu şəxsi təyyarənin satılması barədə iddialar ortaya çıxıb.

Qeyd edək ki, Dulinskas Litva Nəqliyyat Səlahiyyətləri Agentliyində işləyir. O, bu agentliyin Uçuşlara Nəzarət Departamentində müşavirdir, eyni zamanda "Aviacom" şirkətini idarə edir. Dulinskas jurnalistlərə bildirib ki, onun saxlanılan həmin təyyarə ilə heç bir əlaqəsi yoxdur, yalnız dostuna təyyarəni satmağa kömək etmək istəyib.

Onu da xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən az sonra Avropa İttifaqı səmasını rus təyyarələrinin üzünə bağlayıb. Təyyarələrin satışına, ehtiyat hissələrinin tədarükünə, eləcə də texniki xidmətə, hətta yerdə də, səmada da müxtəlif dəstəyə, həmçinin sığortaya qadağa qoyulub. Bundan sonra isə Avropa İttifaqının tələblərinə əsasən lizinq şirkətlərinə göstəriş verilib. Daha sonra Rusiya aviadaşıyıcılarından icarəyə götürülmüş təyyarələrin hamısının geri qaytarılması təmin olunub.

Oqtay QORÇU
Seçilən
42
reyting.az

1Mənbələr