AZ

Dünya alimləri AzMİU-da Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzusunu müzakirə edirlər



Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin Qazi Universiteti ilə birgə "Memarlıq və İnşaatda Enerji və Ətraf Mühit Texnologiyaları” üzrə beynəlxalq konfrans (ICETEA 2024) öz işinə başlayıb. AzMİU və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans 3 gün davam edəcək.

Newscenter.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 84 elmi məqalənin təqdim edildiyi və 6 plenar çıxışın olduğu konfransda ətraf mühitin sağlamlaşdırılması, bərpa olunan enerji mənbələrinin istifadəsi və Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzuları müzakirə olunacaq.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova iştirakçılara müraciət edərək ekoloji tarazlığın qorunması və davamlı inkişafın vacibliyi məsələlərini vurğuladı. O, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının dünya miqyasında təqdir edildiyini və bu cür tədbirlərin elmi mühitin inkişafına töhfə verdiyini qeyd etdi.

Konfransda dünya şöhrətli alimlərimiz - nüfuzlu Humboldt mükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev və nanotexnologiya üzrə Avropa və Türkiyə elmi arenalarında böyük nüfuza malik professor Əmirulla Məmmədov araşdırmalarını təqdim edərək tədbirin elmi mühitə olan töhfəsini daha da artırdılar. Professor Məsud Əfəndiyev dinamik sistemlər üzrə araşdırmalarını, professor Əmirulla Məmmədov isə optika, fotonika və nanofotonika sahələrindəki ən son nailiyyətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın digər çıxışçıları da müxtəlif sahələrdə qabaqcıl tədqiqatları ilə auditoriyanı məlumatlandırıblar. İspaniyadan olan Javier Bilbao “Elektrik enerjisi tələbinin öyrənilməsində maşın öyrənmə metodlarından istifadə” mövzusunda təqdimat edərək enerji səmərəliliyini artırmaq üçün texnoloji yanaşmaları müzakirə etdi. Türkiyənin Qazi Universitetindən olan professor Oğuzhan Yılmaz “3D çap və sensor əsaslı nəzarət və avtomatlaşdırma” üzrə məruzəsində bu sahədəki inkişafları və tətbiqləri izah etdi. Eyni zamanda, Türkiyədən başqa bir təmsilçi professor Müslüm Cengiz Taplamacioglu “Yenilənə bilən enerji sahəsində yeni nəsil texnologiyalar” mövzusunda çıxış etdi, bu texnologiyaların ətraf mühitə təsirini və perspektivlərini diqqətə çatdırdı.

AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov isə “Binalarda enerji səmərəliliyi və ətraf mühit” mövzusunda çıxış edərək, yerli tikinti sektorunda yaşıl texnologiyaların tətbiqi və enerji effektivliyinin artırılması istiqamətindəki yeniliklərdən danışdı.

Çıxışlardan sonra iştirakçılar qarşılıqlı maraq doğuran sahələrdə birgə tədqiqatlar və innovativ layihələr üzrə əməkdaşlıq etmək niyyətlərini ifadə etdilər.

Bununla ICETEA 2024 Azərbaycan üçün ekoloji və enerji texnologiyaları sahəsində beynəlxalq miqyasda müsbət nüfuz qazanmaq və qlobal iqlim dəyişiklikləri ilə mübarizədə atdığı addımları bir daha təbliğ etmək baxımından əhəmiyyətli bir platforma oldu.

Bu cür tədbirlər Azərbaycanın elmi və ekoloji siyasətinin inkişafına və beynəlxalq əməkdaşlıq mühitinin genişlənməsinə töhfə verir. Konfrans, eyni zamanda ölkəmizin yaşıl keçid siyasətinin və ekoloji cəhətdən davamlı layihələrin gələcək inkişafını təmin etmək üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Süleyman
phrase_var_article.chosen
19
2
newscenter.az

3phrase_var_article.sources