AZ

“Memarlıq və incəsənətdə yaşıl dünya” - beynəlxalq elmi konfrans

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da AMEA-nın əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Memarlıq və incəsənətdə yaşıl dünya” adlı beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb. O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bir çox qlobal əhəmiyyətli məsələlərin ətraflı müzakirə edildiyini diqqətə çatdırıb. Ə.Salamzadə hələ qədimdən mədəniyyətlə təbiət arasında ziddiyətin baş verməsindən, bu anlayışların sənətdə, bədii obrazlarda müxtəlif təzahür formalarından varlığından bəhs edib. Həmçinin ekoloji baxımdan memarlıq və şəhərsalma sahəsində də problemlərin mövcud olduğunu söyləyib.

Qeyd edilib ki, XX əsrdə texniki inkişafla bərabər dünya əhalisinin artması, sənayeləşmənin təbiət üzərindəki təsiri ilə təhlükəli problemlər ortaya çıxdı. Bu da biosferə mənfi təsirini göstərdi. Həmçinin insanın ətraf mühitə laqeyd qalması təbiətin zərər çəkməsi ilə nəticələndi.

Ə.Salamzadə cəmiyyətin hərtərəfli inkişaf etməsində incəsənətin, eləcə də memarlığın əhəmiyyətli rolundan da danışıb: “Memarlıq maddi mədəniyyət nümunəsi olmaqla yanaşı, həm də incəsənət növü kimi mənəvi mədəniyyətə aiddir. Memarlıq elə sənət növüdür ki, o, incəsənət və elm arasında körpü rolunu oynayır. Müxtəlif sahələri əhatə edən incəsənət isə rəngarəngdir. Lakin incəsənətin hər bir sahəsində yaşıl rəng aparıcı rola malikdir”.

O, “Şəbəkə sənətində təbii dövriyyələr və təbiətin rəmzləri” mövzusunda da fikirlərini iştirakçılarla bölüşüb. Qeyd edilib ki, şəbəkə sənəti qeyri-maddi mədəni irs nümunəsi kimi Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətdə XI-XII əsrlərdən isə Azərbaycan memarlığında tətbiq edilir.

İnstitutun elmi katibi vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Təsviri sənətdə insan və xurma ağacının simvolik bağlılığı” mövzusunda çıxış edib. Bildirib ki, qədim zamanlardan xurma ağacı həyatın, yeni doğuluşun, dözümlülüyün simvolu kimi qəbul edilib. Mesopotamiya, Misir və ərəb mədəniyyətlərində xurmanın dini və iqtisadi baxımdan vacib rolu yalnız həyat üçün deyil, həm də mədəniyyətlərarası dəyərlər üçün əhəmiyyət kəsb edir.

Daha sonra Rusiyadan gələn nümayəndələr - sənətşünaslıq üzrə fəlsəfə doktorları Lyudmila Şklyayeva və Mars Axmadullin, Memarlıq və İncəsənət İnstitutunun dissertantı Sayko Svyatoslav mövzu ətrafında məruzə ediblər.

Memarlıq və İncəsənət İnstitutundan dosent Xəzər Zeynalov, professor İradə Köçərli, dosentlər Rahibə Əliyeva, Namiq Abbasov və Samirə Abdullayeva mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.

 

phrase_var_article.chosen
24
1
azertag.az

2phrase_var_article.sources