AZ

“Ölkədə təhsil islahatlarının elmi təminatı yoxdur...”- Ekspert

“Prezident də dəfələrlə deyib ki, biz ictimaiyyətdən, mütəxəssislərdən, ekspertlərdən təkliflər gözləyirik və əgər bizə belə real təkliflər verirlərsə, öz proqramlarımızda korreksiyalar etməyə hazırıq...”
 
“Ölkədə ümumi təhsil strategiyasının olmaması, təbii ki, təhsil islahatlarında da bir sistemsizlik yaradıb. Çünki istənilən islahat, o cümlədən təhsil islahatı elmi araşdırmalara, dərin təhlilə və elmi proqnozlaşdırılmalara əsaslanmalıdır. Və bu proses daim korreksiya olunmalıdır. Ölkə Prezidenti də dəfələrlə deyib ki, biz ictimaiyyətdən, mütəxəssislərdən, ekspertlərdən təkliflər gözləyirik və əgər bizə belə real təkliflər verirlərsə, öz proqramlarımızda korreksiyalar etməyə hazırıq. Bu mənada təkiflər irəli sürülməli, tədqiqatlar aparılmalı və strategiyalar da daim həm yerli tələblərə, həm də dünyanın inkişafıyla bağlı korreksiya olunmalıdır. Bütün bunlar edilmədiyindən islahatlar da səmərəsiz və nəticəsiz olub”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında təhsil islahatlarının sistemsizliyi və onların təhsil elmləri ilə əlaqəsizliyi barədə danışan tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov  ifadə edib.
 
“Boloniya prosesində biz heç nəyə nail ola bilmədik. Orta məktəblərin beynəlxalq qiymətləndirmə sistemi olan “PİSA”-nın 2022-ci ildə keçirdiyi qiymətləndirmədə bizim orta məktəblərimizin nəticəsi çox aşağı oldu. Ümumən bizim orta təhsildə daha çox problemlərimiz var... Birincisi, kontentlə bağlı ciddi problem var. Yeni kurrikuluma hazırlıqsız keçirildi, müəllimlər kifayət qədər təlimlər almadılar. Müəllimlər uzun müddət kurrikulumu qəbul etmək istəmirdi, hətta çoxları ondan imtina edirdi, köhnə proqram və dərsliklərlə işləyirdilər. Xüsusən də repetitorlar... Yəni bu gün də təhsilimizdə olan problemlərin real diaqnostikası yoxdur. Yəni “bu problemlər nədən ibarətdir, nədən qaynaqlanır, onların həlli üçün hansı təkliflər, ideyalar ola bilər” kimi suallar dürüst cavablandırılmalıdır”, - davamında bunları bildirən ekpsert Elm və Təhsil Nazirliyinin(ETN) ictimaiyyətdən, mütəxəssislərdən gələn təklifləri qəbul etmədiyini də diqqətə çatdırıb. 
 
“Mən Elm və Təhsil Nazirliyində milli monitorinqlərdə belə təkliflər görmürəm. Kənardan təkliflər verilir, amma çox təəssüf ki, Nazirlik belə təkliflərin heç birini nəzərə almır... 
Həmçinin, təhsil islahatlarının elmi təminatı yoxdur. Ümumiyyətlə, Azərbaycanda elm və təhsil kifayət qədər maliyyələşdirilməyib, baxmayaraq ki, təhsil büdcəsi son illər 5 dəfə artıb. Xüsusən də təhsil elmləri çox az maliyyələşir. Gələn il üçün dövlət büdcəsindən təhsil üçün 5 milyard manat vəsait ayrılıb. Onun təxminən 5-6 milyon manatı təhsildə tətbiqi tədqiqatlar üçün nəzərdə tutulub. Yəni, ETN-nin büdcəsinin yalnız mində biri təhsil tədqiqatlarına ayrılacaq. Amma həmin tədqiqatlar kifayət qədər maliyyələşməsə, dərinliyə qədər işlənilməsə, yerdə qalan milyardların təhsil sahəsinə xərclənməsinin heç bir səmərəsi olmayacaq. Yəni biz elmi təminata, elmin roluna yetərincə əhəmiyyət vermirik”, -deyə İlham Əhmədov vurğulayıb.
 
Sultan Laçın
 
phrase_var_article.chosen
28
moderator.az

1phrase_var_article.sources