İtaliyanın “Leççe” klubunun oyunçularının Milad bayramını qeyd etdiyi tədbir qalmaqallı, biabırçı hadisə ilə yadda qalıb.
Arena.az bu barədə jurnalist Canluka Di Martsioya istinadən məlumat verir.
“Leççe”də “Klermon”dan icarə əsasında çıxış edən 24 yaşlı fransalı sağ cinah müdafiəçisi Andi Pelmar Milad şənliyində həddindən artıq spirtli içki qəbul edərək, necə deyərlər, tuluğunu o ki var, doldurub. Bundan sonra Pelmar sərxoş halda sükan arxasına əyləşərək, yüksək sürətlə avtomobil sürmək qərarına gəlib. Lül-qənbər futbolçu kluba bitişik küçələrdə bu istəyini də həyata keçirib. Polis təhlükəli sürücünü görüb və onu saxlamağa çalışıb. Pelmar asayiş keşikçilərinin tələblərini yerinə yetirmək əvəzinə qanunsuz hərəkətini davam etdirib.
Polis xeyli müddət Pelmarın arxasınca gedərək, sonda sərxoş futbolçunun avtomobilini saxlayaraq, onu həbs edib. Pelmar dərhal sürücülük vəsiqəsindən məhrum edilib, cərimələnib, bir qədər özünə gəldikdən sonra isə sərbəst buraxılıb.
Öz növbəsində “Leççe” klubun rəsmi saytı vasitəsilə bəyanat yayaraq bildirib ki, klub müdafiəçi Andi Pelmarı əsas komandadan uzaqlaşdırıb.
İtaliya klubu öz bəyanatında Pelmarın davranışını kəskin şəkildə pisləyib, çünki bu, klubun daxili qaydalarına uyğun gəlmir. Klub vurğulayıb ki, Pelmarla bağlı əlavə tədbirlər görmək hüququnu özündə saxlayır. “Leççe” tədbirlərini daha sonra elan edəcəyinə söz verib.
Aydındır ki, məsələ bununla da bitməyib. Belə ki, Andi Pelmarın qanunsuzluqları hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınıb və iş müvafiq qaydada davam etdiriləcək.