Rəşad Bayramov: “Türkiyənin ölkəmizdə hər hansı baza qurmasına zərurət yoxdur”
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualını cavablandırıb.
Dövlət başçısı buna ehtiyac olmadığını deyib: “Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, - deyə Azərbaycan lideri vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir: “Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bugünə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar”.
Birincisi, bu niyə doğru mövqedir və necə əsaslandırıldı? İkincisi, bu həm də Rusiyanın məşhur bir jurnalisti vasitəsilə rus auditoriyasına mesaj deyilmi ki, Azərbaycanda eyni vaxtda heç bir dövlətin hərbi bazası olmayacaq, o cümlədən, Rusiyanın? O baxımdan bu, həm də belə bir mesaj kimi qəbul oluna bilərmi?
“Bu, Rusiyaya verilmiş mesajdır ki, ərazimizdə hər hansı ölkənin hərbi bazasının olmasından söhbət gedə bilməz”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Türkiyənin Azərbaycan Ordusunun möhkəmləndirilməsində, hərbçilərimizin təkmilləşdirilməsində, NATO standartlarına keçiddə kifayət qədər rolu olub. Bütün bunların nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından biridir. Eləcə də dünyanın ən yaxşı formalaşmış ordularından biri hesab olunur. Uzun illər ərzində məhz Türkiyənin hərbi məktəblərində təhsil almış şəxslər artıq ordu sıralarında olduqca yüksək rütbələr daşıyan komandir heyəti olaraq fəaliyyət göstərirlər. Başqa sözlə desək, Türkiyənin Azərbaycan Ordusunun bu şəkildə güclənməsində rolu əvəzsiz olub. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. İki ölkə arasında həm də Şuşa Bəyannaməsi var. Onsuz da Azərbaycanın hər hansı təhlükə anında müraciət edəcəyi ölkə Türkiyədir. Türkiyə də daha tez gərəkən yardımı göstərəcək. Bu baxımdan Türkiyənin ölkəmizdə hər hansı baza qurmasına zərurət yoxdur. Adətən hərbi bazalar ölkələr arasında məsafə uzaq olanda qurulur. Nəzərə alsaq ki, biz qonşu dövlətlərik, o zaman buna nə ehtiyac var? Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Azərbaycanın Hərbi Doktirinasında da ölkə ərazisində bu və ya digər ölkənin hərbi bazasının yerləşdirilməsinə imkan verməyən müddəalar var. Yəni belə olarsa, o zaman Hərbi Doktrina dəyişdirilməlidir. Prezidentin bu məsələ ilə bağlı açıqlamasında xüsusi diqqət çəkən məqam həm də deyilənlərlə bağlıdır. Yəni bir vaxtlar, Rusiyanın cəhdlərinə baxmayaraq, bu ölkənin hərbi bazalarının yerləşdirilməsinə imkan verilmədi. Azərbaycan 1993-cü ildə Rusiya ordusunu ölkəmizdən çıxardı. 2012-ci ildə isə Qəbələ RLS-in fəaliyyətinə son verildi. Ən sonda Rusiya sülhməramlıları vaxtından əvvəl ölkəmizi tərk etdi. O üzdən, bu, Rusiyaya verilmiş mesajdır ki, ərazimizdə hər hansı ölkənin hərbi bazasının olmasından söhbət gedə bilməz. Bu, həm də Rusiyaya aiddir”.
Vidadi ORDAHALLI